Məhkəmə qərarları › İş №2(011)-2861/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2861/2023

08.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2861/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Raxmetullayeviçə, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Raxmetullayeviçin, Cavabdeh3 və Cavabdeh4 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 22B, 1 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 22B, 1 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının xüsusi mülkiyyətinə qeydiyyatdan keçiriləndən sonra iddiaçının yaxınlarının başqa yerdə qeydiyyatları olmadığı üçün və onların Bakı şəhərinə qeydiyyatları barədə şəxsiyyət vəsiqələri almaları üçün iddiaçı yaxınlarına həmin mənzilə qeydiyyata düşmələrinə icazə vermişdir. Buna görə onun qohumları olan cavabdehlər iddiaçının mənzilinə qeydiyyata düşmüşlər. O zaman tərəflərin razılaşmasına əsasən cavabdehlər özlərinə mənzil aldıqda və ya başqa mənzil sahəsi tapdıqdan sonra könüllü olaraq mənzildən qeydiyyatdan çıxacaqdılar. Cavabdehlər orada qeydiyyatda olmaqlarına baxmayaraq heç vaxt həmin mənzildə yaşamayıblar və bugün də yaşamırlar. Sonradan cavabdehlərin bəziləri Rusiya Federasiyasına daimi yaşamaq üçün getmiş və Rusiya vətəndaşlığını alaraq iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmaq barədə ərizə vermişlər. Belə ki, Cavabdeh2 Raxmetullayeviç Rusiya pasportu aldıqdan sonra könüllü olaraq ərizə yazaraq mənzildən qeydiyyatdan çıxmasını bildirməsinə baxmayaraq, onun könüllü olaraq mənzildən qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Cavabdeh3 öz şəxsiyyət vəsiqəsinin üzərinə öz xətti ilə yazaraq iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, Cavabdeh3 hazırda Rusiya Federasiyasında yaşayır və oxuyur. Cavabdeh4 Almaniyanın Bonn şəhərində yaşayır və öz şəxsiyyət vəsiqəsinin üzərinə öz xətti ilə yazaraq bildirmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir. Hazırda cavabdehlərdən yalnız Cavabdeh1 mənzildən çıxmaq istəmir və iddiaçıdan əlavə pul kompensasiyası tələb edir. Halbuki iddiaçı dəfələrlə ona kifayət qədər pul vermişdir. Cavabdeh1 adına ünvan 1 ünvanda 29.3 kv.metr sahəsi olan xüsusi mülkiyyətində daşınmaz əmlakı var. Cavabdeh1 iddiaçıdan aldığı pulların əvəzinə başqa əmlak almasına baxmayaraq həmin əmlakları məqsədli şəkildə öz adına qeydiyyatdan keçirmir. Cavabdeh1 məqsədi iddiaçının oğlu olmasından istifadə edərək əlavə kompensasiya alsın. İddiaçı və onun həyaat yoldaşı xəstədir. Cavabdeh1 onların qayğısına qalmalı olduğu halda bir dəfə də olsun heç bir formada köməklik göstərməmişdir. Onların müalicəyə ehtiyacları var. İddiaçı mənzili kirayəyə verərək aldığı cüzi vəsaitlə dolanır. Mənzildə başqa şəxslərin qeydiyyatda olması səbəbindən iddiaçı mənzilindən qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə istifadə edə bilmir. Bu səbəbdən mənzildə qeydiyyatda olanlar, lakin heç vaxt mənzildə yaşamayan cavabdehlərin qeydiyyatları ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, cavabdehlər 2017-ci ildə iddiaçıya məxsus mənzildə yaşayıblar. Belə ki, 2017-ci ildə iddiaçı ləyaqətsiz vərəsə ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt tərəflər arasında dava-dalaş olduğundan cavabdehlər məcbur olub mənzildən çıxmışdırlar. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71.13 kv. metr olan mənzil İddiaçı mülkiyyətindədir. Təqdim edilmiş arayışa əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Raxmetullayeviç, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh2 Raxmetullayeviçin Rusiya Federasiyası tərəfindən təqdim edilmiş vəsiqəsindən görünür ki, 22 fevral 2019-cu il tarixdən Moskva vilayətinin Domodedovo şəhərinin Brestskaya küçəsi 12A ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Eyni zamanda iş materiallarına əlavə edilmiş rus dilində əlyazma ilə tərtib olunmuş ərizədən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanından qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş rus dilində əlyazma ilə tərtib olunmuş ərizədən görünür ki, Cavabdeh3 ünvan 2 ünvanından qeydiyyatdan çıxmağa etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 aid sənəddən görünür ki, o, 29 iyun 2022ci il tarixdən Rusiya Federasiyasında müvəqqəti yaşamaq üçün vəsiqə almışdır. İş materiallarına əlavə edilmiş rus dilində əlyazma ilə tərtib olunmuş ərizədən görünür ki, Cavabdeh4 Almaniya Federativ Respublikasının Bonn şəhərində yaşadığını qeyd edərək ünvan 2 ünvanından qeydiyyatdan çıxmağa etiraz etmir. Cavabdehlərdən Cavabdeh1 istinad olunan ünvanda yerləşən evdən kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilməsinə etiraz mövqeyindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən heç biri iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzildə yaşamırlar. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh4 Bonn şəhərində ailə qurmuş və orada yaşamaqdadır. İş materiallarında mövcud olan Cavabdeh4 aid olması istinad edilən əlyazmada bu halı müşahidə etmək mümkündür. Tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh3 Rusiya Federasiyasında təhsil almaq üçün ölkəni tərk etmiş və orada müvəqqəti yaşamaq üçün vəsiqə almışdır. Eyni zamanda onun da əlyazmada mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etməsi müşahidə olunur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh2 Raxmetullayeviç ailəsi ilə birlikdə valideynləri tərəfindən Rusiya Federasiyasının ərazisində yerləşən mənzildə yaşayır. Həmçinin onun da əlyazmada mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etməsi müşahidə olunur. Bu üç cavabdehə münasibətdə nə qədər ki, məhkəməyə təqdim olunmuş ərizələrin həqiqiliyinə şübhə yaradacaq və ya onları təkzib edəcək dəlillər təqdim edilməyib, məhkəmə üç cavabdehin iddia tələbini qəbul etdikləri qənaətinə gəlir. Digər Cavabdeh1 münasibətdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 2014-cü ildə istinad olunan ünvan üzrə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatdan cavabdehin 2015-ci ilin avqust ayına qədər orada yaşadığı, cavabdehin nümayəndəsi və vəkilinin məhkəmədə verdiyi izahatdan isə cavabdehin 2017-ci ilədək orada yaşaması qeyd olunur. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin vəkilinin verdiyi izahatlarla müəyyən olunur ki, iddiaçı Cavabdeh1 istinad olunan ünvan üzrə yerləşən mənzilə buraxmır və sonuncu məcbur qaldığından kirayə yaşayır. İddiaçının məhkəmədə verdiyi izahatlarla müəyyən edilir ki, tərəflər arasında yaranmış münaqişədən sonra oğlu Nasrulla könüllü olaraq mənzili tərk etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının vəkili hüquqularını müdafiə etdiyi şəxsin Cavabdeh1 mənzilə buraxılmadığını qeyd etsə də onun bu halı aradan qaldırmaq üçün məhkəməyə və ya digər hüquq-mühafizə orqanlarına müraciət etməsi və ya buraxılmamasını sübut etmək üçün hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq məhkəmə iclaslarının birində cavabdehin vəkili bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs valideynləri ilə razılığa gələrək istinad olunan ünvan üzrə yerləşən mənzili daha yüksək məbləğə kirayə verə bilmələri üçün o, könüllü olaraq digər ünvan üzrə kirayə qalmağa razılaşmışdır. Beləliklə, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, Cavabdeh1 son 5 il ərzində istinad olunan ünvanda yaşamamış, onun mənzilə buraxılmaması ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mənzildən istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi olmaqla həmin mülkiyyətdən başqa yaşayış sahəsi olmadığı üçün həmin sahədən istifadə etmək və orada yaşamaq hüququnu özündə ehtiva edir. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən cavabdehlərin həmin mənzildən istifadə hüquqları yaranmışdır. Lakin cavabdeh son 5 il ərzində könüllü olaraq mənzildə yaşamamaqla ondan istifadə etməmiş, digər ünvan üzrə yaşamışdır. Cavabdeh mənzildən istifadə edə bilməməsinin iddiaçının təqsiri ucbatından olmasını, ona bununla bağlı maneələr yaradılmasını sübuta yetirə bilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, o, könüllü olaraq digər ünvanda yaşamaqla hazırkı mənzildən istifadə ilə bağlı zərurətin aradan qalxdığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, üç cavabdehə münasibətdə onlar iddianı qəbul etdiklərindən iddia onlara münasibətdə təmin edilməlidir. Dördüncü cavabdeh olan Cavabdeh1 münasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, mənzillə bağlı istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməlidir. Çünki kompensasiyanın verilməsinin mahiyyəti ondan ibarətdir ki, mənzildən istifadə hüuququ olan şəxsin istifadə hüquqlarına xitam verildikdən sonra yaşamaq üçün başqa sahəsi mövcud olmur və o, eyni şəraitli yaşayış sahəsində müəyyən müddət yaşaması üçün ona kompensasiya ödənilir. Yuxarıda istinad olunanlardan görünür ki, Cavabdeh1 könüllü olaraq son 5 il ərzində mənzildə yaşamamışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokoluna əsasən mülkiyyət hüququ toxunulmazdır. Hazırkı iş üzrə Cavabdeh1 mənzildə qeydiyyatda olmağından istifadə edərək mənzildə yaşamadığı təqdirdə onun istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsini bəyan etməsi mülkiyyətçinin hüquqlarının pozulması deməkdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Raxmetullayeviçin, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 22B, 1 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar