Məhkəmə qərarları › İş №2(011)-300/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-300/2024

12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-300/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdirlər ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Cümhuriyyət küçəsində yerləşən, onlara məxsus olan yaşayış evinin təbii qaz təchizatı 2015-ci ildə bağlanmış müqavilələr əsasında Cavabdeh tərəfindən həyata keçirilir. 2021-ci ilin may ayında ərazidə yerləşən evlərə hava ərazisindən yeni qaz xətləri çəkilmiş, köhnə yeraltı borularda qaz xətti bağlanmadığından qəsəbə əhalisi evlərində qaz qoxusu, yəni təhlükə hiss edib, bir neçə dəfə cavabdeh birliyin çağrı mərkəzinə xəbər versə də, cavabdeh birlik bu məlumatlara biganə qalmış, nəticədə həmin ilin oktyabr ayının 2-də ev partlayıb dağılmışdır. Həmin partlayış zamanı iddiaçılar ağır yaralar (yanıqlar) almış, tanınmaz hala düşmüş, əvvəl yerli xəstəxanaya, sonra Bakı şəhəri, 5 №- li klinikaya aparılmış, xeyli müddət müalicə olunmuşlar. Ağrılar onları incitdiyindən aylarla iztiirablar keçirmiş, böyük məşəqqətlər çəkmişlər. Müalicələri çox ağır keçmiş, uzun vaxt aparmış, yalnız Bakı şəhərinəki klinikada 10.000 manatdan artıq pul xərcləməyə məcbur olmuşlar.. Yollar, qidalanma, dərmanların xərci iddiaçıları borca girməyə vadar etmişdir. Hələ də, tam sağalmamışlar. İddiaçı2 estetik olaraq tanınmaz hala düşdüyündən xarici ölkələrə müalicə olunmağına ehtiyac yaranmışdır. Partlayışa görə cinayət işi qaldırılmış, cavabdeh birliyin işçisi X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham verilmiş, Gəncə şəhər məhkəməsinin l(125)-26/2023-cü il tarixli hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası teyin edilmişdir. Həmin cinayət icraatında cavabdeh birliyə və Azər Xəlilova qarşı mülki iddiaları qismən, özü də Azər Xəlilova nisbətdə təmin olunmuş, ondan iddiaçıların xeyrinə 18.125 manat tutulması qət edilmişdir. İddiaçıların çəkdiyi maddi, fiziki və mənəvi zərərdə yeganə cavabdeh "Azəriqaz” İstehsalat Birliyi olduğu halda, zərərin həmin birliyin işçisinin üzərinə qoyulmasını qanunsuz hesab edib, apellyasiya şikayəti vermişlər. İstintaq zamanı iddiaçılara bildirmişlər ki, bir halda ki, cinayət işi Azər Xəlilovun haqqındadır, deməli, mülki cavabdehliyi də o, daşımalıdır. Halbuki qaz təchizatı öhdəliyi Azər Xəlilovun yox, cavabdeh birliyindir. O, da həmin öhdəliyə görə abonetlərin qarşısında cavabdehlik daşımalıdır. Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 1(104)299/2023 saylı qərarı ilə cinayət işində mülki iddianın icraatına iddiaçıların xahişi əsasında xitam verilmişdir. Beləliklə, qəza nəticəsində iddiaçılara maddi, fiziki və mənəvi zərər yüksək təhlükə ilə bağlı fəaliyyəti olan cavabdeh birlik tərəfindən vurulduğundan zərəri həmin birlik ödəməlidir. Bu birlik reqres qaydada (Mülki Məcəllənin 1114.1 -ci maddəsinin qaydasında) Azər Xəlilova qarşı iddia qaldıra bilər. Mütəxəssislər zərəri hesablayarkən yalnız məhv olmuş əşyaların dəyərini və evin dağılmış hissəsini qeyri-real qiymətlərlə nəzərə almışlar, səhhətlərinə dəyən zərəri (fiziki zərəri) keçirdikləri iztirabları isə nəzərə almamışlar. Cinayət işi üzrə evlərinin dağılması üzrə zərərə dair rəy verildiyindən evin dağılmasına görə müəyyən edilən 18125 manat zərəri qəbul etməyə məcburdurlar. Lakin iddiaçılara başqa zərərlər də ödənilməlidir. Müalicələrinə 20000 manatdan artıq pul xərcləmişlər. Cavabdeh birlikdən həmin məbləği, eləcə də fiziki əziyyətləri, sifətlərinin normal vəziyyətə gətirilməsi və mənəvi iztirablarının əvəzi üçün 50000 manat tələb edirlər. İddiaçılar göstərilənləri nəzərə alaraq, Cavabdeh İB-dən onların xeyrinə, maddi, fiziki və mənəvi zərər qismində 70000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-dən İddiaçı1 xeyrinə 20000 manat maddi, 10000 manat mənəvi, cəmi 30000 manat, İddiaçı2 xeyrinə 20000 manat maddi və 40000 manat mənəvi zərər qismində, cəmi 60000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 tələbinə aydınlıq gətirərək, qeyd etmişdir ki, tələb etdiyi 20 000 manat pul vəsaiti müalicə üçün xərclədiyi pul vəsaitidir. Belə ki, onun əmakına dəymiş zərər Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1(125)-26/2023 saylı hökmünə əsasən 18.125 manat məbləğində qiymətləndirilmiş və tutulmuşdur. Bununla bağlı olaraq hal-hazırda müalicə üçün xərclədiyi 20000 manat maddi, 10000 manat mənəvi, cəmi 30000 manat, İddiaçı2 xeyrinə isə müalicə üçün xərclədiyi 20000 manat maddi və 40000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddia tələblərinə etiraz edərək, izahatında bildirmişdir ki, qeyd edilmiş qəza ilə bağlı iddiaçıya Cavabdeh İB-yi tərəfindən maddi yardım göstərilmişdir, ona görə də o, apellyasiya şikayətini geri götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 1(125)-26/2023 saylı 01 mart 2023-cü il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X5 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, X6 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, X5 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, mülki iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) X3 18.125 manat məbləğində pulu və ödənilmiş 145 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxslər (mülki iddiaçılar) İddiaçı1 və İddiaçı2 ödənilməsi, mülki iddia tələbinin X12 İstismarı idarəsinə münasibətdə rədd edilməsi hökm edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-299/2023 saylı 09 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına zərərçəkmiş şəxslərin apellyasiya şikayətindən imtina etmələri ilə əlaqədar xitam verilməsi, təqsirləndirilən şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1(125)-26/2023 saylı hökmünün dəyişdirilməsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2- ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, X5 davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsinin Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilməsi, X5 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulması, X1 müddətinin əvvəli 9 iyun 2023-cü il tarixdən hesablanması, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, ödənilmiş 145 manat dövlət rüsumu zərərçəkmiş şəxslər (mülki iddiaçılar) İddiaçı1 və İddiaçı2 geri qaytarılması və hökmdən mülki iddiaya dair müddəaların çıxarılması, Hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ünvanlanmış 24 may 2023-cü il tarixli ərizənin surətindən görünür ki, mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 əgər cinayət işi üzrə icraatda mülki iddialarının X12 İstismarı İdarəsinə nisbətdə təmin edilməsi mümkündürsə, təmin edilməsini, mümkün deyildirsə iddialarının gələcəkdə mülki qaydada həll edilməsi üçün baxılmamış saxlanılmasını, ödədikləri rüsumun geri qaytarılmasını xahiş etmişlər. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış 09 iyun 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 məhkum Azər Xəlilova qarşı apellyasiya şikayətindən imtina etdiklərini, ona qarşı heç bir tələbləri olmadığını, onların Cavabdeh dan ziyan tələbinə dair iddialarının olacağını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika idarəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı2 F43.1 Posttravmatik stress, F44.5 Asteno depresiv təzahürlər, vegetativ disfunksiya, polialgiya. Xroniki psixogen baş ağrı M50.1 Bel və boyun fəqərələrin osteoxondrozu davamlı ağır sindromu diaqnozu qoyulmuşdur. İş materiallarında olan X2 tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı1 29 sentyabr 2023-cü il tarixdə kardioloq müayinəsinə görə 15 manat pul vəsaiti ödəmişdir. İş materiallarında olan X8 tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı1 döş qəfəsi kontrastsız KT müayinəsi olunmuş və nəticədə anterior mediastendə hipodens lezyon Kliniki-laboratoriya müayinəsi və nəticəsinə əsasən irəli radioloji müayinə məsləhət olunmuşdur. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli Ambulator Kitabçadan çıxarışdan görünür ki, İddiaçı2 üzün, qulaq seyvanlarının, boyunun, hər iki yuxarı ətrafların, hər iki aşağı ətrafların dairəvi, hər iki əlin ayağın İİ a, İİ b, və İİİ dərəcə termiki alov yanığı, (qaz alovu) Y.T.Y.Y Yanıq xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan 019313 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi İddiaçı1 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh İB-nin işçisi olan X7 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Cümhuriyyət küçəsində yerləşən iddiaçılara məxsus ev partlamış və İddiaçı2 ağır yanıq xəsarətləri almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-299/2023 saylı 09 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 1(125)-26/2023 saylı hökmünün dəyişdirilməsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2- ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, X5 davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsinin Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilməsi, X5 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulması, X1 müddətinin əvvəli 9 iyun 2023-cü il tarixdən hesablanması, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması (zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına zərərçəkmiş şəxslərin apellyasiya şikayətindən imtina etmələri ilə əlaqədar), ödənilmiş 145 manat dövlət rüsumu zərərçəkmiş şəxslər (mülki iddiaçılar) İddiaçı1 və İddiaçı2 geri qaytarılması və hökmdən mülki iddiaya dair müddəaların çıxarılması, Hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda iddiaçılar baş vermiş cinayət hadisəsi nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər. İddiaçılar iddia tələbində müalicələrinə 20000 manat pul xərclədiklərini qeyd etmiş, mənəvi iztirabları üçün 50000 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişlər. Məhkəmə 40000 manat (iddiaçılara ayrı-ayrılıqda 20000 manat olmaqla) müalicə xərcinin cavabdeh tərəfindən tutulması tələbində hesab edir ki, iddiaçıların baş vermiş partlayış hadisəsi nəticəsində xəsarətlər alması müəyyən edilsə də, yalnızca kardioloq müayinəsinə görə 15 manat pul vəsaitinin ödənilməsini təsdiq edən qəbz məhkəməyə təqdim edilməklə, tələb olunan müalicə xərcləri ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə qismən təmin edilərək, Cavabdeh İBdən İddiaçı1 xeyrinə maddi ziyanın əvəzi olaraq 15 manat pul vəsaiti tutulmalıdır. Digər İddiaçı2 müalicə xərcləri ilə bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən onun iddia tələbi maddi zərərin tutulması hissəsində təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçılara məxsus yaşayış evinin partlaması nəticəsində onların ruhi sarsıntılar keçirməsi iddiaçılara mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçılar onlara dəyən mənəvi zərərin məbləğini cəmi 50000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıların mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və onlar, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdırlar. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən İddiaçı1 xeyrinə 15 manat məbləğində dəymiş maddi ziyanın, mənəvi ziyanın əvəzi olaraq 5000 manat, İddiaçı2 xeyrinə mənəvi ziyanın əvəzi olaraq 10000 manat pul vəsaitinin tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı1 xeyrinə 15 manat məbləğində dəymiş maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq 5000 manat, İddiaçı2 xeyrinə mənəvi ziyanın əvəzi olaraq 10000 manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar