Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2678/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “səsgücləndirici cihazların demontaj edilməsi və s.” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış səsgücləndirici cihazların demontaj edilməsini, gələcəkdə səsgücləndiricidən istifadə edilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq səs-küyün yaşayış obyektlərinə nüfuz etməməsi üçün tavanın izolyasiya olunması, aidiyyəti şəxslər barəsində qanunvericiliyin tələblərinə riayət olunmadığına görə lazımi tədbirlər görülməsi və cavabdehlərdən 100.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı Ağ şəhər” layihəsi, ilk növbədə, cənab X2 təşəbbüsü ilə həyata keçirilib. Belə ki, cənab X2 “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər plan”nın təsdiq edilməsi haqqında müvafiq Fərmanının icrası çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiqlənən bundan sonra “Bakı Ağ şəhər” adlanacaq “Qara şəhər”in bərpa və inkişafı haqqında qərara əsasən ərazidə genişmiqyaslı tikinti-quraşdırma və bərpa işlərinə başlanıb. Park Place “Premium” yaşayış kompleksi də layihə çərçivəsində Ağ şəhərin tam mərkəzində inşa edilib. Yaşayış kompleksinin birinci mərtəbəsi müxtəlif təyinatlı iaşə obyektləri olaraq fəaliyyət göstərir, digər mərtəbələr isə yaşayış üçün nəzərdə tutulmuşdur. Hazırda Xətai rayonunda yerləşən “Ağ Şəhər” - “Park Place” yaşayış kompleksində, İlqar Mirzəyev küçəsindəki 6 saylı binanın 2-ci mərtəbəsində, 41 nömrəli mənzildə yaşayıram. İctimai iaşə sahəsində fəaliyyət göstərən “Urban Cafe” həmin binanın 1-ci mərtəbəsində Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsində təmirin həyata keçirilməsi zamanı tavanın və divarların qalınlığı, səskeçirmə xüsusiyyətləri nəzərə alınmamışdır. Belə ki, səsküyün digər yaşayış və qeyri-yaşayış obyektlərinə nüfuz etməməsi üçün lazımi izolyasiya edici avadanlıqlar quraşdırılmamışdır. “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış müxtəlif səsgücləndirici cihazlar qanunvericiliklə müəyyən edilmiş normaların pozulması ilə istifadə edilmişdir. Tərəflərindən edilmiş müraciətlər əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mənzilə baxış keçirilmiş, səs-küy və titrəmə sürətinin səviyyəsi ölçülmüşdür. Belə ki, mənzildə səs-küyün və titrəmə sürətinin səviyyəsinin laborator tədqiqat üsulları ilə xx.xx.2023-cü il tarixdə aparılmış müayinə nəticələrinə əsasən, yataq otağında səsin səviyyəsi 41.0 DB (norma 40DB), qonaq otağında 42.0 DB (norma 40DB). uşaq otağında 41.5 DB (norma 40DB), titrəmə sürətinin səviyyələri yataq otağında Akorr=120DB (norma Akorr=77DB), qonaq otağında Akorr=120DB (norma Akorr=77D8), uşaq otağında Akorr=122DB (norma Akorr=77DB) müəyyən edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin olunması barədə 13 fevral 2009-cu il 52 nömrəli Fərmanına əsasən, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının, Cədvəl 1- in 10-16-ci bəndlərinə uyğun olaraq, həmin ünvanda yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən "Urban Cafe”də avadanlıqların işlənməsi zamanı yaranan nüfuzedici səs-küyün və titrəmə sürətinin yol verilən səviyyədən yüksəkdir. Tikinti normalarına, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarına riayət edilməməsi, qanunvericiliyin və bina sakinlərinin hüquqlarının pozulması ilə nəticələnir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, kafedə musiqi (mahnılar) “Spotify” adlı proqramdan birbaşa səslənir və onlar musiqinin səsinə nəzarət edə bilmirlər. İddiaçının mənzilində titrəşim ola bilər. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, iddiaçı müvafiq tədbirlərin görülməsi, mənzilində və “Urban Cafe” daxilində yoxlamanın aparılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və xx.xx.2023-cü il tarixli 280 nömrəli səs və titrəmənin müayinə protokolundan görünür ki, iddiaçının yataq otağında səsin səviyyəsi 41.0 DB (norma 40 DB), qonaq otağında 42.0 DB (norma 40 DB), uşaq otağında 41.5 DB(norma 40 DB), titrəmə sürətinin səviyyələri yataq otağında Akorr=120 DB (norma Akorr =77DB), qonaq otağında Akorr =120 DB (norma Akorr=77DB), uşaq otağında Akorr=122DB (norma Akorr=77DB) müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 100 manat məbləğində dövlət rüsumu ödəmiş, 0.40 manat məbləğində xidmət haqqı tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı səsgücləndirici cihazların demontaj edilməsi, tavanın izolyasiya olunması və digər tədbirlərin görülməsini tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, pretenziya məktubu cavabdehlər tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2678/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2cimərtəbəsi 41 nömrəli mənzildə iddiaçı X1 məxsus mənzilin yataq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən səs-küyün 1 yataq otağında, vibrasiyanın səviyyələri hər iki otaqda tələb olunan normadan artıqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/1329 saylı ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-cimərtəbəsi 41 nömrəli mənzilə keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda yataq otaqlarınından birində səs-küyün səviyyəsi tələb olunan normadan artıqdır, digərində isə səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Səs-küyün səviyyəsinin tələb olunan normalardan artıq olduğu hallarda səs gücləndiricilərdən əks olunan səsin ümumi səviyyəsinin azaldılması və ya tikilinin ümumi izolyasiyasının gücləndirilməsi kimi tədbirlər görülə bilər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, alıcı İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra Cavabdeh2 MMC-nin Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr meydanı tikinti sahəsi FS-003 inşa edilən binada yerləşən Cənub korpusu, blok 4, 2-ci mərtəbə ünvanında yerləşən 41 saylı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən xərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Ekoloji təhlükəsizlik haqqında” AR Qanunun 1.7-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən ekoloji təhlükəsizlik sahəsində hüquq normalarının pozulması nəticəsində insanların həyat və sağlamlığına zərər vurulması və ya təhlükə törədilməsi insan hüquqlarının pozulması sayılır. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 1.3-cü maddəsinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İş üzrə verilmiş ekspert rəyindən (həmçinin mütəxəssis rəyindən) görünür ki, iddiaçıya müqavilə əsasında məxsus Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-ci mərtəbəsi 41 nömrəli mənzilə keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda yataq otaqlarınından birində səs-küyün səviyyəsi tələb olunan normadan artıqdır, digərində isə səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Belə ki, yataq otaqlarında səs-küyün səviyyəsi 41.7 dBA və 37.9 dBA qeydə alınmışdır. Halbuki səs-küy səviyyəsinin norması 40 dBA-dır. İş üzrə verilmiş mütəxəssis rəyindən isə görünür ki, vibrasiyanın səviyyələri Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-ci mərtəbəsi 41 nömrəli mənzilin hər iki otağında tələb olunan normadan artıqdır. Belə ki, otaqlarda titrəmə səviyyələri Akorr=118, Akorr=120 dBA qeydə alınmışdır. Halbuki titrəmə səviyyəsinin norması 77dBA-dır. Həmçinin ekspert rəyindən görünür ki, səs-küyün səviyyəsinin tələb olunan normalardan artıq olduğu hallarda səs gücləndiricilərdən əks olunan səsin ümumi səviyyəsinin azaldılması və ya tikilinin ümumi izolyasiyasının gücləndirilməsi kimi tədbirlər görülə bilər. İddiaçının mənzilində səs-küyün və titrəyişin çox olmasında cavabdehin təqsirinin olub-olmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünün fəaliyyət göstərdiyi iaşə obyektində zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfi deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi). Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilində səs-küyün və titrəyişin normadan artıq olması Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban cafe”nin həmin yerdə fəaliyyəti ilə bağlıdır. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə zərərin dəyməsində “Urban cafe”nin təqsirli olması qənaətinə gəlir. Göründüyü kimi iddiaçının mənzilində səs-küyü və titrəyişin çox olması, məhz mənzilin aşağısında yerləşən kafenin fəaliyyəti ilə bağlı olmuşdur. Buna görə iddia Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməli, digər cavabdehə münasibətdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “aidiyyəti şəxslər barəsində qanunvericiliyin tələblərinə riayət olunmadığına görə lazımı tədbirlər görülməsi” hissəsində hesab edir ki, əsassızdır. Belə ki, iddia icraatı qaydasında həyata keçirilən mülki məhkəmə icraatı yalnız iddiaçının nə isə tələb etməsi əsasında deyil, həm də digər şəxsdən (cavabdehdən) nə isə tələb etməsi əsasında başlanır. Bu zaman iddia tələbinin yönəldiyi şəxsin mövcudluğu və həmin şəxsin ona qarşı yönəlmiş tələb barədə lazımi qaydada məlumatlandırılması həmin prosesin zəruri elementini və həyata keçirilməsinin ayrılmaz prinsipini təşkil edir. İddia tələbində aidiyyəti şəxs dedikdə məhz kimdən söhbət getdiyi bəlli olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət gpstərən “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış səsgücləndirici cihazların demontaj edilməsi, səsgücləndiricidən istifadə edilməsi zamanı səs-küyün yaşayış obyektlərinə nüfuz etməməsi üçün tavanın izolyasiya olunması öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tikinit-texniki ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150 manat məbləğində pul vəsaiti də Cavabdeh1 MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış səsgücləndirici cihazların demontaj edilməsi, səsgücləndiricidən istifadə edilməsi zamanı səs-küyün yaşayış obyektlərinə nüfuz etməməsi üçün tavanın izolyasiya olunması öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilsin. 150 (yüz əlli) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 MMCdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2678/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2678/2024
22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver