Məhkəmə qərarları › İş №2(011)-3046/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3046/2025

07.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3046/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-dan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət Reystr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mübahisəli sahə onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh bacısının qızıdır və o, ailə həyatı qurana qədər onun mülkiyyətində olan hazırki mənzilində yaşamışdır. O, ailə həyatı qurduqdan sonra köçüb getmiş və hal-hazırda həmin mənzildə yaşamır. Cavabdeh onun evində yaşamır lakin, qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 130 saylı mənzilində Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 87,18 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı bakı Ərazi İdarə tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 130 saylı mənzil ilkin olaraq xx.xx.2012-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 2V-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 2V-10 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X3 vərəsəsi İddiaçı - ünvan 2 ünvanında yerləşən miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2012 tarixdə X2 verilmiş **********72-05101-093047 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.28 kv/m olan daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 81,28 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. “Azemis” Elektron Məhkəmə-İnformasiya Sisteminin son sorğulanma xx.xx.2025-ci il tarixinə olan məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 8İ-27113 reyestr nömrəli 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən tərcüməsi təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh Rusiya Federasiyasında notariat qaydada müvafiq orqanlara ünvanlamaqla ərizə vermişdir və bildirmişdir ki, ünvan 1 ünvanında adının qeydiyyatdan çıxarılmasını xahiş edir, bunun üçün razılıq verdiyini bildirir. (Ərizənin rus dilində qeyd olunmuş məzmunundan görünür ki, ərizəçi həmin sahədə yaşamağa zərurətin olmadığını qeyd etmişdir). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən göründüyü kimi, cavabdeh iddiaçının bacısı qızı olmaqla, ailə üzvü kimi mübahisəli sahəyə köçürülmüş, həmin sahədə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçının bacısı cavan yaşında vəfat etmiş, cavabdeh uşaqlıqdan iddiaçının himayəsində yaşamışdır. İş materiallarından görünür ki, cavabdeh öz notarial qaydada təsdiq etdiyi ərizəsi ilə bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxmasına etirazı yoxdur. Ərizənin məzmunu üzrə o bildirmişdir ki, mübahisəli sahədə yaşamağa zərurəti yoxdur. Məhkəmə cavabdehin mübahisəli sahəyə ehtiyacının aradan qalxdığını nəzərə alaraq, hesab edir ki, iddia tələbləri təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 130 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 130 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar