Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2701/2020 04.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.000 ABŞ dolları pulun dolların manata nisbətində hazırkı kursuna (təxminən bir dolların 1.70) uyğun olaraq 103.000 manat pulun, kənd təsərrüfatı məhsullarına görə 8.000 manat pulun, taksi, marşrut, nəqliyyat, telefon rabitə vasitələrindən istifadəyə görə 2.000 manat pulun, əldən çıxmış fayda kimi 50.000 manat pulun, 10.000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, cəmi 173.030 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2014-cü ilin mart-aprel aylarında tanış olduğu Cavabdeh iddiaçını X5 hüquqşünas vəzifəsinə işə düzəltmək üçün ondan 60.000 ABŞ dolları pul vəsaiti almış, lakin nə işə düzəltmiş, nə də pulunu geri qaytarmışdır. O, iddiaçıya bir il müddətinə gözləməli olduğunu bildirmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçını aldatmış, ona səbirli olmasını bildirmişdir. Cavabdeh həmçinin iddiaçıya onun işini Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin həll edəcəyini, özünün də onunla bir yerdə işlədiyini bildirmişdir. İddiaçı cavabdehə 30.000 ABŞ dollarını mart ayında, qalan 30.000 dolları isə aprel ayında vermişdir. Cavabdeh pulları ondan alarkən onun işinin hazır olduğunu, səbirli olmasını bildirmişdir. Bundan başqa cavabdeh iddiaçıdan onu Şabran və Siyəzən rayonlarına hüzr yerlərinə aparmasını xahiş etmiş, iddiaçı da hər dəfə onu öz avtomaşını ilə aparmışdır. Cavabdeh dəfələrlə iddiaçıya Ramiz Mehdiyevə quzu kəsdirməsini, ona təbii süd məhsulları gətirməsini bildirmiş, iddiaçı da yerinə yetirmişdir və hər dəfə onun 350-400 manat xərci çıxmışdır. Hazırda cavabdeh yaşadığı mənzili satmış, başqa yerdə yeni mənzil almışdır. İddiaçı onun oğlu ilə telefon əlaqəsi saxladıqda oğlu ona anası ilə danışacağını bildirmişdir. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək külli miqdarda pullarını mənimsəyərək onu aldatmış və cinayət əməli törətmişdir. İddiaçı faktla bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət etmiş, cinayət işinin başlanması üçün rayon X2 şöbəsinə göndərilmişdir. Təhqiqat zamanı bölmənin əməkdaşları operativ olaraq cavabdehin yeni mənzilini tapmış, ondan izahat alaraq cinayətini etiraf etmişdir. Lakin bu günə kimi cinayət işi başlanılmamış, heç bir tədbir görülməmiş, iddiaçını aldadan şəxsdən aldığı pulları alıb ona qaytarmamışlar. Cavabdeh məkrli niyyətini həyata keçirərək iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 öz izahatında bildirdi ki, o, 1999-2013-cü illərdə Pirşağıda Həyat restoranını işlətmişdir. 2007-2008-ci illərdə Afilə xanımı tanımışdır. 2014cü ildə restoranda olarkən Afilə xanım Məzahirə fondda işlədiyini, onu ya Prezident Aparatında, ya da X4 işə düzəldəcəyini bildirmişdir. Afilə xanım İçərişəhər metrostansiyasının yanında Məzahirdən 30.000 ABŞ dolları alarkən o da Afilə xanımın yanında olmuşdur. Daha sonra onlar Xətai rayon 36-cı Polis idarəsinin 36-cı Polis Bölməsinin yanında Məzahirlə görüşmüşlər, həmin gün də Məzahir Afilə xanıma 30.000 ABŞ dolları pul vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə iddia tələbinin “cavabdehdən 60.000 ABŞ dolları pulun dolların manata nisbətində hazırkı kursuna (təxminən bir dolların 1.70) uyğun olaraq 103.000 manat pulun ona ödənilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə 60.000 ABŞ dolları məbləğində pul vəsaiti verdiyini sübuta yetirə bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İş materiallarında olan cinayət işinin materiallarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş, Cavabdeh xx xxxx 2018-ci il tarixdə izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai rayon X2 şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, 2014-cü ilin mart ayında o, Elmlər Akademiyasının yaxınlığında İddiaçı ilə görüşmüş, orda Məzahir ona 3.000 manat pul vermiş, o da həmin pulu Əli adlı şəxsə vermişdir. Daha sonra yenidən görüşmüşlər və İddiaçı ona yenidən 3.000 manat pul vermişdir. O, həmin pulu da Əli adlı şəxsə vermişdir. O, İddiaçı 60.000 ABŞ dolları deyil, 6.000 manat pul almışdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində iddiaçıdan 6.000 manat pul vəsaitini aldığını özü etiraf etmişdir. Belə ki, məhkəmə iclasında iş materiallarında əlavə olunmuş cinayət işinin materiallarına əsasən müəyyən edildi ki, cavabdeh tərəfindən İddiaçı 6.000 manat miqdarında ziyan vurulmuşdur. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 6.000 manat maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin kənd təsərrüfatı məhsullarına görə 8.000 manat pulun onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatlarda cavabdehin tapşırığı ilə hər dəfə kənd təsərrüfatı məhsulları aldığını və bunun üçün xeyli miqdarda pul xərclədiyini bildirsə də, iddiaçı istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Onun istinad etdiyi hallar məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin taksi, marşrut, nəqliyyat, telefon rabitə vasitələrindən istifadəyə görə 2.000 manat pulun iddiaçıdan alınıb ona ödənilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı öz ifadələrində öz şəxsi nəqliyyat vasitəsi ilə cavabdehi bir neçə dəfə müxtəlif rayonlara apardığını bildirmişdir. Lakin o, həmin halları sübuta yetirə biləcək hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmiş, onun əsaslandığı bu hallar məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda kimi 50.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə qiymət verərək belə hesab edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 09 iyul tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarına əsasən borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etmiş, lakin qanunvericiliyin tələblərindən irəli gələn halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona aid vəsaitdən faydalanaraq hər hansı gəlir, artım, bəhər və s. əldə etməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ciil tarixli Qərarınaəsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçıtərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2701/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2701/2020
04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver