Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2697/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 18 saylı evin 6 saylı mənzili (bundan sonra - Mənzil) əvvəllər X1 mülkiyyətində olmuş və onun mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə X2 arasında Mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, iddiaçının Mənzilə dair mülkiyyət hüququ isə xx.xx.2023-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdehlər Mənzilin mülkiyyətçisi Sultan Duniyev ailə üzvləri – Cavabdeh3 atası, Cavabdeh1 və Cavabdeh2 isə qardaşlarıdır. Cavadehlər iddiaçıya məxsus Mənzildə hazırda yaşamasalar da, pasport qeydiyyatındadırlar.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehlərinin Mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili alqı-satqı müqaviləsinə əsasən almış və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər Mənzildə yaşamasalar da qeydiyyatdan çıxmamışlar. Bu hal onun mülkiyyət hüquqlarını pozur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
7. .
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
9. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
10. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
11. Maddə 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
12. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
13. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
14. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
15. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə Sultan Duniyev arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında Mənzil iddiaçının mülkiyyətinə keçmiş və Mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Cavabdehlər keçmiş mülkiyyətçinin yaxın qohumları – atası və qardaşlarıdır. Evə dair əvvəlki mülkiyyətçinin, Sultan Duniyevin mülkiyyət hüququ isə xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ona görə də, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsi ilə müəyyən edilmiş hüquqi qaydalar tətbiq olunmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
24. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdeh3 Mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü (atası) olduğundan məhkəmə hesab edir ki, onun Mənzildən istifadə hüququ yaranmışdır. Lakin o, Mənzil satıldıqdan sonra əvvəlki mülkiyyətçi ilə birlikdə daimi olaraq köçüb başqa yaşayış yerinə getməklə, Mənzildən istifadə hüquqları ilə bağlılıqlarını daimi olaraq kəsmişdir. Ona görə də, iddia tələbi Cavabdeh3 təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçinin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvü deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.
26. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).
27. Məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə - Cavabdeh1 və Cavabdeh2 münasubətdə təmin edilə bilməz.
28. Belə ki, Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində mülkiyyətçi ilə bərabər digər şəxslərin yaşayış binasının tərkib hissələrindən istifadə hüquqlarının yarnmasının əsasları müəyyən edilmişdir.
29. Həm Mülki Məcəllənin adı çəkilən müddəlarının mənası, həm də Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi praktika baxımından mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə edən şəxsləri 2 kateqoriyaya ayırmaq olar: birincisi, mülkiyyətçinin ailə üzvləri. Bunlara Mülki Məcəllənin 228.5-ci maddəsndə göstərilən şəxslər, yəni mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları aiddir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə həmin şəxslərin istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə ayrıca müqavilənin bağlanmasına zərurət yoxdur, bu halda istifadə hüququnun yaranması etibarlı ailə münasibətlərinə əsaslanır; ikincisi, digər şəxlər. Bu kateqoriya şəxslərin istifadə hüquqlarının yaranması əsasları isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuşdur. Bu halda isə digər şəxslərin istifadə hüquqlarının yaranması üçün onlar mülkiyyətçi ilə müvafiq müqavilə bağlamalı, həmin müqavilə notarial qaydada təsdiq edildikdən sonra istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır.
30. Hazırkı mübahisəyə gəldikdə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 Mənzilin əvvəlki mülkiyyətçisi Sultan Duniyevin MM-nin 228.5-ci maddəsinin mənası baxımından istifadə hüququ yaranmalı olan digər şəxslər kateqoriyasına aiddirlər. Bu halda bu cavabdehlərin istifadə hüquqlarının yaranması üçün ikinci qaydanın, yəni ayrıca istifadə hüququ ilə bağlı notarial qaydada təsdiq edilməklə müqavilənin balanması və istifadə hüququnun dövlət reyestirndə qeydiyyata alınması gərəkdir.
31. Lakin iş materiallarında Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının yaranmasına əsas ola biləcək nə sözügedən müqavilənin, nə də onların istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sübutlar mövcud deyil. Ona görə də bu sonuncu cavabdehlərin Məzilə dair istifadə hüquqlarının yaranması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid hissədə təmin edilə bilməz.
32. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 18 saylı evin 6 saylı mənzilinə dair istifadə hüquqları itirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1nın və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 18 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı