Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2860/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, ünvan 1, 11 saylı mənzili xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi yolu ilə almış və həmin mənzil onun adına xx.xx.2023-cü ildə mülkiyyət hüququ tanınmışdır. ünvan 1, 11 saylı mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşayır. Cavabdeh mənzilin keçmiş sakinidir. Cavabdehin ailə üzvü ilə alqı-satqı müqaviləsi bağlayarkən cavabdeh mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Cavabdehin ailə üzvü həmin mənzili iddiaçıya sataraq mənzildən çıxmışdırlar. Mənzil iddiaçıya satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildə cavabdeh yaşamır. Lakin bütün bunlara baxmayaraq cavabdeh indiyə qədər mənzildə pasport qeydiyyatındadır. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehin qeydiyyatda olması iddiaçıya maddi cəhətdən ziyan vurduğundan iddiaçı əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Ona görə də mənzildən cavabdehin istifadə hüququ itirilməlidir. İddiaçı göstərilənlərə əsasən, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPMnin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, 11 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 07 fevral 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1, 11 saylı mənzil 27 yanvar 2023-cü il tarixdə satıcı X1 tərəfindən İddiaçı 50000 manat məbləğinə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli 06 fevral 2024-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1, 11 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ünvan 1, 11 saylı mənzili 27 yanvar 2023-cü il tarixli yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən almış, həmin mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzilin keçmiş sakini olan cavabdeh həmin mənzili iddiaçıya satdıqdan sonra köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və Cavabdeh ünvan 1, 11 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1, 11 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2860/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2860/2024
15.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver