Məhkəmə qərarları › İş №2(011)-2845/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2845/2025

13.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2845/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı Cavabdeh qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizənin yolverilməzliyinə görə, icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, ...yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı tələbə ümumi məhkəmədə baxıla bilməz. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə olan halda, iddiaçıya izah edilməlidir ki, o, cavabdehin mənzildən qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməsi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-2845/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı Cavabdeh qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi Prosessual hərəkət saat 09:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 09:45-də qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar