Məhkəmə qərarları › İş №2(011)-2822/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2822/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2822/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23a saylı evin, 14 saylı mənzili (bundan sonra – Mənzil) Bakı şəhər X4 İcra Komitəsi tərəfindən xx.xx.1984-cü il tarixli, 210083 saylı order əsasında iddiaçıya verilmiş, orderdə onunla birlikdə ailə üzvləri – arvadı Validə Abiyeva, övladları Cavabdeh (cavabdeh) və Teymur Abiyevin adları da göstərilmişdir.

2. Mənzil 2001-ci il tarixdə iddiaçının adına özəlləşdirilmiş və bununla bağlı cavabdeh də razılıq ərizəsi vermişdir. İddiaçının Mənzilə dair mülkiyyət hüququ əvvəlcə xx.xx.2001-ci il tarixdə, ÖM seriylı, 095311 nömrəli Qeydiyyat vəsiqəsi əsasında, təkrar isə xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

3. Cavabdeh iddiaçının övladıdır, o, 6 aylıq olarkən valideynləri tərəfindən iddiaçının bacısına qeyri-rəsmi qaydada övladlığa verilmiş və cavabdeh həmin vaxtdan Mənzildə daimi yaşamamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Mənzildən cavabdehin istifadə hüqunun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzil 1983-cü ildən onun istifadəsindədir. 1971-ci ildə SU-303 Tikinti şirkətində işləyən vaxt həmin mənzil order əsasında ona verilmişdir. xx.xx.2001-ci ildə Qeydiyyat Vəsiqəsi əsasında həmin mənzili adına özəlləşdirmişdir. Həmin qeydiyyat vəsiqəsi itirildiyindən təkrar müraciət edərək xx.xx.2023-cü ildə yeni çıxarış almışdır. Cavabdeh onun oğludur. Cavabdeh mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, bir gün belə həmin mənzildə yaşamamışdır. 1971-ci ildə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 uşaqları anadan olub. Cavabdehi 6 aylığından bacısına övladlığa vermişdir. Bacısı Masallı rayonunda yaşadığı üçün 1972-ci ildən cavabdeh Masallı rayonu Musakücə kəndində yaşamışdır. Cavabdeh Mənzildə bir gün belə yaşamadağına onun qonşuları da məhkəmə prosesində şahidlik edə bilərlər. Mənzilin bütün komunal xərclərini o, ödəyir. Cavabdehin evində qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. O, xəstə adamdır və pensiya ilə dolanır. Onun heç bir yerdən gəliri yoxdur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onu 6 aylığından bibisinə (atasının bacısı) övladlığa verib və 1997-ci ilədək bibisi ilə birlikdə Masallıda yaşayıb. 1997-ci il tarixdə ailə həyatı quraraq həmin vaxtdan Bakı şəhəri, Səbail rayonunda yerləşən 20-ci sahə adlanan ərazidə kirayədə yaşayır. Masallıda bibisi ilə birlikdə qaldığı müddət ərzində tətillərdə, eləcə də sonra bir neçə dəfə Mənzilə müvəqqəti gəlmişdir. Ancaq sonradan uşağına qarşı xoş rəftar edilmədiyinə görə iddiaçı ilə və digər ailə üzvləri ilə əlaqəni kəsmiş və 12 il ərzində Mənzilə getməmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, iddiaçının ailəsindən onun özünü, arvadı Validə xanımı, qızları Elnarəni və oğulları Teymuru tanıyır. İddiaçı binanın 7-ci mərtəbəsində, o, isə 4-cü mərtəbədə yaşayır. Qonşu kimi münasibətləri yaxşı olmuşdur, lakin cavabdehin heç vaxt Mənzildə yaşadığını görməyib.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, 1999cü ildən iddiaçının yaşadığı binada 8-ci mərtəbədə yaşayır. Özünün də, arvadının da iddiaçının ailəsinə gediş-gəlişi var. İddiaçının Teymur adlı bir oğlu və bir qızı olduğunu bilirdi. İddiaçı ona indi bildirib ki, Qənbər adlı bir övladlarını bibisinə övladlığa veriblər. Cavabdehi heç vaxt Mənzildə yaşadığını görməyib.

Mülki işə tətbiq edilən hüquq:

2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

11. Maddə 53, 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

12. Maddə 53, 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

13. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

14. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

15. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. İşin mübahisəsiz halıdır ki, Mənzil iddiaçının sahibliyinə xx.xx.1984-cü il tarixdə Mənzilin verilməsinə dair order əsasında keçmişdir və həmin qərarda onunla bərabər ailə üzvləri kimi arvadı və övladlarının da adları qeyd edilmişdir. Bu baxımdan, mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir.

23. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

24. Mənzil Məcəlləsinin yuxarda qeyd edilə 53-cü maddəsinin 1-ci və 3-cü maddələrində icarədarla birikdə yaşayan şəxslərin onunla bərabər istifadə hüquqlarının yaranması üçün 2 şərt tələb olunur: birincisi, həmin şəxslərin icarədarın ailə üzvü olması. Bunlara daxildir icarədarın arvadı (əri), uşaqları və valideynləri, habelə icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər; ikincisi, həmin şəxslərin icarədarla birlikdə yaşayış sahəsində yaşaması. Yalnız hər iki şərtin eyni vaxtda mövcud olması icarədarla birlikdə yaşayan şəxslərin yaşayış sahəsindən onunla bərabər hüquqlara və vəzifələrə malik olması üçün hüquqi əsası yaratmış olur.

25. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının ailə üzvü-oğludur və doğulduqdan sonra 6 ay iddiaçı ilə birlikdə yaşamış, sonra isə iddiaçı tərəfindən rəsmi qaydada deyil, ailələr arasındakı razılaşmaya uyğun olaraq bacısına övladlığa verilmiş, bununla da cavabdehin daimi yaşayış yeri dəyişmişdir. Doğrudur, cavabdehin çox kiçik yaşlarından övladlığa verilməsi ilə onun daimi yaşayş yerinin dəyişməsi iradəsindən kənar baş versə də, yetkinlik yaşına çatdıqdan sonra da cavabdeh Mənzildə daimi yaşamaq üçün gəlməmişdir. Cavabdeh yalnız yay tətillərində və digər vaxtlarda valideynləri ilə (həmçinin iddiaçı) birlikdə Mənzildə yaşadığını bildirsə də, məhkəmə hesab edir ki, bu qaydada cavabdehin Mənzilə gələmsi daimi yaşaması məqsədi ilə deyil, onun qısa müddətlərdə valideynləri ilə görüşməsi ilə bağlı olmuşdur.

26. Beləliklə, şərh edilənlərdən də görünür ki, cavabdehin Mənzilə dair istifadə hüququ əvvəl yaransa da, sonradan onun daimi olaraq övladlığa verilməsi Mənzillə olan bağlılığını kəsmişdir ki, bu onun Mənzilə dair istifadə hüququnun itirilməsinə səbəb olmuşdur.

27. Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.

28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

29. Şərh edilənlər əsasında cavabdehin Mənzildə yaşamama səbəblərini araşdıraraq məhkəmə bir daha qeyd edir ki, cavabdeh kiçik yaşlarından övladlığa verildiyindən o, Mənzildə daimi yaşamamış, onun valideynləri ilə görüşməsi üçün gəlməsi isə daimi yaşaması məqsədilə olmamışdır. Kiçik yaşlarından onun Mənzildə yaşamaması iradəsindən kənar olsa da, yetkinlik yaşına çatdıqdan sonrakı zaman ərzində də Mənzildə daimi yaşamamışdır. Onun Mənzildə uzun müddət yaşamaması həm də, 1996-cı ildə ailə qurduqdan sonra daimi olaraq başqa yaşayış yerində kirayədə yaşaması ilə bağlı olmuş və bu hal onun iradəsi və istəyi ilə olmuşdur. Hətta, cavabdeh məhkəmə iclasında özü bildirmişdir ki, ailə həyatı qurduqdan sonra Mənzilə arabir gəlsə də, 2015-ci il tarixdən sonra, ümumiyyətlə gəlməmişdir.

30. Bundan başqa, iş üzrə dindirilmiş şahidlər isə, cavabdehin Mənzildə yaşamadığını bildirmişlər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin uzun müddət, hətta yetkinlik yaşına çatdıqdan sonra Mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar olmamış, cavabdeh isə özünün daimi yaşayış yerini övladlığa verildiyi bibisinin yaşadığı Masallı rayonunda yerlən yaşayış yerini olduğunu qəbul etmişdir. Cavabdehin uzun müddət ərzində Mənzildə yaşamaması onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olan haldır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23a saylı evin, 14 saylı mənzilinə dair istifadə hüququ itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar