Məhkəmə qərarları › İş №2(011)-2737/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2737/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2737/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən yaarnmış vəziyyəti nəzərə alaraq cavabdehin üzərinə maddi və mənəvi, əlavə olaraq təmir üçün ödədiyi pulları, ümumilikdə 5000 manatın ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mənzilin inşasını MTK həyata keçirdiyindən və mənzil qüsurlu olduğundan yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin təmirinin Cavabdeh MTK-ya həvalə edilməsi və mənəvi ziyanın əvəzi olaraq 5 000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzil Cavabdeh MTK tərəfindən tikilmiş və istismara verilmişdir. Hazırda iddiaçının yaşadığı mənzilin divarlarında rütubətdən göbələk yaranmış, mənzilin giriş qapısının kənarları və pəncərələri rezinsiz olduğundan çöldə olan səs-küy və soyuq hava evə asanlıqla daxil olur, mənzilin döşəməsi isə beton örtük üstündə bir başa çəkilmişdir. Buna görə də ev daim rütubətli və soyuq olur. Dəfələrlə iddiaçı tərəfindən təmir edilməsinə baxmayaraq nəticə əldə edə bilməmişdir. Mənzilin inşasını MTK həyata keçirdiyindən və mənzil qüsurlu olduğundan yaşadığı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin təmirinin Cavabdeh MTK-ya həvalə edilməsi və mənəvi ziyanın əvəzi olaraq 5 000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, o, beş müharibədə iştirak etmişdir. Hətta əlil olaraq 57 yaşında ikinci Qarabağ müharibəsinə getmişdir. Cavabdehlərin və orada yaşayanların hərəkətləri və etdikləri qanunsuzluq artıq onu intihar həddinə çatdırmışdır. O, həftədə iki dəfə övladının məzarının üstündə gedir, övladının həyatda olmaması onu bu həyatda yalnız hiss edir. O nə pislik edib ki, bunlarla qarşılaşır. 14 yaşından forma geyinib və bugünədək ancaq yaxşılıq etmişdir. Hərbi ekspert kimi dövlət orqanlarında iştirak edir. Evinin təmir edilməsini və üç il üçün çəkdiyi xərcin əvəzi olaraq 5 000 ödəniş edilməsini məhkəmədən xahiş etdi. Onlar bunu etməsə o, övladının və valideynlərinin qəbrini də götürüb İsrailə gedəcək, Azərbaycan Respublikası ilə heç bir əlaqəsi olmayacaqdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş 030967 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibədə iştirak etmişdir. İş materiallarında olan X6655 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X4 X11 işlər üzrə müavinidir. İş materiallarında olan X2 Koordinasiya Mərkəzi tərəfindən verilmiş 74 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Tərtər bölgəsində X1 X8 Dəstək Qrupunda iştirak etmişdir. İş materiallarında olan X3 02 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı X15 (X5)-nin Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin Direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 31-119 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Füzuli rayonunda xidməti ezamiyyətdə olmuşdur. xx.xx.1992-ci il tarixində tank mərmisinin partlayışı zamanı alın nahiyəsindən qəlpə yarası və baş beyin xəsarəti almışdır. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli 2 girişli yaşayış binasında Əmək və Əhalinin Sosial MÜdafiəsi Nazirliyi tərəfindən verilən “376” saylı binanın 16-cı mərtəbəsində olan 2 otaqlı 86 saylı mənzilin sakini İddiaçı qonşuların aktına görə bu mənzildə həqiqətən yaşayır. İş materiallarında olan 7 saylı şəhər Poliklinikasında verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı gərginlik stenokardiyası,ürək çatışmazlığı, baş beyinin zədələnməsi, kəllə daxili travma, hipertoniya, şəkərli diabet, PTCA, beyin şişi xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan yerli müayinə aktından görünür ki, ünvan 3 ünvanında yerləşən 86 saylı mənzilin giriş,qonaq otağı və yataq otağının divarlarının aşağı hissəsində rütubətdən yaranmış ləkələr vardır, həmin ləkələrə toxunduqda isə divarın yaş olduğu müəyyən edilir, mənzilə quraşdırılan pəncərədən elə həmin mənzildə olarkən şiddətli külək səslərini eşidildiyi aşkar edilmişdir. Həmçinin pəncərələrin şüşələrində rütubətdən yaranmış buxar ləkələri aşkar edilmişdir. Qeyd edilən mənzilin giriş qapısı qapısı deformasiyaya uğramış, qapının kənarlarının rezinləri yoxdur və mənzildə olarkən belə qapıdan külək səslərinin və soyuğunun gəldiyi müəyyən edilmişdir. Qeyd edilən mənzilin döşəməsinə quraşdırılan laminantın altında beton örtük olduğu, həmçinin ünvana quraşdırılan pəncərələrin deformasiyaya uğradığı müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur. Akif müəllimin videoda göstərdiyi kimi onun mənzilin də problemləri vardır. Belə ki, onun mənzilinin də hamamı dağılmışdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciət etsə də, onlar buna əhəmiyyət verməmiş, məcbur olaraq hamamı özü təmir etmişdir. Akif müəllimin də mənzili eyni vəziyyətdədir. Bundan başqa mənzil onlar təhvil verən zaman onlar mənzili görməmiş və ilk olaraq mənzilin açarı ona təhvil verilmişdir. Mənzilə baxmağa icazələri olmamışdır. Prezident binanın 12 və 14-cü mərtəbələrinə baş çəkdiyi üçün həmin mərtəbələr keyfiyyətli təmir edilmiş və qapısı dizaynlıdır, möhkəmdir. Onlar isə binanın 17-ci mərtəbəsində yaşayırlar. Bina dəniz səviyyəsindən hündür olduğundan hava küləkli olan vaxt mənzildə qalmaq mümkün deyildir. Hətta birdəfə külək olan zaman külək onun pişiyini də çölə fırlatmışdır. Hava küləkli olan zaman artıq mənzilin qapılarını əlləri ilə tuturlar ki, qapı aşmasın. Ümumiyyətlə küləkli havalarda evdə yaşamaq mümkün deyildir. Çünki külək pəncərəni açır. Beton örtüyünü üstünə lambir qoyulduğundan evin döşəməsi də soyuq olur. Mənzilin nasazlığına görə dəfələrlə müraciət etsələr də, onların sözünə heç kim qulaq asmamış, lakin söz komunnal xidmətlərə gəldikdə onlardan liftdən istifadə üçün ikiqat pul alırlar. Bina sürüşmə zonasındadır. Hətta o, binanın yanında şəhid ailələri və müharibə iştirakçıları üçün ikinci binanın inşa etmək istəyirlər. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının tanışıdır. Akif müəllim ona hamamın uçduğunu deyəndə inanmamış, gəlib mənzilə baxış keçirəndən sonra o, da iddiaçı ilə birlikdə hamamın tavanın təmiri üçün təmir üçün tikinti materialları almış və hamamı təmir etmişdirlər. İddiaçının evində olan zaman uğultudan qalmaq olmur. O, da tikinti işləri üzrə baş revizor olmuşdur. İddiaçının mənzilinin halı ilə çox əsəbləşir, stress keçirir. İddiaçının əsəbləri gərgindir, övladı şəhid olmuşdur,beynində qəlpə yarası vardır. O, niyə belə şəraitdə yaşamalıdır. İddiaçı özündən çıxmasın deyə o, da onunla birlikdə xəstəxanada bir palatada yatmışdır. Evin döşəməsini də düzgün vurmayıblar. Belə ki, betonun üstünə nazik lambir vurulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının zahatını dinləyib, iddianın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmişdir ki, İddiaçı hər iki Qarabağ müharibəsinin iştirakçısı olmuş, iştirak etdiyi hərbi əməliyyatlarda aldığı xəsarətlər nəticəsində ona əlillik dərəcəsi müəyyən edilmişdir. Həmçinin iddiaçının oğlu İİ Qarabağ müharibəsi zamanı keçirilmiş hərbi əməliyyatların birində şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvan 4 ünvanında yerləşən 86 saylı mənzili verilmişdir. Hazırda iddiaçının yaşadığı mənzilə dair hüquqları dövlət reyestrindən qeydə alınmamışdır. Bununla bağlı məhkəmə beynəlxalq təcrübəyə istinda edərək bildirir ki, “Mənzil” anlayışı ilə 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı əhəmiyyətli dərəcədə üst-üstə düşə bilər, amma “mənzilin” mövcudluğu daşınmaz əmlak üzərində hər hansı hüququn və ya marağın mövcudluğundan asılı deyil (Surugiu Rumıniyaya qarşı 63-cü bənd) 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün şəxs bina və ya torpaq üzərində xüsusi mülkiyyət hüququna malik ola bilər və həmin mülkiyyətin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” təşkil etməsi üçün həmin şəxsin bu mülkiyyətlə kifayət qədər əlaqəsinin olması tələbi 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün əhəmiyyət kəsb etmir (Xamidov Rusiyaya qarşı, 128-ci bənd). Şəxsin mənzil toxunulmazlığına hörmət hüququ təkcə onun fiziki yaşayış sahəsi üzərində hüququnu deyil, həm də həmin sahədə dinc şəraitdə yaşamaq hüququnu əhatə edir. Müdaxilə həm fiziki formada, məsələn şəxsin evinə icazəsiz daxil olma formasında, həm də qeyro-fiziki formada, məsələn səs-küy, xoşagəlməz qoxu və s. formada baş verə bilər (X9rşı, 53-cü bənd) Hazırda mübahisə predmenti olan mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya verildiyindən və iddiaçı hazırda həmin mənzildə yaşadığından onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Azərbaycan Republikasının qanunvericiyiliyi və beynəlxalq qanunvericilik aktları ilə müəyyən edilmişdir ki, hər kəsin sağlam şəraitdə yaşamaq hüququ vardır. X10 (ÜST) sağlamlığın tərifini belə vermişdir: “Sağlamlıq fiziki, əqli və sosial rifahın bütöv bir şəkildə mövcud olması, xəstəliklərin və bəlanın insan bədənindən uzaq olmasıdır.” İnsan sağlamlığı həmçinin yaşam şəraiti və resursların mövcudluq dərəcəsindən asılı olaraq dəyişir, bunlara yaşamaq üçün yer, müvafiq təhsil, ərzaq təminatı, maddi gəlir, sülh və əmin-amanlıq, sosial ədalət, bərabərlik və səmərəli ətraf mühit daxildir. İnsan sağlamlığını müəyyənləşdirən əsas amillər üç hissəyə bölünmüşdür: həyat tərzi, ətraf mühit və bio-tibbi amillər. Həyat tərzinə yaşamaqla bağlı fərdi şəkildə verilmiş qərarlar daxildir. Bu qərarlar normal həyat yaşamaq məqsədilə verilsə də, bəzən xəsətliklərə və ya ölümə yol aça bilər. Ətraf mühit amillərinə insanların bədənlərinə təsir edən kənar ünsürlər daxildir. Bu ünsürləri insanlar fərdi şəkildə idarə edə bilmirlər. Bunlara hava, su, iqlim və digər ətraf mühit amilləri daxildir. Bio-tibbi amillərə isə insanların bədənlərində genetik olaraq yaranan həmçinin fiziki və əqli sağlamlıq da daxil olmaqla insanlarda mövcud 161 olan tibbi amillər daxildir. Bunlara anadangəlmə və ya sonradan formalaşan müxtəlif xəstəliklər, viruslar və ya bədənin fəaliyyət göstərməsi üçün lazım olan həyati ünsürlər daxildir. Məhkəmə tərəfindən qeyd edilən mənzilə yerli müayinə keçirilən zaman iddiaçının yaşadığı mənzilin divarlarında göbələk olduğu, döşəmənin birbaşa beton örtüyün üzərinə vurulduğu, mənzilin giriş qapısı və pəncərələrində rezin olmadığı, səsin və soyuğunun evə asanlıqla daxil olduğu müəyyən edilmişdir. Göründüyü kimi mənzilin qüsurlu olması iddiaçını hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Bundan başqa məhkəmə tərəflər arasında müqavilənin olmaması səbəbindən iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya verilmiş, lakin mənzilin inşası Cavabdeh MTK tərəfindən həyata keçirilmişdir. Mənzilin keyfiyyətli inşası sifarişçinin kim olmasından asılı olmayaraq, podratçının vəzifəsi olduğundan, həmin mənzilə görə də cavabdehliyi MTK daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bundan əvvəl müharibələrdə iştirak etdiyindən, onun döyüş meydanında ölümlə qarşı-qarşıya gəldiyindən və “Aprel döyüşləri”ndə yeganə oğlunu itirdiyindən, sağlamlığı pozulduğundan aldığı psixoloji travmalar, posttravmatik stress pozuntusunun olması, bundan əlavə mənzilin keyfiyyətsiz olması səbəbindən, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 5000 manata qədər olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 70 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küşəsi, 56 T, blok “B” ünvanında yerləşən 86 saylı mənzilin yenidən təmiri Cavabdeh MTK-ya həvalə edilsin. İddiaçı vurulan mənəvi ziyanın əvəzi olaraq 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar