Məhkəmə qərarları › İş №2(011)-3017/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3017/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3017/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 150 manat məbləğində vurulmuş zərər və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 170 manat alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobil 21.06.2019-cu ildən 21.06.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 21.06.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2019-cu ilin sentyabrın 21-də Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində Bəxtiyarov Elçin Rafiq oğlunun idarə etdiyi “HYUNDAİ ACCENT” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Nərimanov RPİ-nin DYPŞ-i tərəfindən 24.09.2019-cu il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov RPİ-nin DYPŞ-in 24.09.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 25.09.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “HYUNDAİ ACCENT” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymişdir. İddiaçı 02.10.2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs Bəxtiyarov Elçin Rafiq oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. 08.04.2021-ci il tarixdə "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində qeyd etdiklərinin nəzərə alınaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.03.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, 09.04.2021-ci il tarixli məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələbini qəbul etdiyini, vurulmuş zərərə görə 150 manat pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunu "xxxx" ASC-yə ödəməyə razı olduğunu bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnsmə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan PXA52692 nömrəli 02.10.2019-cu il tarixli “Sığorta aktı”nın surətindən görünür ki, 21.09.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı Abdurahmanov Elnur Əfsət oğlunun sığorta ödənişinin məbləği 150 manat təşkil etmişdir. Sığorta ödənişi sığortalıya təqdim edilmiş karta köçürülmüşdür. İş materiallarında olan Plastik kartların təhvil-təslim aktından görünür ki, 01.10.2019-cu il tarixində Bəxtiyarov Elçin Rafiq oğluna sığorta ödənişinin alınması üçün 10000 02934 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ Yol patrul xidmətinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 21.09.2019-cu il tarixində “Mercedes Benz 200” minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri DYPİ Yol patrul xidmətinin İXP AP ******* saylı “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, 21.09.2019-cu il tarixində “Mercedes Benz 200” minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən geriyə hərəkət edərək arxadan gələn Hyundai Accent markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub, hadisə yerini tərk etmişdir və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 540322 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 200” minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X2 “Mercedes Benz 200” minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh etibar etmişdir. İş materiallarında olan 25.09.2019-cu il tarixli Qüsur aktından görünür ki, Hyundai Accent markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 150 manat ziyan dəymişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Abdurahmanov Elnur Əfsət oğluna məxsus “Mercedes Benz 200” minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, 21.09.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh F.İ. Dadaşov tərəfindən idarə edilən “Mercedes Benz 200” minik markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hyundai Accent markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur, zərər vurulmuş həmin avtomobilin təmir-bərpa xərci 150 manat təşkil edir, sığorta ödənişi sığortaçı tərəfindən sığortalı avtomobilin təmiri üçün Bəxtiyarov Elçin Rafiq oğluna ödənilmişdir, cavabdeh iddia tələbini tam qəbul edir və pulu iddiaçıya ödəməyə razıdır. Bununla belə, vurulmuş ziyanın əvəzinin ödənilməsini istisna edə hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 150 məbləğində sığorta ödənişi və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 150 (yüz əlli) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20 (iyirmi) manat məbləğində pul alınarq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar