Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2704/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrədin qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun ləğv edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 66 saylı evin 45 saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 15 dekabr 2004-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan iki övladları-xx.xx.2005 təvəllüdlü X1 və xx.xx.2007 təvəllüdlü X2 vardır. Xətai Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qərarı ilə nikahlarına xitam verilmişdir. Nikaha daxil olmazdan əvvəl, 18 sentyabr 2004-cü il tarixində öz şəxsi vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir, mənzil onun xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış onun adına rəsmiləşdirilmişdir. Hal-hazırda Cavabdeh qeyd edilən ünvanda yaşamaqda davam edir. Lakin nikahlarına xitam verildiyinə görə, cavabdehin bu ünvandakı mənzildə istifadə hüququ qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehin adına Mərdəkan qəsəbəsində bağ evi olduğunu, bağ evinin zirzəmisinin yaşayış üçün yararlı olduğunu, eləcə də, cavabdehin maddi vəziyyətinin qənaətbəxş olduğunu bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, mübahisəli mənzili nişanlı olduqları vaxt, onun valideynlərinin vəsaiti hesabına əldə etdiklərini, ailə qurduqdan sonra orada yaşayaraq iki övladını böyütdüyünü, kompensasiya ödənilmədiyi halda mənzildən çıxmaq fikrində olmadığını, cavabdehin yaşayış üçün yararlı dediyi bağ evinin hələ inşasının başa çatmadığını, bağ evinin zirzəmisinin yaşayış üçün yararlı olmadığını, mübahisəli mənzildən başqa yaşayış sahəsinin olmadığını, hazırda da həmin mənzildə yaşadığını bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 66, 45 saylı mənzil xx.xx.2004-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahın pozulması haqqında şəhadətnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3971/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X2, X1 və Cavabdeh qeydiyyatdadırlar. Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2745 saylı bağ sahəsinin bir hissəsi xx.xx.2018-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2745 saylı bağ sahəsinin 0,6 ha torpaq sahəsində ev tikintisi üçün memarlıqplanlaşdırma işlərinə icazə verilmişdir. Fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2745 saylı bağ sahəsinin 0,6 ha torpaq sahəsində inşa edilmiş bağ evinin tikintisi başa çatmamışdır. Yarımtikilinin zirzəmisində yaşayış üçün müəyyən şərait yaradılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı:
1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materialları ilə təsdiq olunur ki, Cavabdeh 2004-cü ildən mübahisəli mənzilin mülkiyyətçisinin arvadı kimi həmin mənzildə mülkiyyətçi ilə birgə yaşadığından onun yuxarıda qeyd edilən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mənzilə istifadə hüququ yaranmış və ailə münasibətlərinə son verilsə də, istifadə hüququ saxlanılmışdır. Odur ki, hazırda cavabdehin mənzilə istifadə hüququ mövcuddur. Hazırda iddiaçı cavabdehlə nikahlarının pozulmasını və cavabdehin başqa yaşayış sahəsinə malik olduğunu əsas gətirərək kompensasiya verilmədən onun istifadə hüququna xitam verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik aklarının tələblərinə əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkün olsa da, bu halda keçmiş ailə üzvünün mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın, yəni, yaşayış sahəsinə ehtiyacın aradan qalxması sübut olunmalıdır. İddiaçı bununla bağlı birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2745 saylı bağ sahəsinin bir hissəsinin cavabdehin adına mülkiyyət hüququ kimi qeydiyyata alındığını və bağ sahəsində tikilən evin zirzəmisində yaşayış üçün şəraitin olduğunu əsas gətirmişdir. Cavabdeh isə evin zirzəmisində yaşayış üçün şəraitin olmadığını, eləcə də mübahisəli mənzildən başqa yaşayış sahəsinin olmadığını və hazırda da həmin mənzildə yaşağıdını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda kompensasiya ödənilmədən cavabdehin istifadə hüququna xitam verilə bilməsi üçün onun başqa yaşayış sahəsinə sahib olması və mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxması sübut olunmur. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, bağ evlərinin şəxsin öz seçimi ilə daimi yaşayış üçün istifadə edilə bilməsi imkanı istisna edilməsə də, bağ evləri bir qayda olaraq mövsümi istifadə üçün nəzərdə tutulur. Digər tərəfdən iş materialları və tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, bağ evinin tikintisi başa çatmamış və daşınmaz əmlak kimi qeydiyyata alınmamışdır. Məhkəmə hesab edir ki, tikintisi başa çatmayan bağ evinin zirzəmisində yaşayış üçün müəyyən şəraitin yaradılması cavabdehin daimi yaşayış sahəsinə ehtiyacının təmin edilməsi və mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxması kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli