Məhkəmə qərarları › İş №2(011)-2892/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2892/2025

02.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2892/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin və onların ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 məhkəmə prosessində iddia tələblərini qəbul etmişdir buna görə Cavabdeh2 qarşı iddia tələbindən imtina edirlər. Məhkəmə tərəfindən Cavabdeh2 cavabdehlər sırasından çıxarılmışdır. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən üç otağlı mənzili Bakı şəhəri İcra hakimiyyətinin orderi əsasında 12 yanvar 1976-cı il tarixdə almışdır. O vaxtdan bu günə kimi o həmin ünvanda yaşayır. Onun oğlu Xəlilov Cəfər 1994cü ildə Vətən müharibəsində Kəlbəcərdə şəhid olmuşdur. Bundan sonra onun digər övladları Fərrux və Təranə ailə üzvləri ilə birgə Rusiya Federasiyasına işləməyə getmişlər və uzun müddətdir ki, Azərbaycana gəlmirlər. Artıq 30 ilə yaxındır ki, cavabdehlər Rusiya Federasiyasının vətəndaşlığın qəbul edib daimi orada yaşayırlar. İddiaçının artıq 81 yaşı var, həyat yoldaşı vəfat etmişdir, onun evində qeydiyyatda qalan cavabdehləri tapa bilmir, onunla əlaqə saxlamırlar. Evinin hüquqi statusun həll etməlidir, evini özəlləşdirib, öz düşüncələrinə və iradına uyğun olaraq övladlarına, nəvələrinə vəsiyyət etmək istəyir, lakin cavabdehlərin və onların ailə üzvlərinin qeydiyyatda qalmağları onun bir sıra hüquqlarını pozur. Cavabdehləri və ailə üzvlərini tapa bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yaşadığı mənzili aldıqdan sonra o uzun müddət ərzində yaşamaq üçün yararlı vəziyyətə çatdırmaq üçün evini bir neçə dəfə təmir etmişdir, daimi olaraq evinin bütün kommunal və diqər xərclərin ödəmiş, hal-hazırda aldığı evdə yaşayıram. Hesab edir ki, cavabdehlərin uzun müddətdir daimi yaşamaq ücün başqa yaşayış sahəsinə köçdüyündən, onun evində yaşamadığından, həmin evə istifadə hüququnun itirilmiş hesab olunmasının qanuni əsası vardır. Hesab edir ki, onun mənzil üzərində mülkiyyət hüququnun müdafiəsiz qalmaması üçün cavabdehlərin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Cavabdehlərin mənzildə qeydiyyatda qalması ona mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də məqsədi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Cavabdehlərin həmin ünvanda olan qeydiyyatı formal xarakter daşıyır və ümumiyyətlə orada heç bir əşyası və əmlakı yoxdur. Cavabdehin etirazının dəlilləri: İddiaçının evində qeydiyyatda qalan cavabdehləri tapa bilmir, onlarla əlaqə saxlamırlar deyə dəlilləri həqiqəti əks etdirmir. Cavabdeh daimi olaraq hər gün bu mənzildə daimi olaraq yaşayırsa necə tapa bilmir, maraqlıdır. Buradan da görünür ki, iddianın dəlilləri real faktiki əsasları deyil formallığa söykənmişdir. Mənzil orderi (sosial mənzilə dair order) bir şəxsin adına rəsmiləşdirilibsə, həmin şəxs mənzildə əsas istifadəçi sayılır. Lakin orderdə adı olan digər ailə üzvləri də müəyyən hüquqlara malikdirlər, xüsusilə də uzun müddət həmin mənzildə yaşayır və qeydiyyatdadırsa. Bildiririk ki, Cavabdeh1 uzun müddətdir və hal-hazırda da bu mənzildə yaşayır iddiaçı ilə də münasibətləri normaldır. Cavabdeh1 1976-cı ildən etibarən order əsasında verilmiş bu mənzildə qeydiyyatdadır. Mənzil atasına – keçmiş hərbi qulluqçunun ailəsinə dövlət tərəfindən verilmişdir və bu order daimidir. Həqiqi Hərbi Xidmətə də cavabdeh bu mənzildə qeydiyyatda olaraq Xətai Hərbi Komissarlığı tərəfindən göndərilmişdir. Doğulduğu gündən etibarən həmin mənzildə yaşamışdır. Sonradan müəyyən müddət xaricdə (Rusiyada) müvəqqəti olmuş, lakin 2019-cu ildən bəri daimi olaraq bu mənzildə daimi yaşayır. Cavabdeh1 bu mənzilin saxlanmasına və idarəsinə bilavasitə töhfə verir: kommunal xərclərin ödənilməsində iştirak edir və mənzildə ailə üzvü kimi bütün hüquq və vəzifələri yerinə yetirir. Atası İddiaçı – order sahibi ilə münasibətləri normaldır, birlikdə yaşayırlar və aralarında ailədaxili münaqişə yoxdur. Sadəcə qardaşı Ruslan evə yiyələnmək məqsədi ilə evi özəlləşdirilərək onun adına rəsmiləşdirilməsi məqsədi ilə atasını təsir altında saxlamaq üçün öz evinə aparmışdır. Mənzil cavabdehin yeganə yaşayış yeridir. Heç bir alternativ yaşayış yeri yoxdur. Onu qeydiyyatdan çıxarmaq, faktiki yaşayış hüququndan və konstitusion hüquqlarından (yaşamaq, qeydiyyatda olmaq, ailə həyatı qurmaq və s.) məhrum etmək anlamına gələr. Qanunvericiliyə əsasən, şəxsin uzun illər ərzində daimi qeydiyyatda olması, faktiki orada yaşaması və kommunal öhdəlikləri yerinə yetirməsi onun istifadə hüququnun qanuni şəkildə formalaşdığını göstərir. Yuxarıda göstərilən halları nəzərə alaraq, iddianın əsassız olduğu qənaətindəyik və tam şəkildə rədd edilməsini xahiş etmişdirlər. Etiraz ərizələrinə əlavə olaraq MKİS-nin arayışını da əlavə etmişlər. Həmin arayışda da göstərilmişdir ki, Cavabdeh1 bu mənzildə yaşayır və mənzilin kommunal xərclərini də ödəyir. Order dedikdə burada mənzilə dair yaşayış sahəsinin istifadəsi hüququnu təsdiq edən rəsmi sənəd nəzərdə tutulur. Xüsusilə Sovet dövründə və ondan sonrakı illərdə hərbi qulluqçulara və dövlət qulluqçularına mənzil verildikdə, bu mənzillər müvəqqəti olmayan, daimi istifadə hüququ ilə təqdim olunurdu və bu hüquq "order" adlı sənədlə rəsmiləşdirilirdi. Mənzilə verilmiş orderdə Cavabdeh1 ailə üzvü kimi göstərilmişdir. Həmin sənədə əsasən onun mənzildə istifadə hüququna malik olduğunu rəsmi olaraq sübut edir və onun bu mənzildən çıxarılması demək olar ki, qeyri-mümkün olur - xüsusilə də orada qeydiyyatda qalır və faktiki yaşayırsa. Bir daha göstərmiş ki, mənzilə dair order 12 yanvar 1976-cı il tarixində cavabdehin atası – İddiaçı adına verilmiş və bu order daimi xarakter daşıyır. Bu, Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 11 nömrəli qərarı əsasında rəsmiləşdirilmiş və 157642 saylı orderlə sənədləşdirilmişdir. Bu barədə Müdafiə Nazirliyinin Mİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış da mövcuddur. Order sənədində cavabdeh – İddiaçı da daxil olmaqla ailənin digər üzvləri ilə birlikdə qeyd edilmişdir. Bu, cavabdehə həmin mənzildə daimi istifadə hüququ verir və bu hüququn məhdudlaşdırılması yalnız qanunvericiliklə ciddi əsaslandırılmış və icrası mümkün hallarda mümkündür. Cavabdeh1 mənzilə və ümumi sahəyə qulluq edir, kommunal xərcləri ödəyir və bu sahəyə ailə üzvü kimi qayğı göstərir. Cavabdeh 2019-cu ilədək bu gün də mənzildə ona ailə üzvü olaraq dəstək olur. Cavabdehin bu mənzildən çıxarılması və istifadə hüququnun ititrilməsi Konstitusiyanın 43cü maddəsinə ziddir – bu maddəyə əsasən, heç kəs qanunsuz olaraq mənzilindən məhrum edilə bilməz. Eyni zamanda, qanun daimi yaşayış və qeydiyyat hüququnun müdafiəsini təmin edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qəbul etmədikləri, məhkəmədən iddia tələbinin təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: 260 saylı, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 6 saylı mənzil-kommunal istismar sahəsinin arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 55 saylı mənzildə İddiaçı xx.xx.2019-cu ildən, Cavabdeh2 xx.xx.1991-ci ildən, Cavabdeh1 xx.xx.2019-cu ildən, X17 xx.xx.2019-cu ildən, X18 xx.xx.2019-cu ildən, X19, X11, X4 2000-ci ildən, X5 daimi qeydiyyatdadır. Azərbaycan SSR Bakı şəhəri X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 157643 nömrəli 12 yanvar 1976-cı il tarixli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 55 saylı mənzilə dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin orderə əsasən İddiaçı, yoldaşı X6, oğlu Cavabdeh1, qızı X12 və oğlu X21 mənzilə köçmüşdürlər. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 68 saylı mənzildə yaşayan X1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, N.Tusi 18, mənzil 55-də yaşayan Cavabdeh1 həmin ünvanda yaşadığını və ailəsi, həyat yoldaşı Xəlilova Təranə uşaqları ilə həmin mənzildə uşaqlarını təstiq edir. Bildirmişdir ki, daimi iş yeri olmadığından ara-sıra xarici ölkələrə (Rusiya) Qazanc dalınca gedib gəlirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2019-cu ildən Bakı şəhəri, ünvan 5 ünvanda həmçinin xx.xx.1944-cü il təvəllüdlü İddiaçı, xx.xx.1971-ci il təvəllüdlü X13, xx.xx.1999-cu il təvəllüdlü X11, xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.1996-cı il təvəllüdlü Xəlilov Ramil, xx.xx.1992-ci il təvəllüdlü Xəlilov Ramin, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1996-cı il təvəllüdlü X5 qeydiyyatdadır. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 59 saylı mənzildə yaşayan X2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 onun yaşadığı binanın 55 sayl mənzilində yaşayır. Qonşu münasibətlərindən ona məlum olan o və ailəsi 2019-cu ildən 55 saylı ünvanda yaşayırlar. Bundan başqa o qazanc məqsədilə ara sıra Rusiya Federasiyasına gedib gəlir. Qonşu kimi mehriban, ünsiyyətcil, təmizliyə riayət edən ailə kimi xarakterizə olunurlar. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 71 saylı mənzildə yaşayan X15 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan vətəndaşı Cavabdeh1 ünvan 6 ünvanda yaşayır. 2019-cu ildən periodik olaraq qazanc məqsədilə Rusiyaya gedir. Fərruxun həyat yoldaşı periodik olaraq bir neçə aylıq tək və ya uşaqları ilə Bakıya gəlir. Sonuncu dəfə Fərrux Rusiyaya 2022-ci ildə qazanc məqsədilə getmiş, bu yaxında 2 ay əvvəl Bakıya geri dönmüşdür. Çox xeyirxah, diqqətli və hörmətli adamdır. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 87 saylı mənzildə yaşayan X7 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan vətəndaşı Cavabdeh1 ünvan 7 ünvanında yaşayır. Cavabdeh1 işləri ilə əlaqədar mütamadi olaraq ailəsi ilə birlikdə RF-na gedib gəlir. Cavabdeh1 və ailəsi doğurdanda N.Tusi 18, mənzil 55də yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 6 saylı MKİS-nin 102 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən, həqiqətən Cavabdeh1 N.Tusi küçəsi, 18 saylı evin, 55 saylı mənzilində yaşayır. Pasport qeydiyyatına düşüb xx.xx.1976-cı ilə və hal-hazıra kimi göstərilən ünvanda yaşayır. Mənzil kommunal xərclərini ödəyir. Mülki iş üzrə şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh ilə qonşudurlar. Uşaqlıqdan bir birilərini tanıyıblar. Sonradan cəbhə yoldaşı olublar. Fərrux o mənzilin sakinidi hamı kimi. Bəzi maddi problemlərə görə gedib gəlib Rusiyaya. Amma indi daimi orada qalır. Qazı, suyu, işığı ödəyir. Anası yaşıyanda ona da çoxlu qulluq edib. Mülki iş üzrə şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində bidirmişdir ki, iddiaçı və cavabdeh ilə qonşudurlar. Artıq 40 ildir ki orada yaşayır. O, ora gələndə Fərrux məktəbdə oxuyurdu. İddiaçı, onun yoldaşı və uşaqları orda yaşayırdı. Fərruxda yaşayırdı. Həmişə burda olmurdu. Arada Rusiyaya gedirdi, arada başqa yerdə yaşayırdılar. Cavabdehin yoldaşı ilə anasının araları biraz pis idi. Hazırda isə orada Fərrux yaşayır. Bütün keçən il burada olub, indi də dörd aydır artıq burdadır. Anası xəstə olanda da burda idi. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir; İzah edilsin ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Çaltikova (Xəlilova) Əcəbnaz Əhməd qızı nikaha daxil olmuşlar. Onların birgə nikahdan 4 övladları: xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü Xəlilova (Bağırova) Təranə Vaqif qızı, xx.xx.1977-ci il təvəllüdlü X20 və X21 anadan olmuşdur. İddiaçı 12 yanvar 1976-cı il tarixdə Azərbaycan SSR Bakı şəhəri X9 İcraiyyə Komitəsi tərəfindən 157643 nömrəli order verilmiş və həmin orderə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 55 saylı mənzilə dair mülkiyyət hüququ onun adına qeydiyyata alınmışdır. Onunla birlikdə həmin ünvanda yoldaşının və uşaqlarının da istifadə hüququ tanınmışdır. Odur ki, cavabdehin mənzillə bağlı istifadə hüququ ilə bağlı məsələ 12 yanvar 1976-cı il tarix əsas götürülərək “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən araşdırılmalıdır. Yuxarıda göstərilən Məcəllənin 53-cü maddəsinə əsasən, yaşayış evinin icarədarı ilə bildirlkə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara, o cümlədən yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırkı mülki iş üzrə görünür ki, İddiaçı 12 yanvar 1976-cı il tarixli, 157643 nömrəli order əsasında ona məxsus sözügedən mənzilə ailə üzvləri ilə birgə köçmüşdür. Belə olan halda, ailə üzvü olan Cavabdeh1 12 yanvar 1976-cı il tarixdən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 55 saylı mənzildən istifadə hüququ yaranmışdır. Odur ki, iddiaçının Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun olmadığına dair iddiası əsassızdır. Digər tərəfdən, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında cavabdehin Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 55 saylı mənzilində istifadə hüququ olsa belə, məhkəmə tərəfindən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edildiyini nəzərə alaraq, məhkəmə bu məsələyə də qiymət verilməsini zəruri hesab edir. Yuxarıda istinad edilən Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” qərarında Məcəllənin 60-cı maddəsinə şərh verilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Hazırki mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 uşaqlıqdan iddiaçı, anası və bacı-qardaşları ilə birlikdə sözügedən mənzildə yaşamışdır. Ailə qurduqdan sonra Cavabdeh1 maddi vəziyyətinin çətin olması ilə əlaqədar işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası sərhədlərinə daxil olmuşdur və göstərilən tarixdən sonra ölkəni tərk etmə faktı qeydə alınmamışdır. Şahid ifadələri, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əlavə edilmiş çıxarışdan da qeyd olunan faktlar öz təstiqini tapır. Həmçinin şahid ifadələrindən görünür ki, şəxs heç bir zaman daimi olaraq mənzildən köçüb getməmişdir, yalnız müvəqətti olaraq işləmək məqsədilə səfərlərə olmuşdur, 1 ilə yaxındır ki, daimi olaraq Azərbaycandadır və sözügedən ünvanda ailəsi ilə birlikdə yaşayır. Əlavə olaraq mülki iş materiallarında olan bank çıxarışlarından da görünür ki, cavabdeh İddiaçı dəfələrlə ünvan üzrə hesablanmış kommunal ödənişləri etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə zalında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildən etibarən Cavabdeh1 Azərbaycana gəlib-gedirdi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 55 saylı mənzildə qalırdı həmin zamanlar, 2024-cü ilin oktyabr ayından isə daimi olaraq qayıdıb gəlmiş və burada yaşamağa başlamışdır. Burada olmadığı zamanlarda həmin mənzil kirayə verilərək əldə olunmuş gəlir Cavabdeh1 göndərilirmiş. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 daimi olaraq Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, 18 saylı evin, 55 saylı mənzili tərk etmişdir. Odur ki, sonuncunun mənzildən istifadə hüququnun itirilməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda məhkəmə iddiaya Cavabdeh1 ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi, ev 18, 55 saylı mənzilə dair istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qeyri-müəyyən olduğundan, məhkəmə tərəfindən qeyri-müəyyən olan şəxs/şəxslər barəsində iddia tələbinə qiymət verilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını, şahid ifadələrini məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı cavabdehin və onun ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi, ev 18, 55 saylı mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı cavabdehin və onun ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar