Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-282/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümatəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 5-ci Qara Şəhər küçəsindəki 3 saylı evin 21 saylı mənzilinə Cavabdeh1 adına verilmiş xx.xx.1992-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilərək onun adına qeydiyyat vəsiqəsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.1991-ci il tarixdə ailə quraraq Bakı şəhəri, Azadlıq prospektindəki 116 №-li evin 76 №-li mənzilində yaşamışlar. Birgə yaşadıqları müddətdə Cavabdeh1 Bakı şəhəri, 5-ci Qara Şəhər küçəsindəki 3 nömrəli evin ikiotaqlı 21 №-li mənzilini alqı-satqı müqaviləsi rəsmiləşdirmiş və onun adına xx.xx.1992-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə birgə yaşadıqları müddətdə xx.xx.1992-ci il tarixdə Turan, xx.xx.1993-cii il tarixdə Tamilla anadan olmuşdur. 1995-ci ildən sonra cavabdehlə münasibətləri pisləşdiiyndən, ailənin və uşaqların saxlanılmasında iştirak etmədiyindən, maddi yardım göstərmədiyindən 1997-ci ildə bağlanmış nikahları pozulmuşdur. Birgə yaşamaqları mümkün deyildir. Mənzilin bölünməsinə dair razılaşa bilmirlər. Mübahisənin könüllü həll üçün müxtəlif təkliflər irəli sürülmüş, Cavabdeh1 mənzilin onun mülkiyyətinə verilməsinə razılığını bıldirsə də, rəsmiləşdirməyə təşəbbüs göstərməmişdir. Cavabdehin mənzildə yaşamamasını, birgə nikah müddətində əldə edildiyindən mənzilə dair onun adına verilmiş qeydiyyat vəsiqəsində dəyişiklik edilərək onun adına qeydiyyat vəsiqəsi verilməsi zəruridir. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-708/04 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunaraq Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüqiiqlarının Qeydiyyatı İdarəsinin Bakı şəhəri, 5-ci Qara Şəhər küçəsindəki 3 saylı evin 21 saylı mənzilinə xx.xx.1992-ci il tarixdə Cavabdeh1 adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilməsi və İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Cavabdeh1 qiyabi qətnamənin ləğvinə dair ərizə verərək göstərmişdir ki, iş üzrə İddiaçı ilə xx.xx.1991-ci il tarixdə rəsmi nikahı qeydiyyatdan keçirməklə ailə qurmuş, bir müddət valideynlərinə məxsus Bakı şəhəri, Azadlıq prospekti, 116 nömrəli evin 76 nömrəli mənzilində yaşamışlar. Sonra valideynləri ona mübahisəli olan Bakı şəhəri, 5-ci Qara şəhər küçəsində yerləşən 3 nömrəli evin 21 nömrəli mənzilini almışlar və 1992-ci ilin noyabr ayından iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışlar. Lakin 1996-cı ildən sonra xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində evdə tez-tez söz-söhbətlər və mübahisələr yaranmış, bu da uşaqların psixikasına mənfi təsir göstərmişdit. Uşaqların maraqların naminə, 1996-cı ildən İddiaçı ayrı yaşamış, elə həmin ərəfələrdə əmək fəaliyyəti ilə bağlı X2-Peterbur şəhərində gedərək 2002-ci ilədək orada yaşamış və 2002-ci ildə yenə Bakı şəhərinə qayıtmışdır. Rusiya Federasiyasında yaşadığı zaman iddiaçı nikahın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və pasport qeydiyyatı mübahisəli mənzilə olsa da, məhkəmə bildirişləri valideynlərinə məxsus mənzilə verilmiş və ev telefonu vasitəsi ilə məhkəmə proseslərinin təyinatı barədə məlumatlar valideynlərinə, onlar isə öz növbəsində məlumatı ona çatdırmışdır. Rusiya Federasiyasında işləyib yaşamasına baxmayaraq Bakı şəhərinə gəlib məhkəmə proseslərində iştirak etmişdir. Halhazırda mübahisəli mənzildə yaşayır və bu yaxınlarda evdə yaranmış söz-söhbətin nəticəsində bildirilmişdir ki, mülkiyyətində olan mənzil artıq onun adına deyil, İddiaçı adına rəsmiləşdirilmişdir. Mübahisəli mənzilin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə qeydiyyat vəsiqəsinin götürərək mənzilin yerləşdiyi ərazi üzrə MKİS-nə müraciət etmiş və orada bildirilmişdir ki, qeydiyyat kitabında mülkiyyətçi kimi İddiaçı göstərilib. Daha sonra sorğuya cavabd olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəisinin məktubu ilə bildirmişdir ki, Xətai rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə ona məxsus mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Nəhayət, ərizə ilə məhkəməyə müraciət edib Xətai rayon Məhkəməsinin 2-708/04 saylı xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsini xx.xx.2020-ci il tarixdə əldə etmiş və məlum olmuşdur ki, həmin qiyabi qətnamə ilə mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qət edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə heç bir məlumatı olmamışdır. İş materiallarında da məhkəmə iclasının yeri və vaxtı barədə məlumatının olmasını təsdiq edən heç bir sübut yoxdur. Hazırkı iş üzrə qiyabi qətnamənin çıxarılması ilə əlaqədar mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, həmin mənzilə mülkiyyət hüququndan əsassız və qanunsuz olaraq məhrum edilmişdir. Digər tərəfdən, 2004-cü ildə başqa ünvanlarda yaşadıqları halda, daim uşaqları ilə ünsiyyət saxlayıb görüşmüş və uşaqları mübahisəli mənzildən götürən zaman ona məhkəmə prosesinin olması barədə iddiaçı tərəfindən heç bir məlumat verilməmişdir. Ücüncü bir tərəfdən, mübahisəli mənzilin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə qeydiyyat vəsiqəsinin əsli hal-hazırki vaxtadək özündə saxlanılır. Xətai rayon Məhkəməsinin qiyabi qətnaməsində bir birinə ziddiyətlı izahat göstərilib. Belə ki, qətnamədə göstərilir ki, (1-ci vərəq 2 abzas) “Mənzilin bölünməsinə dair razılaşa bilmirlər.” Dərhal sonra da yazılır ki, “Mübahisənin könüllü həlli üçün müxtəlif təkliflər irəli sürülmüş, Cavabdeh1 mənzilin onun mülkiyyətinə verilməsinə razılığım bildirsə də, rəsmiləşdirməyə təşəbbüs göstərməmişdir”. Bir tərəfdən mənzilin bölünməsinə dair razılaşa bilmədikləri, digər tərəfdən isə mübahisəli mənzilin iddiaçının mülkiyyətinə verilməsinə güya razılıq verməsi göstərilir. Mübahisəli mənzil valideynləri tərəfindən ona alınmış və iddiaçı bunu çox gözəl bilərək həmin mənzillə bağlı ona qarşı iddia qaldırmamış, nikahın ləğvindən 7 il keçəndən sonra iddia müddətini ötürdüyündən, mənzilin qeydiyyat vəsiqəsinin onun adına rəsmiləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə prosesinin keçirilməsini ondan gizlətmişdir. Ona görə də hesab edir ki, qiyabi icraat qaydasında işə baxan məhkəmə iddianı təmin etməkdə haqlı olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-708/04 saylı qərardadı ilə Bakı Şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-708/04 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək göstərmişdir ki, Cavabdeh1 ilə 1997-ci ildə faktiki qaydada ayrılmış və rəsmi qaydada boşanmışdır. Onunla faktiki ayrıldıqları vaxtdan cavabdeh evdən çıxıb getmiş və bu günə qədər həmin evdə yaşamamışdır. Cavabdeh 2020-ci ilin əvvələrində gəlib mübahisəli evə girmiş, evin qapısının kilidini dəyişdirmiş və beləliklə onu və qızı X3 evə buraxmamışdır. Hal-hazırda işi ilə bağlı ölkə xaricindədir, qızı Tamilla isə onun anasıgilin evində qalır. Göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Qara Şəhər küçəsi, 3 saylı evin 21 saylı mənzilinə Cavabdeh1 adına xx.xx.1992-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilərək onun adına qeydiyyat vəsiqəsi verilməsi, cavabdehin Bakı şəhəri Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi 3 nömrəli evin 21 nömrəli mənzilinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, özünün həmin mənzilə köçürülməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh1 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 5-ci Qara Şəhər küçəsi, 3 saylı evin 21 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsasladırmışdır ki, İddiaçı ansı, Cavabdeh1 isə atasıdır. 1997-ci ildə onlar boşanmış, qardaşı ilə o, anasının himayəsində qalmışlar və Bakı şəhəri Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi 3 nömrəli evin 21 nömrəli mənzilində anaları birlikdə yaşamışlar. Atası Cavabdeh1 boşandıqdan sonra Rusiyaya getmiş, həmin tarixdən evə gəlməmiş və orada yaşamamışdır. Ailənin bütün ehtiyaclarını, kommunal haqlarını, onların bütün tələbatlarını anası qarşılamışdır. Cavabdeh1 bir ata kimi, valideyn kimi 1997-ci ildən bu günə kimi heç vaxt onlarla maraqlanmamışdır. Cavabdeh 2020-ci ilin əvvələrində gəlib evə girmiş, qapının kilidini dəyişdirmiş və onu evə buraxmamışdır. Hal-hazırda ana tərəfdən babası və nənəsinin evində qalır. Geyim paltarları, bütün əşyaları mübahisəli evdədir və dəfələrlə paltarlarını götürmək üçün evə getsə də, cavabdeh qapını açmamışdır. Buna görə Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1991-ci il tarixdə bağlanmış nikah 1997-ci ildə ləğv olmuşdur. Mübahisəli mənzil cavabdehin valideyinlərinin təşəbbüsü və onlara məxsus pul vəsaiti hesabına alınmışdır, sadəcə olaraq həmin mənzil onun adına rəsmiləşdirilmişdir. Digər tərəfdən, mübahisəli mənzilə dair iddia qaldırmaq üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Hesab edir ki, iddiaçı tərəfindən iddianın verilmə müddəti ötürüldüyündən məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 nümayəndəsi Vəkil2 İddiaçı iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilməsinə etirazının olmamasını bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmsını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi qismən, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəisi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 və İddiaçı arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış bu nikahdan xx.xx.1992-ci il tarixdə X8 və xx.xx.1993-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Bakı şəhər 26-cı X5 xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 mülkiyətində olmuş Bakı şəhəri, 5-ci Qara Şəhər küçəsindəki 3 №-li evin 21 №-li mənzilini Cavabdeh1 satmışdır. Həmin mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə qeydiyyat vəsiqəsi vermişdir. Cavabdeh1 və İddiaçı arasında nikah ləğv edilmiş və bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 110 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, müəyyən edilir ki, qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsi onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri xx.xx.2000-ci il tarixədək yarandığı üçün hazırkı mübahisə Mənzil Məcəlləsinin 123-cü maddəsinin, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.” Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçıların ailə üzvü kimi yaşayış sahəsində yaşamaqla ailə qanunvericiliyinin tələblərinə əsasən istifadə hüququ əldə etdikləri və köçmək istədikləri mənzilə cavabdehin törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, məhkəmə işin araşdırılmış hallarına əsasən Bakı şəhəri Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi 3 nömrəli evin 21 nömrəli mənzilinin İddiaçı Cavabdeh1 ilə birgə nikahları dövründə əldə olunmasını, tərəflərin öz övladları ilə birlikdə orada yaşamasını, hazırda cavabdehin iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 həmin mənzildə yaşamalarına maneə törətməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, İddiaçı iddia tələbi qismən və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tələbi tam təmin edilərək, onlar mübahisəli köçürülməli, İddiaçı iddia tələbi Bakı şəhəri, Xətai rayonu, 5-ci Qara Şəhər küçəsi, 3 saylı evin 21 saylı mənzilinə Cavabdeh1 adına xx.xx.1992-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilərək onun adına qeydiyyat vəsiqəsinin verilməsi, cavabdehin Bakı şəhəri Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi 3 nömrəli evin 21 nömrəli mənzilinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissələrində isə əsassız olduğundan və iddiaçının həmin tələblə çıxış etmək hüququ yaranmadığından, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddiası qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, 5-ci Qara Şəhər küçəsi, 3 saylı evin 21 saylı mənzilinə köçürülsün. İddia tələbi qalan hissədə edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilsin. X7 Bakı şəhəri, Xətai rayonu, 5-ci Qara Şəhər küçəsi, 3 saylı evin 21 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-282/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-282/2021
01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver