Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2745/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər «X7» Publik Hüquqi şəxsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı xx.xx.2014-cü il tarixində X3 poliklinikasında Dr.Cavabdeh2 tərəfindən ultrasəs müayinəsindən keçmişdir. O iddiaçıya bildirmişdir ki, sağ böyrək D-7,8x 3,7 sm parenxima D- 1,2sm sol böyrək D-9,2x 3,9sm parenxima D-1,1sm 0,5sm ölçüdə s konkrement izlənir. Hər iki böyrəkdə kristallaşmış duzlar diaqnozu qoymuşdur. Həmçinin onurğada ciddi problem olduğunu bildirmişdir. Daha sonra X8 yanına gemodializ şöbəsinə göndərmişdir. Hüseynova Şəhla iddiaçıya uzun siyahı təqdim edərək bildirmişdir ki, problem ciddidir. İddiaçı isə imkansız olduğumu bildirmiş, o, isə demişdir ki, pul tap, mütləq bu müayinələrdən keç. İddiaçı isə çətinliklə pul tapmış və müayinələrdən keçmişdir. Müayinələrin bəzilərinin cavablarını Şəhla həkimə vermiş, o isə məzuniyyətə çıxdığını və 3 ay sonra yene yanına gəlməsini bildirmişdir. İddiaçı 2015-ci ilin noyabrın 19-da yenidən doktor Cavabdeh2 Gül-Ağa oğlunun yanına getmişdir. O bildirmişdir ki, sağ böyrək D-7,8x3,6, sol böyrək D-9,0x4,0 yuxarı hissədə 0,5sm ölçüsü olan konkrement izlənir, sonra nəticəni Şəhla həkimə göstərmişdir. O, isə bildirmişdir ki, vəziyyət daha ciddidir.
2. İddiaçı evə gəlmiş və şok keçirtmişdir. Şəkəri aşağı düşmüş və görmə qabiliyyətini itirmişdir. Əsəb sistemim pozulmuş, göz institutunda qeydiyyata düşmüşdür. Hələ də görmə qabiliyyətini həkimlər bərpa edə bilmirlər. Dövlətdən müalicəsi üçün kömək istəmiş, onu Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına göndərmişdirlər. Radioloq Hacıyev sağ böyrəyin normal ölçüləri 93-34 olduğunu və daş çöküntüsünün olmadığını bildirmişdir. Sol böyrək ölşüləri 91-37 daş və çöküntü yoxdur, konkrement yoxdur-deyə bildirmişdir. Daha sonra iddiaçı Neftçilər Xəstəxanasına getmiş, şöbə müdirinə olanları danışmışdır. O bildirmişdir ki, Cavadzadənin cavablarına inanmırlar. İddiaçı yenidə Səhiyyə Nazirliyinə müraciət etmiş və onu yenidən Cavadzadəyə göndərmişdirlər. Orada iddiaçıya xx.xx.2017-ci il tarixdə “böyrəklər tam sağlamdır" diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2017-ci tarixində X9muş,onlarda böyrəklərin tam sağlam olması diaqnozunu qoymuşdurlar.
3. X3 həkimlərinin iddiaçının başına gətirdikləri bütün bu hadisələrdən iddiaçıya maddi olaraq 900 (doqquz yüz) manat ziyan dəymişdir. Həmçinin keçirtdiyi şokla və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirmiş, əsəb və stressdən yuxu sistemi pozulmuşdur. Həmçinin görmə qabiliyyətimi itirdiyi üçün əmək fəaliyyətini də itirmişdir və artıq heç bir yerdə işləyə bilmir. İddiaçı hesab edir ki, bu məsələlərin əvəzində cavabdeh tərəflər kimi həm Mərkəzi Neftçilər xəstəsanası, həm də xəstəxananın həkimi Cavabdeh2 məsuliyyət daşıyırlar. Odur ki, cavadehlər tərəfindən 50.000 (əlli min) manat məbləğində pulun iddiaçıya dəyən mənəvi, 900 (doqquz yüz) manat pulun isə maddi zərərin kompensasiyası kimi verilməsinə haqqının olduğunu hesab edir.
İddiaçının tələbi:
4. Cavabdehlər X7 və həkim Cavabdeh2 tərəfindən İddiaçı sağlamlığına vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, ümumilikdə 50.900 (əlli min doqquz yüz) manat pulun müştərək olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, Hacıyev Namiq və Şəhla Hüseynova onu analizlər verməyə göndərmiş, lakin «X7» PHŞ qəbz vermədiyi üçün onda bu analizləri verməsi ilə bağlı qəbzlər yoxdur. Pulları nağd formada ödəmişdir. O, ilk dəfə 2014cü ildə xəstəxanaya getmiş və ona “böyrəyin kiçilməsi” diqanozu qoyulmuşdur. Daha sonra «X7» PHŞ-də və başqa yerlərdə analizlər vermişdir. Ona tez-tez başqa nömrələrdən böyrəyinin götürülməsi ilə bağlı zənglər gəlmiş və o, bununla bağlı səhərisi gün dərhal aidiyyəti orqanlara müraciət etmişdir. Həmin nömrələrdən gələn zənglərlə onu xaricə müalicə almağa dəvət etmişdirlər. O, həmin adamların «X7» PHŞ ilə dəqiq əlaqəsinin olduduğu bildirmişdir. Bu müddət ərzində ona bəzi adamlar yaxınlaşmışdır. Həmin o şəxs məhşur adamdır, aktyordur. Onun anası, bacısı ona yaxınlaşmış və «X7» PHŞ-yə getməsini demişdirlər. Həmin o adamların «X7» PHŞ ilə nə əlaqələri olduğunu hələ də aydınlaşdıra bilmədiyini bildirmişdir. Həmin adamla xəstəxana arasında olan əlaqəni təsdiq edə biləcək sübutu yoxdur, bunu ancaq «X7» PHŞ özü bu məsələni aydınlaşdıra bilər. Ona "Keşlə"də dayanacaqda dayanarkən də yaxınlaşmışdırlar, lakin bunu hal-hazırda o, heç nə ilə sübut edə bilmir. Onun stress keçirməsinin əsas səbəbi onu müxtəlif şəxslərin izləmələri olmuşdur. O, adicə marketə düşəndə belə onu izlədiklərini görmüşdür. O, iki dəfə «X7» PHŞ-yə müraciət etmiş və ona iki dəfə səhv diaqnoz qoymuşdurlar. Daha sonra o, Milli Məclisdə Ə.Əmiraslanovun qəbulunda olmuş və onu Cavadzadə Xəstəxanasına göndərmişdirlər. Orada ona böyrəyində heç bir problem olmadığını bildirmişdirlər. Bununla bağlı «X7» PHŞ-yə yenidən müraciət etmiş və orada onlar Cavadzadəyə inanmadıqlarını bildirmişdirlər. Namiq həkim ona hər dəfə onurğasında problem olduğunu bildirmiş və onu onurğa həkiminə yönləndirmişdir. Daha sonra ona onurğa həkimi zəng vurmuş və ona yolda yaxınlaşaraq onurğa həkiminə yönləndirmişdirlər. O daha çox həkimin ikinci, yəni altı ay sonrakı diqanozundan stress keçirmişdir. Çünki, həkim ikinci diaqnozda birinci diaqnozun yanlış olduğunu bildirə bilərdi. Lakin həkim ona bildirmişdir ki, diqanoz qoyulan gün elektrik şəbəkəsi olmamışdır, iddiaçı isə qeyd edir ki, elektrik enerjisi olmayan halda kompüterlər işləyə bilməzdi. Həkim ikinci yoxlanışda da diaqnozun eyni olduğunu bildirmişdir. Bu hadisədən sonra bir il ərzində on beş kiloqrama yaxın çəki itirmiş, onu görənlər heç tanımamışdır. İkinci dəfə analizin cavablarını aldıqdan sonra ona tez-tez yaxınlaşmışdırlar. Hətta bir dəfə Heydər Əliyev prospektində bir nəfər adam ona yaxınlaşmış və onun eynəyini çıxardaraq diqqətlə onun gözlərinə baxmışdır. Onu qan analizlərinə Namiq həkim yox, Şəhla həkim göndərmişdir. Namiq həkim ona yalnız onurğa həkiminə getməsini bildirmişdir. Cavadzadəyə getdikdən sonra o, «X7» PHŞ-in direktoruna yaxınlaşaraq onları məhkəməyə verəcəyini bildirmişdir. Daha sonra o, 2017-ci ildə dövlət büdcəsi hesabına vəkillə təmin olunmuş və «X7» PHŞ-ni məhkəməyə verəcəyini bildirmişdir. Vəkil isə ona həkimi məhkəməyə verməyin mümkün olduğunu bildirmişdir. Lakin, o əvvəldən xəstəxananı məhkəməyə vermək istəmişdir, çünki, orada bu işdə sadəcə Namiq həkimin yox, bir çox həkimin əli vardır. «X7» PHŞ-də bir nəfər həkim onu Fəxri Quliyevin yanına göndərmişdir. Fəxri Quliyev isə ona bildirmişdir ki, çəkinin artmamasına diqqət etsin, çünki, çəki artarsa, böyrəyin gücü çatmayacaqdır. O, böyrəyi ilə bağlı heç bir müalicə almamışdır, çünki bununla bağlı dövlətdən yardım istəmiş və Cavadzadədə böyrəyinin sağlam olduğunu bilmişdir. Ona daha çox o, birinci dəfə məhkəməyə müraciət etdikdən sonra yaxınlaşmağa başlamışdırlar, hətta onun evinə gəlmişdirlər. Onun evinə Fərhad adlı bir nəfər gəlmiş və Namiq həkimin qohumu olduğunu bildirmişdir. Həmin adam əvvəllər “JEK”-in rəisi olmuşdur. Ona maşına minməyi və onlarla gedərək həmin məsələni həll etməyi təklif etmişdirlər. İddiaçı qeyd edir ki, o bunu rədd etmiş və hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat vermişdir. O, daha sonra ona zəng gələn nömrəni araşdırmış və nömrənin “Ombudsman”-a aid olduğunu örgənmişdir. Namiq həkim ona bildirmişdir ki, bu işdə bir çox həkimin əli var, Şəhla həkimin adı niyə hallanmır. Bu hadisədən üç gün sonra Namiq həkim onu «X7» PHŞ-yə çağırmışdır. Bir neçə gün sonra isə məhkəmə baş tutmuşdur. Həmin adamlar məhkəmənin olacağını ondan daha əvvəl bilmişdirlər. Daha sonra o öyrənmişdir ki, Fərhad adlı şəxs keçmiş X5 qohumudur. Ona görə də Ombudsmandan ona zənglər gəlmişdir. Hacıyev Namiqin verdiyi "UZİ" kağızındakı ölçülər böyrəyin kiçilməsini göstərir. Namiq həkim ona "UZİ" kağızını verdikdən sonra onu zorla başqa həkimlərə yönləndirmişdir. Ancaq onun buna ixtiyarı yoxdur, onun bu işdə başqa marağı olmuşdur.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, Namiq həkim tərəfindən verilmiş "UZİ" kağızında iddiaçıda sadəcə xırda daş olduğu qeyd edilmişdir. Həmin kağızda böyrəkdə hər hansı ciddi onkoloji xəstəlik olması halı qeyd edilməmişdir. Bu tələblə bağlı artıq iddiaçı bir dəfə məhkəməyə müraciət etmiş və hər üç instansiyada iddiası təmin edilməmişdir. Artıq bu qərarlar qanuni qüvvəsini də almışdırlar. İddiaçının tək sübutu "UZİ" kağızıdır, lakin həmin kağızda da hər hansı ciddi xəstəlik, “böyrəyin kiçilməsi” diqanozu qoyulmamışdır. Həmin kağızdakı məlumatları axtarışa versək burdan görünür ki, həmin kağızdakı ölçülər norma daxilindədir. Bütün bunlara görə iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. “X7” PHŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ultrasəs müayinəsinə əsasən, sağ böyrək D-7,8x 3,7 sm. Parenxima: D-1,2sm. sol böyrək D-9,2x 3,9sm Parenxima: D-1,1sm. 0,5sm ölçüdə 1 konkrement izlənir. Hər iki böyrəkdə kristallaşmış duzlar izlənir diaqnozu qoymuşdur.
9. “X7” PHŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ultrasəs müayinəsinə əsasən, sağ böyrək D-7,8x 3,6 sm. Parenxima: D-1,1sm. sol böyrək D-9,0x 4,0sm Parenxima: D-1,5sm. Yuxarı hissədə 0,5sm ölçüdə 1 konkrement izlənir. Hər iki böyrəkdə xırda kristallaşmış duzlar izlənir diaqnozu qoymuşdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X6 əsasən, “sağ böyrək: yerləşməsi normal, hüdudları hamardır, ölçüləri 93-37 sm. Parenximanın qalınlığı 9-14 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Daş və çöküntü yoxdur. Sol böyrək: yerləşməsi normal hüdudları hamardır, ölçüləri 91-37 sm. Parenximanın qalınlığı 8-13 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur. Kasacıqləyən sistemi genişlənməyib. Daş və çöküntü yoxdur. Böyrəküstü vəzilər böyüməmişdir.” diaqnozu qoyulmuşdur.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli X6 əsasən, “sağ böyrək: yerləşməsi normal, hüdudları bir qədər nahamardır, ölçüləri 95-36 sm. Parenximanın qalınlığı 8- 14 mm, exoqenliyi az artıb, kortikomedullar fərq zəyif təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Sol böyrək: yerləşməsi normal, hüdudları bir qədər nahamardır, ölçüləri 100-39 sm. Parenximanın qalınlığı 8-17 mm, exoqenliyi az artıb, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib” diqanozu qoyulmuşdur.
12. “X11” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qarın boşluğu orqanlarının USM-na əsasən, hər iki böyrək tipik yerləşir, ölçüləri norma daxilindədir. Struktur dəyişiklik yoxdur.
13. xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ilin sentyabr ayında keçirtdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə abulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı polikilinikada dispanser qeydiyyatdadır.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı həqiqətən də müayinədə olub. Müayinə zamanı zəif dərəcəli hepermeteopiya diaqnozu təyin olunmuşdur.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” iddianın təmin edilməməsi qət edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi tərəfindən verilmiş 2(103)-7775/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(102)-828/2019 saylı qərarına əsasən, İddiaçı və vəkili İsmayılova Xavər Bəxtiyar qızının kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi tərəfindən verilmiş 2(103)-7775/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi tərəfindən verilmiş 2(103)-5047/2019 saylı 29 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6014/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
20. Digər sənədlər.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi ( AR MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlər rüsumu ödəməkdən azaddırlar.
25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı.
26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı
Məhkəmənin mövqeyi:
28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməldir.
29. İddiaçının tələbi cavabdehlər X7 və həkim Cavabdeh2 tərəfindən İddiaçı sağlamlığına vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, ümumilikdə 50.900 (əlli min doqquz yüz) manat pulun müştərək olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Göründüyü kimi iddia tələbi bir neçə hissədən ibarətdir və tələbin əsasını deliktdən əmələ gələn öhdəlik təşkil edir.
30. Məhkəmə hesab edir ki, mülki işə cavabdeh (həkim) Cavabdeh2 münasibətdə xitam verilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 12 fevral 2019-cu il tarixli 2(102)- 828/2019 saylı AR Respublikası Ali Məhkəməməsi Mülki Kollegiyasının Qərarından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “maddi zərərə görə 900 (doqquz yüz) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, ümumilikdə 50.900 (əlli min doqquz yüz) manat pul” tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verməlidir. (§23)
31. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
32. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə “X7”nda ultrasəs müayinəsindən keçmişdir (§8, §9). Daha sonra xx.xx.2016-cı il (§10), xx.xx.2017-ci il (§11), xx.xx.2017-ci il (§12) tarixlərində müxtəlif tibb müəssisələrində müayinədən keçmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ilin sentyabr ayında keçirdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı polikilinikada dispanser qeydiyyatdadır. (§13) Qeyd edilən sənədlərdən də göründüyü kimi iddiaçının cavabdeh “X7”nda keçdiyi sonuncu müayinə tarixi xx.xx.2015-ci ilə təsadüf edir, lakin xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışda isə iddiaçının 2017-ci ilin sentyabr ayında güclü stress keçirtdiyi qeyd edilmişdir. İddiaçının qeyd etdiyi kimi şok və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirməsi, əsəb və stressdən yuxu sisteminin pozulması halları cavabdeh “X7”nda keçdiyi xx.xx.2015-ci il tarixli müayinədən sonra baş verməmiş, üzərindən iki ilə yaxın bir zaman keçdikdən sonra, yəni 2017ci ilin sentyabr ayına təsadüf edir.
33. Cavabdehin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
34. İddiaçı mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun cavabdeh X2 alınaraq ona ödənilməsini tələb edir.
35. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
36. İddiaçı 2015-2017-ci illərdə X4 keçdiyi müayinələr zamanı ona qoyulmuş səhv diaqnoz nəticəsində sarsıntılar keçirdiyini və nəticədə səhhətinin pisləşdiyini bildirmiş, məhz X1 müayinələrdən sonra onun ayrı-ayrı şəxslər tərəfindən izləndiyini və bütün bunlar nəticəsində daha çox stress keçirdiyini bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
37. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
38. Lakin məhkəmə araşdırması zamanı iddiaçını 2017-ci ildə keçirdiyi sarsıntı, stress, mənəvi iztirabın cavabdehin təqsiri, təqsirli hərəkət və ya hərəkətsizliyi üzündən baş verməsi halları müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı deyil və rədd edilməlidir.
39. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının sağlamlığına vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat pulun cavabdeh X2 alınaraq ona ödənilməsini hissəsində də rədd edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın vurulması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmimşdir.
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh «X7» PHŞ-nin həkimlərinin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından İddiaçı «X7» PHŞ-nə qarşı sağlamlığına vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, ümumilikdə 50.900 (əlli min doqquz yüz) manat pul tələbi üzrə iddia rədd edilməlidir.
Məhkəmə xərcləri:
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia tələbi rədd edildiyindən məhkəmə rüsumun ödənilməsi məsələsinə münasibət bildirmir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova