Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3070/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “cavabdehə öhdəliyin həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsi Aparatının xx.xx.1997-ci il tarixli 10 saylı qərarından çıxarışa əsasən, X1 mülkiyyətində olan 6 sot torpaq sahəsini etibarnamə yolu ilə almış və həmin torpaq sahəsində fərdi ev inşa etmişdir. İddiaçı 2022-ci ilin dekabr ayından həmin evdə yaşamaqdadır.
2. Bundan sonra iddiaçı həmin yaşayış evinin qazlaşdırılması üçün Cavabdeh İB-yə müraciət etmiş, lakin iddiaçıya evin qazlaşdırılmasından imtina gəlmişdir.
İddiaçının tələbi:
3. Cavabdeh İB-nin imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi yaşayış massivində 6 sot torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 355A ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. xx.xx.2025-ci il taroxli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, həmin torpağı 2003-cü ildə almış, 2006-cı ildə isə orada ev tikərək həmin evə köçmüşdür. Torpağı etibarnamə əsasında almışdır. Hazırda həmin torpaq Həmzə adlı şəxsin adınadır. Sonradan həmin rorpaq sahəsində 2017-2020-ci illərdə 2-ci evi tikmişdir. Qazlaşdırma ilə bağlı cavabdehə yaxınlarda müraciət etmişdir, lakin evi çoxdan tikmiş, maddi şətinliyə görə qazlaşdırma üçün gec müraciət etmişdir. Həmçinin, həmin evin "xxxx" ASC, "xxxx" ASC tərəfindən işıq və su ilə təmin olunduğunu bildirmişdir. Məhkəmədən evin qazıaşdırılması tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh İB-nin nümayəndəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. ”Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2-2/2-İ-7055-5/2024 saylı müraciətin araşdırılması barədə məlumata əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydası” ilə tənzimlənir. Həmin qaydanın 1.2.2. yarımbəndinə görə sözü geden fərdi yaşayəş evinin qazlaşdırılması üçün texnikni şərtin verilməsi ilə əlaqədar tərəfinizdən müvafiq mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə “ASAN Xidmət” mərkəzinə müraciət edilməlidir.
9. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-53-3/2-3789/2025 №-li məlumata əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in elektron bazasında vətəndaş İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Savalan ünvanında **********0412 saylı abonent kartı müəyyən edilmişdir.
10. İddiaçı adına **********412:29834957 kodlu abonent kartı.
11. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-8396/2025 №-li məlumata əsasən, Səhimdar Cəmiyyətin elektron bazasında İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 2 fərdi yaşayış evində müvafiq olaraq 11 oktyabr 2011ci il tarxdə **********50433 nömrəli abonent kodu ilə və 01 iyul 2017-ci il tarixdə **********60226 nömrəli abonent kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır.
12. Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının Qərarından 10 №-li, xx.xx.1997-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq X2 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.
13. xx.xx.2007-ci il tarixli, ƏN-İ 089233 №-li etibarnamə.
14. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası: 12.İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 12.İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 16.İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 25.V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
149. İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.
149. İİİ. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
149. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
16. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 1.0.9. qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması; 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; 1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi; 1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu); 1.0.24. normativ hüquqi aktdan sui-istifadə imkanı – normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu; 2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. 2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. 8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 8.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; 8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; 8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 8.0.4. mütənasiblik; 8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; 8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; 8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi; 8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; 8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi. 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
22. Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir. 23.4 Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
8. 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
14. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
18. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair (1 saylı) Protokol (Paris, 20 mart 1952-ci il):
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir.
4. 2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 13.10-1. (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
21. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydas”: 1.2.2. sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs;
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
27. Mülki işin mübahisəsiz hallarından görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının Qərarından 10 №-li, xx.xx.1997-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq X2 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Eyni zamanda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-53-3/2-3789/2025 №-li məlumata əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in elektron bazasında vətəndaş İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Savalan ünvanında **********0412 saylı abonent kartı müəyyən edilmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-8396/2025 №-li məlumata əsasən, Səhmdar Cəmiyyətin elektron bazasında İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 2 fərdi yaşayış evində müvafiq olaraq 11 oktyabr 2011ci il tarxdə **********50433 nömrəli abonent kodu ilə və 01 iyul 2017-ci il tarixdə **********60226 nömrəli abonent kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır.
28. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə yaşayış evinin qazlaşdırılması ilə bağlı Azəriqaz İB-yə müraciət etmiş, Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2-2/2- İ-7055-5/2024 saylı müraciətin araşdırılması barədə məlumata əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydası” ilə tənzimlənir. Həmin qaydanın 1.2.2. yarımbəndinə görə sözü geden fərdi yaşayış evinin qazlaşdırılması üçün texnikni şərtin verilməsi ilə əlaqədar tərəfindən müvafiq mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə “ASAN Xidmət” mərkəzinə müraciət edilməsi bildirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəf qazlaşdırma ilə bağlı iddiaçının müraciətinə, tələbinə hər hansı mövqe bildirməmişdir.
29. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı sözügedən fərdi yaşayış evinin tikintisi üçün 2005-ci ildən torpaq sahəsinə faktiki sahiblik etmiş, 2005-2020-ci illər arasında həmin torpaqda iki fərdi yaşayış evi tikmiş və fasiləsiz və mübahisəsiz olaraq orada yaşamaqdadır. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı qazlaşdırma üçün cavabdeh tərəfə müraciət etmiş, lakin iddiaçının qazlaşdırma ilə bağlı ərizəsi təmin edilməmişdir.
30. Məhkəmə qeyd edir ki, ”Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2- 2/2-İ-7055-5/2024 saylı müraciətin araşdırılması barədə məlumata əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” ilə tənzimlənir. Həmin qaydanın 1.2.2. yarımbəndinə görə sözü geden fərdi yaşayış evinin qazlaşdırılması üçün texnikni şərtin verilməsi ilə əlaqədar tərəfindən müvafiq mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə “ASAN Xidmət” mərkəzinə müraciət edilməlidir. Cavabdehin istinad etdiyi həmin qaydanın 1.2.2. yarımbəndinə qeyd edilir ki, “ sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs”-dir.
31. Göründüyü kimi cavabehin imtinasının əsasını iddiaçının həmin torpağa, fərdi yaşayış evinə mülkiyyət və ya digər əşya hüququnun rəsmi qaydada təsdiq edilməməsi, tanınmaması ilə əlaqədardır.
32. Məhkəmə qeyd edir ki, 2023-cü il oktyabr ayının 1-dən qüvvəyə minən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsidə əlavə edilmiş, həmin maddədə də qazpaylayıcı şəbəkəyə qoşulması torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququları ilə əlaqələndirmişdir.
33. Məhkəmə hesab edir ki, eyni torpaqda iki tikilinin tikilməsi iddiaçının onları uzun müddət işıq, su ilə təchiz edərək, orada mübahisəsiz şəkildə yaşaması müraciət zamanı imtina üçün əsasın qanuni və əsaslı olmasını şübhə altına alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
34. Eyni zamanda məhkəmə qeyd edir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndinə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinə hazırki mübahisəyə hüquqi qiymət verərkən iki mərhələli yoxlama tətbiq edilməli, ilkin olaraq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin məzmunundan görünür ki, 2023-cü il oktyabrın 1-dən özbaşına tikililərdə əhalinin qazlaşdırılması qadağan edən normanın publik hüquq münasibətləri kontekstində təhlili aparılmalı, daha sonra isə məsələyə mülki hüquqi konteksdə qiymət verilməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflərdən biri istehlakçı (qaz istehlakçısı), digər tərəf isə alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), qaz paylayıcısıdır. Qaz paylayıcısının ikinci imtinasının əsası isə publik norma ilə qaz paylayıcısına mülki müqavilənin bağlanmasına qoyulmuş qadağa dayanır.
35. Məhkəmə araşdırması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10-1-ci hissə əlavə edildiyi və bu əlavənin 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu maddə 2023cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilibedilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir.
36. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. (§15) Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsində qeyd edilir ki, normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsipləri əsasında həyata keçirilir. (§16) Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipi publik hüquq normasında fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
37. Eyni zamanda, məhkəmə qeyd edir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndinin və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 10-1-ci hissəsinin 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib edilməməsi, artıq tikilmiş, uzuznmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqi məsələsi Avropa İnsan hüquqları Məhkəməsi president hüququnda mülkiyyət hüququ (mülkiyyət hüququna gözlənti), bir şəxsin yaşayış şəraitinə, istehlakçı hüquqlarına müdaxilə üç standart (qanunda nəzərdə tutulmuşdurmu; qanuni məqsəd daşıyırmı; demokratik cəmiyyət üçün əhəmiyyət kəsb edirmi) üzrə qiymətləndirilməsi də mülki işin ədalətli və obyektik həqiqət konteksində həlli üçün əhəmiyyət kəsb edir.
38. Mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı işi üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz.
39. Bununla belə, AİHM bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.
40. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında AİHM qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib verməməsi müəyyən olunmalıdır.
41. AİHM presendentlərində formalaşmış hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103).
42. AİHM bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X3rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). (03.03.23 F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
43. Məhkəmə xüsusi olaraq vurğulayır ki, məhkəmə qazlaşdırılması xahiş edilən evin hüquqi statusu, mülkiyyətdə olub-olmaması ilə bağlı hər hansı mövqe bildirmir. Belə ki, bu məsələ hazırki iddia tələbinin əhatə dairəsinə daxil deyil və məhkəmə iddia tələbindən kənara çıxmaqda səlahiyyətli deyil.
44. Məhkəmə bildirir ki, qaz, su, işıqla bağlı istehlakçı hüquqları Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. (§21) Cavabdeh qaz satışı üzrə bazarda tutduğu mövqe heç kimdə şübhə doğurmur.
45. Məhkəmə qeyd edir ki, AİHM bir sıra qərarlarında vətəndaşların suya, elektirk enerjisinə əlçatanlığı məsələsi Konvesiyanın 8-ci maddəsinin əhatə dairəsinə aid olması ilə bağlı mövqe irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ bəndinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Layiqli həyat səviyyəsinin bir sıra komponentləri mövcuddur ki, bunların sırasına suya, işığa, o cümlədən qaz istehsalı və təchizatı sahəsində ixtisaslaşmış olan Azərbaycan dövlətinin vətəndaşlarının qazdan istifadəyə əlçatanlığının təmin edilməsidir.
46. AİHM bir sıra qərarlarında onu da göstərmişdir ki, bir şəxsin yaşayış şəraitinin Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsinə aid olub-olmaması məsələsinə gəldikdə, hakimiyyətin hərəkətləri nəticəsində yaranan ərizəçilərin sıx və antisanitar yaşayış şəraiti Konvensiyanın 8-ci maddəsinə tabedir, habelə ərizəçilərin şəxsi və ailə həyatına, eləcə də evlərinə hörmət etmək Konvensiyanın 8-ci maddəsində qeyd edilən hüquqların əhatə dairəsinə düşür. Belə ki, AİHM-nin Xudoroviç və digərlərinin Sloveniyaya qarşı (xx/xx/2020) işində qeyd edilir ki, “Ərizəçilərin təhlükəsiz içməli suya çıxış şikayətinə gəldikdə, Avropa Məhkəməsi suyun çirklənməsi nəticəsində yaranan sağlamlıq və ətraf mühit riskləri ilə bağlı presedent təcrübəsini də nəzərə alaraq bildirir ki, məhkəmə, artıq çirklənmiş su mənbələri ilə əlaqəli faktiki və ya potensial risklər və onların insanın şəxsi həyatı və evi ilə əlaqələri barədə mühakimə yürütmək imkanına malik olub. "Dubetskaya və başqaları Ukraynaya qarşı" (№ 30499/03, §§ 109-23, 10 fevral 2011) və "Jemyuk və Ukrayna" (№ 30499/03, §§ 109-23, 10 fevral 2011) 42488/02, 77- 84, 4 sentyabr 2014-cü il), ərizəçilərin sağlamlığına faktiki ziyan vurduğuna dair birbaşa sübut olmadıqda belə, AİHM müvafiq ərizəçilərin sözügedən suyun çirklənməsindən əziyyət çəkə biləcəyini etiraf etmişdir. Bundan əlavə, baxılan ekoloji problemlərə nəzər yetirdikdən sonra AİHM, ərizəçilərin sağlamlıq riskinin artması, Konvensiyanın 8-ci maddəsinin tətbiqinə səbəb olmaq üçün kifayət qədər şiddətə çatan şəxsi həyatlarına və evlərinə müdaxilə olduğu qənaətinə gəlmiş və “Dubetskaya və başqaları Ukraynaya qarşı" və "Jemyuk Ukraynaya qarşı " işlərində məhkəmə təmiz su mənbələrinə çıxış və insan sağlamlığı arasında birbaşa əlaqəni tanımışdı”.
47. AİHM presedentində formalaşmış mövqeydə qeyd olunur ki, Konvesiyanın 8ci maddəsi mənzil almaq hüququnu faktiki olaraq tanımır (Chapman – Birləşmiş Krallıq [GC], 27238/95 saylı şikayət, bölmə 99, ECHR 2001-İ), yəni konkret ev və ya mənzil kateqoriyasından bəhs etmir. Məsələn, müəyyən bir yerin verilməsi (Uord-Birləşmiş Krallığa qarşı), məhkəmənin 31888/03 saylı 9 noyabr 2004-cü il tarixli qərarı), evsizlərə mənzil vermək (O ' Rourke və Birləşmiş Krallığa qarşı işi, No. 39022/97, 26 iyun 2001) və s. kimi dövlətin üzərinə müsbət öhdəlik qoymur.
48. AİHM yuxarıda qeyd edilən işdə (Xudoroviç və digərlərinin Sloveniyaya qarşı (xx/xx/2020)) izah edir ki, təhlükəsiz içməli suya əlçatanlıq, Konvensiyanın 8-ci maddəsi ilə birbaşa qorunan hüquq hesab edilməsə də AİHM insanların su olmadan yaşaya bilməyəcəyini nəzərə almalıdır. Beləliklə, təhlükəsiz içməli suya davamlı və uzun müddət çıxışın olmaması öz təbiətinə görə sağlamlığa və insan ləyaqətinə mənfi təsir göstərə bilər, əslində məxfiliyin əsaslarını və 8-ci maddənin mənası ilə mənzildən istifadə etmək imkanını pozur. Beləliklə, AİHM dövlətin müsbət öhdəliklərinin yerinə yetirilməsinə istiqamətində müsbət addımlar atmalı olduğunu istisna etmir, hər hansı bir müsbət öhdəliyin mövcudluğu və onun potensial məzmunu mütləq təsirə məruz qalan şəxslərin konkret halları, habelə müvafiq dövlətin hüquqi bazası və iqtisadi və sosial vəziyyəti ilə müəyyən edilir. AİHM qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinin məqsədi əslində şəxsiyyəti dövlət orqanlarının könüllü müdaxiləsindən qorumaq olsa da, bu, yalnız dövləti bu cür müdaxilədən çəkinməyə məcbur etmir. Bu əsasən mənfi öhdəliyə əlavə olaraq, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə təsirli hörmətə xas olan müsbət öhdəliklərin mövcud olmasını da ehtiva edir (X və Y Hollandiyaya qarşı, 26 mart 1985). Konvensiyaya əsasən dövlətin müsbət və mənfi öhdəliklərinin qiymətləndirilməsinə tətbiq olunan prinsiplər oxşardır. Fərdin və bütövlükdə cəmiyyətin rəqabət maraqları arasında əldə ediləcək ədalətli tarazlıq nəzərə alınmalıdır
49. Məhkəmə hesab edir ki, hazırki işin hallarına uyğun olaraq iddiaçının suya, işığa əlçatanlığının müvafiq ixtisaslaşmış istehsalat birlikləri tərəfindən təmin edilməsi, hətta evlərdən birinin uzun müddət qaz paylayıcısına qoşulması iddiaçının Azərbaycan Respublikasının vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi (AR Konstitusiyasının 12-ci maddəsi), mülkiyyətə gözlənti hüququnu, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə hörmət hüququnu məhdudlaşdırılmasına, eyni zamanda iddiaçının dediklərinə əsasən müəyyən mənada ayrıseçkiliyə, hüquqdan sui-istifadə hallarının (fərdi yaşayış evinin yerləşdiyi ərazidə digər evlərin qazlaşdırılması) yaranmasına gətirib çıxaracaqdır.
50. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsiplərini, o cümlədən AİHM məhəkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əlavə edilmiş 10-1-ci hissənin 2023cü il oktyabrın 1-ə qədər tikintisi başa çatmış, uzunmüddətli yaşayış halları sübuta yetirilmiş fərdi yaşayış evləri ilə bağlı tətbiqində məhkəmələr daha ətraflı ararşdırma aparmalı, işin hallarına uyğun olaraq qərar qəbul etməlidir.
Məhkəmə xərcləri:
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 355A ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyi Cavabdehnə həvalə edilsin.
3. Cavabdehndən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova