Məhkəmə qərarları › İş №2(011)-2828/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2828/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2828/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanına dəymiş 3.000 manat maddi ziyanın və həmin hadisə nəticəsində iddiaçıya dəymiş 2.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçı evi Cavabdeh almışdır. Bu barədə notarial ərizəni iddia ərizəsinə əlavə etmişdir. Həmin evi iddiaçı 25 iyul 2022-ci il tarixdə almış və həmin tarixdən həmin ünvanda yaşamışdır. Yaşadığı dövrdə evi qazına, işığına və suyuna olduqca ciddi nəzarət etmişdir. 07 mart 2023-cü il tarixdə axşam saatlarında evi suyun basdığının şahidi olmuşdur. Həmin vaxt iddiaçının qızları və nəvələri də yanında idi. Onlar çox təəccüblənmiş və su gələn hər yeri bağlamaqlarına baxmayaraq evi durmadan su basırdı. Nəhayət iddiaçı usta çağırmaq məcburiyyətində qalmışdır və usta gəldikdə artıq suyun evin altından gedən su kanalının sızması nəticəsində yarandığını bilmişdir. O zaman anlamışdır ki, aldığı ev su turbasının üzərində inşa edilmişdir. İddiaçı səhərə qədər evə dolan suyu təmizləyə bilməmiş və bununla bağlı evi onlara satan Cavabdeh ilə danışmışlar ki, bu işi qaydasına qoysun və evə dəymiş ziyanı təmin etsin. Çünki suyun sızması nəticəsində evin divarlarında da çatlar əmələ gəlməyə başlamışdı. Cavabdeh isə bu məsələnin ona aid olmadığını bildirərək ziyanı qarşılamaqdan boyun qaçırmışdır. Bu hala qonşular da şahiddirlər. Artıq iddiaçı həmin evdə yaşamaqdan qorxur. Divarların təmiri ilə bağlı usta 3.000 manat ziyan olduğunu bildirmişdir. Eyni zamanda, iddiaçı evdən gecədən səhərə qədər suyun təmizlənməsi ilə əlaqədar qapılar açıq qaldığından bərk soyuqlamışdır. Həmin vaxtdan etibarən isə xəstədir. İddiaçıya maddi zərərlə yanaşı mənəvi zərərdə dəymişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişlər. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 150 kv. m torpaq sahəsi üzərində tikilmiş 85 kv.m-dən ibarət olan fərdi yaşayış evi qanunsuz tikilidir və tərəflər arasında olan razılaşmaya əsasən (cavabdehin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş 25 iyul 2022-ci il tarixli ərizə) cavabdeh həmin fərdi yaşayış evini iddiaçının istifadəsinə vermişdir. İddiaçı həmin fərdi yaşayış evinin su xəttinin üzərində inşa edildiyini, bu səbəbdən evi su basdığını, bununla da ona maddi və mənəvi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evini suyun basdığını, evin su xəttinin üzərində yerləşib-yerləşmədiyini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 10/3850 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan fərdi yaşayış evinin tikililərinin konstruktiv elementlərində (tavan, divar, döşəmə və s.) qüsurlar (çatlar, laminatın yararsız hala düşməsi, divar kağızlarının qopması və s.) əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, 120K saylı evə su axması və nəticədə fərdi yaşayış evinin yaşayış otağı, mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, fərdi yaşayış evinin qonşuluğunda yerləşən torpaq sahəsindən iddiaçının evinin alt hissəsinə doğru plastik materialdan su borusunun keçdiyi, faktiki olaraq həmin boru xəttinin kəsilərək istiqamətinin dəyişdirildiyi, bir hissəsinin isə evin altına doğru çəkildiyi müşahidə edilmişdir. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, iddiaçıya məxsus fərdi yaşayış evinə su sızması evin altından keçən boru xətlərində yaranan qəzadan baş verə bilər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, 120K saylı evdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1999,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunur ki, fərdi yaşayış evinin divarlarında və tavanında yaranmış çatların səbəbi və həmin çatların aradan qaldırılması tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, su sızma nəticəsində fərdi yaşayış evinin yaşayış otağı, mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində evin cavabdeh tərəfindən su xəttinin üzərində inşa edilməsi səbəbindən su sızmanın baş verdiyini qeyd etmişdir. İddiaçı istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə iclasında izahatı alınmış cavabdeh bildirmişdir ki, 2022-ci ildə evi öz istifadəsi üçün almış, evin həmin vaxt mövcud olması X1 ona verdiyi 03 mart 2022-ci il tarixli etibarnamədə də öz əksini tapmışdır. Daha sonra cavabdeh orada yalnız təmir işlərini həyata keçirdiyini, evin altından su xəttinin keçdiyini bilmədiyini, səhhətində yaranmış problemlə bağlı evi satmaq məcburiyyətində qaldığını bildirmişdir. İddiaçı evin məhz cavabdeh tərəfindən inşa edilməsini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin hərəkəti ilə iddiaçının evinə su sızması arasında səbəbli əlaqəni müəyyən etmək mümkün olmamışdır, yəni iddiaçının evinə suyun məhz cavabdehin tikintini düzgün aparmaması nəticəsində sızması ilə bağlı hallar müəyəyn edilməmişdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmədə sübuta yetirə bilmədiyindən iddia təmin edilə bilməz. Odur ki, iddia maddi ziyanın ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, baş vermiş hansı hadisələrdən sonra səhhətinə hansı ziyanın dəyməsi, bunun nəticəsində hansı həkimin müayinəsindən keçməsi, həkim müayinəsinə sərf edilmiş məbləğlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda da su sızmanın cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsi halı da məhkəmədə aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 70 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 70 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanına dəymiş 3.000 manat maddi ziyanın və həmin hadisə nəticəsində iddiaçıya dəymiş 2.000 manat mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş ekspert tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar