Məhkəmə qərarları › İş №2(011)-2833/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2833/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2833/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 15 dekabr 2023-cü il tarixdə Fərhad adlı tanışı ona zəng edərək, övladının əməliyyat olunması üçün pula ehtiyac olmasını, sonra da həmin pulu qaytaracağını bildirmiş, o da Fərhad adlı tanışına pul göndərəcəyini bildirmişdir. Tanışı Fərhad adlı şəxs ona pulu “Milli Ön” ödəniş terminalı vasitəsilə sonununun ***-***-**-** saylı mobil nömrəsinə “M10” elektron pul kisəsinə qeydiyyatda olan pul kisəsinə göndərməsini xahiş etmişdir. O da həmin gün, yəni 15 dekabr 2023-cü il tarixdə saat 21:42-də Naftalan şəhəri, Habil Əliyev prospektində yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsi ilə səhvən ***-***-**-** saylı mobil nömrədə qeydiyyatda olan “M10” elektron pul kisəsinə 1115 manat pul göndərmişdir. Belə ki, Naftalan şəhəri, Habil Əliyev prospektində yerləşən 19011 nömrəli “Milli Ön” ödəniş terminalında əldə edilmiş xx.xx.2023-cü il tarixli, **********PW********** nömrəli qəbzin surətindən görünür ki, 1115 manat pul vəsaiti ***-***-**-** saylı “M10” hesabına köçürülmüşdür. Bundan sonra həmin şəxslə zəng vasitəsilə əlaqə yaratmağa çalışsa da mümkün olmamış, daha sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə qeydiyyatda olan “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə ilə saxlamış, həmin şəxsə pulu geri qaytarmaq haqqında təklif etdikdə cavabdeh ona rəsmi orqanlara müraciət etməsini bildirmiş, ona görə də iddiaçı bu barədə 15 dekabr 2023-cü il tarixli ərizə ilə Naftalan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Naftalan şəhər polis şöbəsində aparılan araşdırma nəticəsində 25 dekabr 2023-cü il tarixdə cinayət işininn başlanması rədd edilmiş və iddiaçıya cavabdehin yaşadığı yer üzrə 1115 manatını geri qaytarmaq məqsədi ilə əsassız varlanma iddiası ilə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1115 manat və dövlət rüsumu kimi ödədiyi 32 manat olmaqla, cəmi 1147 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naftalan şəhər polis şöbəsinin 25 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında ŞPŞ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitab”ında 300 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı cavabdehin yaşadığı yer üzrə məhkəməyə 1115 manatın geri qaytarmaq məqsədi ilə əsassız varlanma iddiası ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Naftalan şəhər, H.Əliyev prospektində yerləşən 19011 nömrəli “Milli Ön” ödəniş terminalından əldə edilmiş xx.xx.2023-cü il tarixli, ********** PW-********** №-li qəbzin surətindən görünür ki, 1115 manat pul vəsaiti ***-***-**- ** saylı “M10” hesabına köçürülmüşdür. Eyni zamanda DİN-in VMAS Məlumat Axtarış sistemindən əldə edilmiş çıxarışa əsasən ***-***-**-** saylı mobil nömrəsinin sahibinin xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, hərbi mükəlləfiyyətli, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh olması müəyyən edilmişdir. Araşdırma zamanı Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə qeydiyyatda olan “vatsapp ani mesajlaşma və mübadilə sistemi” vasitəsilə Naftalan ŞPŞ-nin İQ-un müstəntiqi, polis baş leytenantı Elvin Cəlilovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmışdır. Əlaqə zamanı Cavabdeh heç bir suala cavab vermədən ünvanına məktub göndərilməsini və danışmaq istəmədiyini bildirmişdir. İş materiallarında olan “Milli Ön” ödəniş terminalından əldə edilmiş xx.xx.2023-cü il tarixli, ********** PW-********** №-li qəbzin surətindən görünür ki, 1115 manat pul vəsaiti ***-***-**- ** saylı “M10” hesabına köçürülmüşdür. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, ***-***-**-** saylı mobil nömrə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 439.4-cu maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: (maddə 1092.1.) bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.2.) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. (maddə 1092.3.) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. (maddə 1093.2.) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Naftalan şəhər polis şöbəsinin 25 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə təsdiq edilir ki, İddiaçı 15 dekabr 2023-cü il tarixdə saat 21:42-də Naftalan şəhəri, Habil Əliyev prospektində yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə əvəzinə yanlışlıqla Cavabdeh məxsus ***-***-**-** saylı mobil nömrədə qeydiyyatda olan cavabdeh “M10” elektron pul kisəsinə 1115 manat pul göndərmişdir. Bununla bağlı iddiaçı Naftalan şəhər polis şöbəsinə müraciət etmiş və 25 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, iddiaçıya cavabdehin yaşadığı yer üzrə məhkəməyə 1115 manatın geri qaytarmaq məqsədi ilə əsassız varlanma iddiası ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh heç bir suala cavab vermədən ünvanına məktub göndərilməsini və danışmaq istəmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı müqavilə münasibətinin olması müəyyən edilmədiyi və iddiaçının yol verdiyi yanlışlığa görə cavabdehin 1115 manat pul vəsaitini əsassız olaraq əldə etdiyi sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 1115 manat pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1115 manat pul vəsaiti və 32 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar