Məhkəmə qərarları › İş №2(011)-3065/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3065/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3065/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xitməti tərəfindən verilmiş 26 yanvar 2018-ci il tarixli ******* nömrəli çıxarışa əsasən iddiaçının adına mülkiyyət kimi qeydiyyata keçmişdir. Cavabdeh iddiaçının qızı X2 ilə 12 iyun 2015-ci il tarixdə nikaha daxil olmuşdur. Ondan sonra cavabdeh iddiaçıya məxsus evdə onlarla yaşamışdır. Həmin dövrdə iddiaçı Cavabdeh Xətai rayonu, M.Hadi küçəsi, 2945-2946-cı məhəllə, ev 68, mənzil 76 ünvanına qeydiyyata salmışdır. ünvan 2ü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə iddiaçının qızı X2 arasında olan nikah pozulmuşdur. Artıq bir neçə aydır ki, cavabdeh artıq iddiaçıya məxsus mənsildə yaşamır. Cavabdeh iddiaçıya məxsus evdə yaşamamasına baxmayaraq hələ də iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının qızı X2 ilə cavabdeh 12 iyun 2016-cı il tarixdə rəsmi nikah bağlamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli e-2(011)-341/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-2946cı məhəllə, ev 68 ünvanında yerləşən, ümumi sahəsi 105.8 kv. metr olan 76 saylı mənzil 26 yanvar 2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh iddiaçıya məxsus ünvanda qeydiyyatdadır. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, X3 iddiaçının həyat yoldaşıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarı: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-2946-cı məhəllə, ev 68 ünvanında yerləşən 76 saylı mənzili 26 yanvar 2018-ci il tarixdə mülkiyyətinə qəbul etmişdir. İddiaçının qızı ilə Cavabdeh 12 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə hesab edir ki, iddiaçının qızı ilə cavabdeh arasında rəsmi nikah münasibətləri 2015-ci ildən yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Hazırkı iş üzrə hüquq münasibətləri 2015-ci ildən yaranmasına istinad edərək məhkəmə hesab edir ki, sözü gedən münasibətlərinin tənzimlənməsi üçün 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən mübahisəli evin hüquqi vəziyyətini nəzərə alıb hesab edir ki, hazırkı mülki iş üzrə cavabdeh Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olmadığından, iddiaçı ilə birlikdə qeyd edilən mənzildən istifadə hüququna malik deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması üçün zəruri şərait yaratmaqdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatı icazə xarakteri daşımır və yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. Hazırkı iş üzrə təhlil edilmiş sübutlar əsasında məhkəmə qeyd edir ki, cavabdehin mənzilə qeydiyyatı onun hər hansı digər hüququnun yaranması üçün əsas olmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehin istifadə hüquqlarına xitam verilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən İddiaçı ödədiyi 100 manat dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Bu qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar