Məhkəmə qərarları › İş №2(011)-2728/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2728/2025

30.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2728/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili bağışlama müqaviləsi əsasında 27 iyun 2012-ci il tarixində öz adına keçirmişdir. Hazırda sözügedən mənzil xx.xx.2012-ci il tarixli, RX ******* №-li çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sözügedən mənzildə yaşamasalar da pasport qeydiyyatındadırlar.

2. Cavabdehlərin həmin mənzildə yaşamayaraq formal qeydiyyatda qalmaları iddiaçının mənzildən sahiblik, istifadə və sərəncam vermək hüquqularına mane olur. Bütün bunlar nəticəsində hazırda iddiaçı mənzil və kommunal xərclərini artıq ödəmək məcburiyyətində qalmışdır.

İddiaçının tələbi:

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2025-ci il tarixində iddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti və ya etirazı:

5. Cavabdeh3 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini, ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdehlər onun bacısı və onun ailə üzvləridir. Onlar artıq 5-6 ilə yaxındır ki, evdən çıxmışdır. Onların əvvəllər evi olmuş lakin, sonra bank evlərini onlardan borcuna görə almışdır. Bacısı anadan olandan həmin evdə qeydiyyatdadır. Onun əri isə 1993-cü ildən həmin ünvanda qeydiyyatdadır. Kompensasiya məbləği ilə razı olmadığını, evdə onların heç bir haqqı olmadığını bildirmişdir. Evində qeydiyyatda olan cavabdehlərin qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, oğlunu evləndirənə qədər ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Həmin evdə o anadan olmuşdur və hazırda oğlu ilə birlikdə kirayədə yaşayır. Gəlinləri ilə problem olduğu üçün həmin evdən oğlunun toyuna 1 ay qalmış çıxmışdır. O, evdən çıxan zaman anası evdə qalmış, oktyabr ayından anası da ordan çıxmışdır. Öz ata evində öz haqqına düşən payı istədiyini bildirmişdir. Ya həmin evdə yaşamalı olduğunu ya da ki, 50 000 manat kompensasiya ödənilməli olduğunu bildirmişdir. Əri tərəfindən iddiaçının qızına qarşı heç bir hərəkət edilmədiyini və onlar arasında mübahisə baş verdikdən sonra iddiaçı və ailəsinin dəfələrlər onlarla birgə məclislərdə olduğunu bildirmişdir. İddiaya etiraz etdiyini bildirilmişdir.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında onların mənzilə qaytarılması ya da ki, cavabdehin anasına mənzil alınmasını xahiş etmişdir. Əvvəllər evdən çıxmış daha sonra 2016-cı ildə yenidən qayıtmışdırlar. Ondan sonra isə 2022ci ilin may ayında yenidən çıxmışdırlar. Hazırda mənzilin iddiaçının mülkiyyətində olduğunu bildirmişdir. İstifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X2 öz izahatında bildimişdir ki, cavabdehlər onun bibisi və onun ailəsidir. 5-6 il müddətində cavabdehlər onlarla yaşamış, son 3-4 ildə çıxmışdırlar. Bibisinin ərinin etdiyi hərəkətlərə görə onlar arasında ailədaxili münaqişələr baş vermiş, bundan sonra bibisi və ailəsi oradan getmişdirlər.

10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X1 öz izahatında bildirmişdir ki, 2022-ci ildə qızının oğlu evlənən dövrlərdə qızı və ailəsi evdən getmişdir və onlar arasında heç bir mübahisə olmamışdır. Onun nəvəsi və kürəkəni arasında da heç bir mübahisə olmamışdır. Qızı anadan olandan bəri həmin evdə qeydiyyatda olmuşdur. Qızı və həyat yoldaşı 1993-cü ildən onun evində qeydiyyatda olmuşdurlar. 2022-ci ildə onlar öz evlərinə çıxmış, daha sonra isə kirayəyə çıxmışdırlar. O, əvvəllər oğlunun yanında qalmışdır. Daha sonra 2 həftə qızının yanına getmiş, gələndə açarın dəyişdiyini görmüşdür. Əri xəstə olmuş daha sonra ölmüşdür. Bundan sonra evi oğluna bağışlamışdır.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 7, ünvanında yerləşən 3 nömrəli mənzildə qeydiyyatdadır.

12. 27 iyun 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X1 (hədiyyə verən) ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 63,32 kv.metr, yardımşı sahəsi 18,0 kv.metr, ümumi sahəsi 81,32 kv.metr olan, 9 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilini oğlu İddiaçı (hədiyyə alan) bağışlayır.

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 7, ünvanında yerləşən 3 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

14. 96 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 14 №-li, xx.xx.2025ci il tarixli məlumata əsasən, Cavabdeh1 xx.xx.1989-cu il tarixində, Cavabdeh3 xx.xx.1993-cü il tarixində, Cavabdeh2 xx.xx.2004-cü il tarixində, Cavabdeh4 xx.xx.2011-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 7, ünvanında yerləşən 3 nömrəli mənzildə qeydiyyata alınmışdırlar. Cavabdehlərin hazırda həmin mənzildə qydiyyatdan çıxıbçıxmamaları, və ya yaşayıb-yaşamamaları barədə heç bir məlumat yoxdur.

15. İş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

17. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

123. İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2016-cı il Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014cü il tarixli qərarı.

23. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarı.

24. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarı.

25. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasinin Qanununun 5-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə mülki iş üzrə ilkin iddia ərizəsini, tərəflərin izahını və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

30. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

31. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, 27 iyun 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X1 (hədiyyə verən) ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 63,32 kv.metr, yardımşı sahəsi 18,0 kv.metr, ümumi sahəsi 81,32 kv.metr olan, 9 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilini oğlu İddiaçı (hədiyyə alan) bağışlamış (§12) və həmin müqavilə əsasında İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2012ci il qeydiyyat tarixli çıxarış verilmişdir (§13). Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 (anadan olduğu xx.xx.1972-ci il tarixindən) və Cavabdeh3 (anadan olduğu xx.xx.1993-cü il tarixindən) ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ 2000-ci ilin sentyabr ayının 1-dən əvvəl yaranmışdır. (§14) Ona görə də mübahisə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (§24).

32. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.

33. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§25)

34. Məhkəmə araşdırması zamanı və tərflərin izahatlarına əsasən məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 2013-cü ildə ilk dəfə həmin evdən köçmüş daha sonra qayıtmış və 2022-ci ildən həmin ünvanda yaşamamırlar. Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, o cümlədən 87-ci maddəyə istinad edərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 6 aydan uzun müddətdə mübahisəli mənzildə yaşamamasını, könüllü olaraq daimi yaşamaq üçün başqa yerə köçməsini, eyni zamanda başqa yaşayış yerinin olmasını nəzərə alaraq ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarını itirmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzildən köçüb getdikdən 6 ay sonra istifadə hüququnu itirdiklərindən, məhkəmə mövcud olmayan istifadə hüququna xitam verə bilməz. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbinə əsasən iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd edilməlidir.

35. Məhkəmə araşdırması zamanı digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının 2000-ci ildən sonra yarandığı müəyən edilmişdir. (§14)

36. Ona görə də, məhkəmə iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə mövcud mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməlidir. (§20)

37. Məhkəmə qeyd edir ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 228.5-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

38. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddiaçının bacısının uşaqlarıdır. Göründüyü kimi, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 arasında qohumluq münasibətləri olsa da, cavabdehlər əmək qabiliyyəti olmayan şəxs kimi iddiaçının himayəsində olmamışdır. Beləliklə, onlar MM-nin 228.5-ci maddəsinin mənası baxımından ailə üzvlərinin hər iki qrupuna aid deyildirlər.

40. Sadalanan qanunvericilik normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 ilə iddiaçı arasında qohumluq münasibəti olsa da, onlar iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs olmamışdırlar.

41. Bu halda isə, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, məhkəmə hesab edir ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.

42. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. (§26)

Məhkəmə xərcləri:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 7 ünvanında yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar