Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-283/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250 manat məbləğində vurulmuş zərərin və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chevrolet Aveo” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtomobil 10 iyun 2019-cu ildən 10 iyun 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 10 iyun 2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2019-cu il 02 avqust tarixində Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən “333” avtoservisin həyətində “X1 Prado” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Xətai RPİ-nin DYPŞ-i tərəfindən 10 avqust 2019-cu il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 29 avqust 2019-cu il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X1 Prado” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir. İddiaçı 03 sentyabr 2019-cu il tarixdə həmin məbləği zərərçəkmiş şəxs Məmiyev Nofəl Əkbər oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Chevrolet Aveo” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtomobil 10 iyun 2019-cu ildən 10 iyun 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 02 avqust 2019-cu il tarixində Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən “333” avtoservisin həyətində “X1 Prado” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Xətai RPİ-nin DYPŞ-i tərəfindən 10 avqust 2019-cu il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 29 avqust 2019-cu il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X1 Prado” markalı, **- BE-*** dövlət nömrə nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir. İddiaçı sığorta şirkəti 03 sentyabr 2019-cu il tarixdə həmin məbləği zərərçəkmiş şəxs Məmiyev Nofəl Əkbər oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin miqdarını müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 01 fevral 2022-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzinin 29 avqust 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Toyota Prado” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 02 avqust 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “X1 Prado” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 250 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Eyni zamanda keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası nəticəsində “X1 Prado” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci 250 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddia tələbi tam təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 250 manat məbləğində sığorta ödənişi, ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 270 manat alınaraq iddiaçı "xxxx" ASC-yə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 270 (iki yüz yetmiş) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-283/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-283/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver