Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3018/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” ASC–nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 180 manat məbləğində vurulmuş zərər və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz V220CDİ” markalı, **-CF- *** dövlət nömrə nişanlı avtomobil 10 sentyabr 2019-cu ildən 10 sentyabr 2020-ci ilədək “xxxx” ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 10 sentyabr 2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu ilin noyabrın 12-də Cavabdeh oğu idarə etdiyi “Mercedes Benz” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Mərdəkan-Bakı yolunda Hüseynov Azad Rac oğlunun idarə etdiyi “Mercedes Benz E220CDİ” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Xəzər RPİ-nin DYPŞ-i tərəfindən 12 noyabr 2019cu il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh məsuliyyətə cəlb edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 19 noyabr 2019-cu il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Mercedes Benz E220CDİ” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobilə 180 manat zərər dəymişdir. İddiaçı 03 dekabr 2019-cu il tarixdə həmin məbləği zərərçəkmiş şəxs Hüseynov Azad Rac oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Mercedes Benz V220” markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmış və sığortanın müddəti 10 sentyabr 2019-cu il tarixdən başlamaqla 10 sentyabr 2020-ci il tarixdə bitmişdir. Sığorta məbləği 55.000 manat təşkil etmişdir. 12 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Mərdəkan-Bakı yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobil Hüseynov Azad Rac oğlunun idarə etdiyi “Mercedes Benz E220CDİ” markalı **-NB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Mercedes Benz E220CDİ” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobilə 180 manat zərər dəymişdir. İddiaçı 03 dekabr 2019-cu il tarixdə həmin məbləği zərərçəkmiş şəxs Hüseynov Azad Rac oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı təşkilat sığortalanmış nəqliyyat vasitəsinin hüququ olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində nəqliyyat hadisəsinin baş verdiyini və bu hadisə nəticəsində əmlaka ziyan vurulduğunu, ziyanın cavabdehin təqsiri nəticəsində vurulmasını əsas gətirərək cavabdehdən subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, mühərrikinin silindrlərinin həcmi 50 3 sm -dən artıq olan minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Həmin qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3.3-cü maddəsinə əsasən, sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki məsuliyyətin sığortası üzrə siniflərə aid edilir. Həmin qanunun 14.3.3.1-14.3.3.5-ci və 14.3.3.9-cu maddələrinə əsasən mülki məsuliyyətin sığortasında həm sığortalının özünün, həm də üzərinə bu cür öhdəlik qoyula bilən digər şəxsin məsuliyyəti sığortalana bilər. Mülki məsuliyyəti bu cür sığortalanan digər şəxsin (şəxslərin) adı və ya kateqoriyası sığorta müqaviləsində göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 sentyabr 2019-cu il tarixdə “Mercedes Benz V220” markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) növündə sığortalanmış və sığortanın müddəti 10 sentyabr 2019-cu il tarixdən başlamaqla 10 sentyabr 2020-ci il tarixdə bitmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək belə hesab edir ki, qanunvericiliyin tələbinə görə icbari sığorta müqaviləsi sığortalı tərəfindən əmlakın mülkiyyətçisi və ya qanuni sahibinin mülki məsuliyyətini icbari sığorta etdirərək bağlanılırsa, bu zaman avtonəqliyyat vasitəsi sahibinin adı sığorta müqaviləsində göstərilməli idi. Cavabdeh 10 sentyabr 2019-cu il tarixli icbari sığorta müqaviləsinə əsasən sığortalanmış “Mercedes Benz V220” markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi və ya qanuni sahibi olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” ASC–nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3018/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3018/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver