Məhkəmə qərarları › İş №2(011)-282/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-282/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-282/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh 2005-ci ildə nikaha daxil olmuşlar, 2013-cü il tarixdə isə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur.

2. xx.xx.2021-ci il tarixdə cavabdehin vurması nəticəsində iddiaçının sağlamlığına zərər dəymiş, cinayət icraatı çərçivəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən iddiaçının bədənində müəyyən edilmiş xəsarətlər – ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ sağrı və sağ bud nahiyyələrində şişkinli qançırlar, sağ bud-çanaq oynağının gərilməsi və qeyri-stabilliyi, ağrı sindromu ilə küt əşyanın təsirindən törənmiş, tibbi sənədlərdə qeyd olunan xx.xx.2021-ci il tarixdə və şəraitdə, kənar şəxs tərəfindən yetirilə bilən, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmiş, bu əməlinə görə cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

3. Sonradan, iddiaçı səhhəti ilə bağlı tibb müəssisələrinə müraciət etmiş, ona sağ və ya sol tərəfli koksartroz (sağ tərəfli postravmatik koksartroz) diaqnozu təyin edilmiş, habelə Mərcan Klinikasında həmin diaqnoza əsasən iddiaçının üzərində bud-şanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatının (müayinə və müalicə də daxil olmaqla) həyata keçirilməsi üçün 15000 manat vəsaitə ehtiyac olduğu müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

4. İddia ərizəsinin dəlilləri:

5. İddiaçı 3000 manat və 15000 manat maddi ziyanın, 1000 manat mənəvi ziyanın, cəmi 19000 manat pulun cavabdehdən onun xeyirinə tutulması barədə iddia ərizəsi və iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə onu vəhşicəsinə döyərək ciddi bədən xəsarəti yetirmişdir. Buna görə tibbi müayinələrdən keçmiş, hətta barəsində tibbi ekspertiza təyin edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin verdiyi xx.xx.2021-ci il tarixli rəydə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti alması müəyyən edilmişdir. Cavabdehin əməllərinə görə o, ciddi psixoloji problemlər keçirmiş, həftələrlə işə gedə bilməmiş, müalicələrinə xeyli miqdarda xərcləri çıxmışdır. Hələ də həmin zərbələrin psixoloji olaraq təsiri altındadır. Q, 34 №-li musiqi məktəbində pianino müəlliməsidir. Məktəbdən kənar hazırlaşdırdığı şagirdləri var. Cavabdehin döyməsi nəticəsində hazırlıqları da dayandırmaq məcburiyyətində qalmış və bununla da ona külli miqdarda maddi ziyan dəymişdir. O, Mərcan Medical özəl klinakaya müraciət etmiş, müayinədən keçmiş və cavabdehin vurduğu xəsarətə görə sağ və sol tərəfli koksatroz diaqnozu ilə bud-çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı olmalıdır. Bunun üçün ondan 15.000 manat pul tələb olunur. Həmin pul məbləğinin cavabdehdən tututalaraq ona ödənilməsi zəruridir. Onun əməllərinə görə həm sağlamlığından olmuş, həm də külli miqdarda maddi ziyana düşmüşdür. Bundan başqa, o, “Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu” X4 müraciət edərək, cavabdehin sağlamlığımla vurduğu zərərlə bağlı arayış əldə etmiş, arayışda diaqnozu (İCD) 1416.5 qeyd edilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsində etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi (1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər)) baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

19. Maddə 1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi (1.0.1. xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu) çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.

20. Maddə 15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

21. Maddə 5-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir.

22. Maddə 15-20.1. Bu Qanunun məqsədləri üçün subroqasiya hüququ sığortaolunan üçün sığorta ödənişi həyata keçirilmiş olduğu təqdirdə, sığortaolunana dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişin həyata keçirilməsini təşkil etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə etmək hüququdur.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

24. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə iddiaçının sağlamlığına dəymiş zərərin yaranmasında cavabdehin təqsirli olub-olmamasına hüquqi qiymət verilməlidir.

25. İddiaçı ona təyin edilmiş diaqnozu (ona sağ və ya sol tərəfli koksartroz (sağ tərəfli postravmatik koksartroz)) cavabdehin onu döyməsi nəticəsində yaranmış xəsarətlə əlaqələndirərək maddi (sağlamlığının bərpa edilməsi üçün çəkəcəyi xərclər) və mənəvi zərərə görə pul tələb edir.

26. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır (§ 13 və 14).

27. Məhkəmə qeyd edir ki, iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tələb etməsi barədə iddiasına hüquqi qiymət verilərkən iddiaçının sağlamlığının pozulması ilə nəticələnən əməlin (hərəkətin) hüquqa zidd olması, iddiaçının sağlamlığına hazırda təyin edilmiş diaqnoz üzrə zərərin dəyməsində cavabdehin təqsirinin olub-olmaması, habelə hazırkı diaqnoz üzrə iddiaçının sağlamlığının pozulması ilə cavabdehin əvvəlki (xx.xx.2021-ci il tarixdə iddiaçının sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən), yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş təqsirli hərəkəti arasındakı səbəbli əlaqənin olması müəyyən edilməlidir.

28. İşin faktiki halları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə cavabdehin döyməsi nəticəsində iddiaçı yüngül bədən xəsarəti almış, bununla bağlı cavabdeh barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi üzrə təyin edilmiş AR SH-nin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 07/1207 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıda ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ sağrı və sağ bud nahiyyələrində şişkinli qançırlar, sağ bud-çanaq oynağının gərilməsi və qeyri-stabilliyi ilə müəyyən edilən xəsarətlər vardır, xəsarətlər ağrı sindromu ilə küt əşyanın təsirindən törənmiş, tibbi sənədlərdə qeyd olunan xx.xx.2021-ci il tarixdə və şəraitdə, kənar şəxs tərəfindən yetirilə biləndir. Cavabdeh bu əməlinə görə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

29. Həmçinin, hazırkı mübahisə üzrə iddiaçıya hazırda təyin edilmiş sağ və ya sol tərəfli koksatroz (bud-çanaq oynağının totoal dəyişdirilməsi) diaqnozu üzrə müəyyən edilmiş xəsarətin cavabdehin iddiaçını xx.xx.2021-ci il tarixdə döyməsi nəticəsində aldığı xəsarətlərdən (yuxarıda qeyd edilən 07/1207 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş ağrı sindromu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ sağrı və sağ bud nahilərində şişkin qançırlar, sağ bud-çanaq oynağının gərilməsi və qeyri-stabilliyi, ağrı sindromu ilə küt əşyanın təsirindən törənmə) yarana bilməsinin mümkünlüyü barədə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. AR SN “Məhkəmə -Tibbi Ekspertiza və X2” X6 tərəfindən verilmiş 216/KEŞ saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və mütəxəssis müayinəsinə əsasən iddiaçıda “Sağ tərəfli postravmatik İV mərhələ deformasiyaedici kistoz. Komponentli koksartroz. Ostrofik ovaskulyar nekroz İİİ mərhələ. Daimi kəskin ağrı sindromu”nun olduğu, bunun da travmatik xsarətdən sonra yaranmasının istisna edilməməsi müəyyən edilmişdir.

30. Şərh edilənlərdən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə iddiaçıya yüngül bədən xəsarəti ilə nəticələnən sağlamlığına zərər vurmasında həm cavabdehin təqsiri, həm əməlin qanunazidd olması, həm də iddiaçının sağlamlığının pozulması ilə cavabdehin hüquqa zidd əməli arasında səbəbli əlaqənin olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş, eyni zamanda iddiaçıya təyin edilmiş hazırkı diaqnoz ilə cavabdehin əvvəlki (məhkəmə hökmü ilə müəyyən edilmiş) qanunazidd əməli arasında səbəbli əlaqənin də olması iş materialları ilə tam sübuta yetirilir.

31. Lakin məhkəmə qeyd edir ki, iddiaçı sağlamlığının bərpa edilməsi üçün cavabdehdən maddi zərərə görə hazırkı əsasla pul tələb etməkdə haqlı deyil. Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və həmin qanunla əvvəli qanuna icbari tibbi sığorta münasibətlərini tənzimləyən yeni fəsil və yeni müddəalar əlavə edilmişdir. Qanuna əsasən icbari tibbi sığortanın əsas prinsipləri əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq iştirakının təmin edilməsi, sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi və s.-də ibarətdir (“Tibbi sığorta haqqında” AR Qanunun 15-1-ci maddəsi).

32. Həmçinin, “Tibbi sığorta haqqında” AR Qanunun göstərilən müddəlarından görünür ki, icbari tibbi sığortanın əsas məqsədi əhalinin sağlamlığının qorunması üçün onların tibbi xidmətlərdən daha tez və səmərəli şəkildə istifadəsinin təmin edilməsinə xidmət edir. Lakin Qanun bunun üçün də müəyyən şərtlər irəli sürür: Əvvəla, qanunla müəyyən edilmiş şəxslərin icbari qaydada tibbi sığortadan yararlanması üçün sığorta hadisəsi baş verməlidir. Qanunun mənasına görə sığorta hadisəsi sığorta ödənişinin verilməsinə səbəb olan hadisə və ya yaranan haldır, o cümlədən profilaktik tədbirlərdir. Sığorta ödənişi isə sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə .... uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaitidir (Qanunun 1.0.8-ci maddəsi). Qeyd edilən müddəalardan gəlinən nəticə ondan ibarətdir ki, qanunla dairəsi müəyyənləşdirilmiş sığortaolunanların (Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) səhhətində müalicə, müayinə və əməliyyata zərurətin yaranması, yaxud belə zərurət yaranmasa da, şəxsin profilaktik məqsədlə tibbi xidmətlərdən istifadə etmək istəməsi, icbari tibi sığorta münasibətləri anlamında, sığorta hadisəsinin baş verməsi hesab edilir.

33. Sığortaolunanların icbari tibbi sığortadan yaralana bilməsi üçün digər bir zəruri şərt isə sığorta hadisəsi baş verdiyi halda göstəriləcək tibbi xidmətlərin xidmətlər zərfinə daxil olması məsələsidir. Qanunun verdiyi anlayışa görə xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Göründüyü kimi, icbari tibbi sığorta üzrə sığortaolunanlara bütün tibbi xidmətlər deyil, yalnız xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsi qanunla tənzimlənir. İddiaçıya təyin edilmiş son diaqnoz üzrə sağlamlığının bərpa olunması üçün aparılacaq tibbi əməliyyatın icbari tibbi sığorta hesabına həyata keçirilib-keçirilməməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya TƏBİB-in xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, göstərilən tibbi xidmət İcbari Tibbi Sığorta üzrə X3 idarələr departamentinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsi ilə razılaşdırılmaqla növbəlilik prinsipi əsasında həyata keçirilir. İstisna olaraq təcili və təxirəsalınmaz hallarda növbədən kənar göstərilə bilər.

34. Bundan başqa, iddiaçı barəsində elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan bəlli olur ki, o, Bakı şəhər Mədəniyyət Baş İdarəsində musiqi müəllimi vəzifəsində işləyir və “Tibbi sığorta haqqında” AR Qanuna əsasən icbari tibbi sığorta üzrə sığortaolunan hesab edilir. Bu halda, iddiaçı ona təyin edilmiş diaqnoz üzrə üzərində tibbi əməliyyatın aparılması üçün müvafiq tibb müəssisəsinə müraciət etməli, təqdim edilən xidmətlər zərfi daxilində təklif edilən xidmətlərdən istifadə edə bilərdi. Bu zaman iddiaçının sağlamlığının bərpa olunması üçün çəkilən xərcin əvəzini cavabdehdən tələb etmək hüququna subroqasiya qaydasında xərci ödəmiş tərəf tələb edə bilərdi. Bu hüquqi əsas isə “Tibbi sığorta haqqında” AR Qanunun 15-20.1-ci maddəsində göstərilmişdir (§ 22).

35. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı icbari tibbi sığorta çərçivəsində sağlamlığını bərpa etməyə qanuni əsasları olduğu halda, dəyən zərərin əvəzini iddiaçıdan tələb etməkdə o halda haqlı olardı ki, ona təyin edilmiş diaqnoz üzrə üzərində aparılacaq tibbi əməliyyatın icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olmaması, habelə əməliyyat üçün tələb edilən xərcin bir hissəsinin qarşılanmaması barədə məhkəməyə sübutlar təqdim etsin.

36. Məhkəmə həmçinin, qeyd edir ki, belə sübutların təqdim ediləcəyi halda iddiaçının yeni əsasla gələcəkdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

37. Digər bir tərəfdən, iddiaçı sağlamlığının bərpa edilməsi üçün üzərində aparılacaq tibbi əməliyyata görə çəkiləcək xərcin yalnız 15000 manat olması, yaxud ondan daha az xərclə başa gəlməməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir.

38. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icbari tibbi sığorta üzrə sığortaolunan hesab edildiyindən ona təyin edilmiş diaqnoz üzrə üzərində tibbi əməliyyatın aparılması üçün müvafiq tibb müəssisəsinə müraciət etməklə, təklif edilən icbari tibbi sığorta zərfi çərçivəsində tibbi, xidmətlərdə istifadə etməli olduğu halda qanunla ona verilmiş bu hüquqi imkanı tükəndirmədən, yaxud onun bu xidmətlərdən istifadə etməsinin mümkün olmaması barədə məhkəməyə sübut təqdim etmədiyindən cavabdehdən 15000 manat pulun tutulması hissəsində iddia təmin edilə bilməz.

39. Məhkəmə həmçinin, hesab edir ki, iddia tələbi 3000 manat maddi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz.

40. Mülki Məcəllənin 21-ci maddəsində zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növü müəyyən edilmişdir. Açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Bu halda iddiaçı cavabdeh tərəfindən ona 3000 manat maddi zərərin dəyməsini sübuta yetirmək vəzifəsini daşıyır. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

41. Məhkəmə qeyd edir ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət etdiyi halda (MPM-nin 5.1-ci maddəsi), işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil.

42. Ümumiyyətlə, iddiaçı həmin zərərin nədən ibarət olması, cavabdehin təqsirindən ona təyin edilmiş diaqnoz üzrə sağlamlığının pozulmasından başqa, cavabdehin tərəfindən ona hansı zərərin dəydiyini iddia ərizəsində əsaslandırmamışdır. Odur ki, iddia tələbi 3000 manat maddi zərərin tutulması hissəsində də təmin edilə bilməz.

43. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı iddia tələbini əsaslı hesab edir.

44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

45. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

46. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

47. Əvvəldə də şərh edildiyi kimi, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, xx.xx.2019-cu il tarixdə sağlamlığı qiymtləndirilərkən ona kəllədaxili travmanın nəticələri, QKBT. Baş beyinin sağ yarımkürəsinin alın payının əzilməsi. Sağ mil bilək oynağının sınıq-çıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Oynaqların kontrakturası, sağğ diz və mil bilək oynağının postravmatik kontrakturası. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, İV dərəcəlik karlıq. Eşitmə sinirinin travması, sol tərəfli postravmatik kaxlear nevrit. Postravmatik ensefalopatiya. Ağ ciyərin digər travmaları, ağ ciyərlərin sıxılması. Bud sümüyü cisminin (diavizinin) sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı. Birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Sağ bu sümüyünün intramedulyar osteosintez və skafold osteosintezi əməliyyatından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarına və cibinin alt divarının bitişmiş sınığı. OU- Mioplya.VİS OD = 1.0 digər ensefalit mielit və ensefalomielit, Postravmatik stress, asteno depressiv təzahürlər, vegerativ disfunksiya diaqnozu qoyulmaqla, İİ qrup (əmək qabiliyyətiin 70% itirilməsi) əlillik dərəcəsi verilmişdir.

48. Həmçinin, iddiaçının növbəti xx.xx.2020-ci il tarixdə sağlamlığı qiymətləndirilərkən ona kəllədaxili travmanın nəticələri, QKBT. Baş beyinin sağ yarımkürəsinin alın payının əzilməsi. Ağırlaşma S04.6 eşitmə sinirinin travması, sol tərəfli postravmatik koxlear nevrit. Ağırlaşma F07.0. üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri. Ağırlaşma S12.0 birinci boyun fəqərəsinin sınığı, birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Ağırlaşma S62.8 biləyin və əlin digər hissələrinin dəqiqləşdirilməmiş sınığı. Sağ mil bilək oynağının sınıq çıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma F07.8 baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri diaqnozu təyin edilməklə İİ qrup (əmək qabiliyyətsiz) əlillik dərəcəsi verilmişdir.

49. Göründüyü kimi, cavabdehin təqsirindən baş vermiş cinayət əməli nəticəsində iddiaçı bədən xəsarətləri almış, hətta sonrakı dövrlərdə onun səhhətində ağırlaşmalar olmuşdur. Bütün bunların, yəni iddiaçının sağlamlığında sonradan ağırlaşmaqla baş vermiş bu dəyişikliklərin, onun şüurunda mənfi emosiyalara səbəb olması, iztirab çəkməsi isə şübhəsizdir. İddiaçının sağlamlığının tibbi sənədlərdə göstərilən həcmdə pozulması heç şübhəsiz ki, onun xoşbəxtlik hissinin azalmasına, stress keçirməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin təqsirindən sağlamlığının pozulması da nəzərə alındığı halda, düşdüyü ağır fizioloji durum onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Odur ki, mövcud şəraitdə yalnız pul kompensasiyası vasitəsilə ilə iddiaçı, müəyyən qədər təsəlli ala bilər.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil, çünki mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkmiş şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

51. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də iddia tələbi mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

52. Məhkəmə iddiaçının sağlamlıq vəziyyəti, habelə onun sağlamlığının pozulması nəticəsində mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, habelə himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 3 000 manat pul və ödənilmiş 60,40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar