Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2932/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Accent” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 455 manat sığorta ödənişi məbləği və ödənilmiş 20,40 manat dövlət rüsumu, cəmi 475.40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 məxsus “Mercedes Benz C200” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Hyundai Accent” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri Xətai DYPŞ-nin inzibati tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. “xxxxxxxxx” MMC-nin təqdim etdiyi ilkin defekt aktına əsasən “Hyundai Accent” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 855 manat ziyan dəymişdir. Cavabdehlər ilə borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuş və ümumilikdə 400 manat ödəniş etmişlər. Lakin cavabdehlər xx xxxxxx 2019-cu il tarixdə sonuncu ödəniş etdikdən sonra bir daha ödəniş etməmişlər. Hazırda cavabdehlərin qalıq borc məbləği ödənişlər çıxıldıqdan sonra 455 manat təşkil edir. Məhkəmədə iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Mercedes Benz C200” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx xxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixinədək 55.000 manat sığorta məbləği olmaqla icbari sığorta növü ilə sığortalanmışdır. Həmin avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur. Avtomobili idarə etmək hüququ olmayan (etibarnaməsi olmayan) Cavabdeh1 xx xxxxxxxx 2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticəsində X1 idarə etdiyi “Hyundai Accent” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh1 təqsirli şəxs olaraq inzibati cərimə edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 855 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlər tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə 400 manat ödənilmiş, hazırda onların 455 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, xx xxxxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı **-UK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 855 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh1 təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh maddi zərərin bir qismini ödədiyindən, onun İddiaçı Sığorta Şirkətinə qalan borcu 455 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. İş üzrə digər Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Belə ki, iş materialları ilə Cavabdeh1 həmin avtomobili etibarnaməsi olmadan idarə etməsi və ya avtomobilin sahibliyindən hüquqa zidd götürülməsində Cavabdeh2 təqsirli olması kimi hallar müəyyən olunmamış, məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 20,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiatələbininödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 vurulmuş zərərə görə 455 manat məbləğində sığorta ödənişi, ödənilmiş 20,40 manat dövlət rüsumu, cəmi 475,40 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 455 (dörd yüz əlli beş) manat məbləğində sığorta ödənişi, ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 475,40 (dörd yüz yetmiş beş manat qırx qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2932/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2932/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver