Məhkəmə qərarları › İş №2(011)-3079/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3079/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3079/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 87 saylı evin 54 nömrəli mənzilinin (bundan sonra - Mənzil) Alqısatqısına dair müqavilə bağlanmış və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla ona bu barədə Çıxarış verilmişdir.

2. Mənzilin əvvəli mülkiyyətçisi olmuş Cavabdeh1 isə Mənzilə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Digər Cavabdeh2 Cavabdeh1 arvadıdır, onlar xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdehlər halhazırda mübahisəli mənzildə yaşamasalar da, pasport qeydiyyatdadırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri.

3. İddiaçı cavabdehlərin Mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili cavabdehin qardaşından almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Mənzilə onun mülkiyyətindədir. Alqı-satqı günündən pasport qeydiyyatında ev sahibinin özü, oğlu və cavabdeh olubdur. Muqbilov Vəli xx.xx.2022-ci il tarixədək özünün və qohumlarının qeydiyyatdan çıxmağını öhdəsinə kötürmüşdür. Ailə üzvləri qeydiyyatdan çıxsa da, cavabdeh çıxmamışdır. Cavabdehin qeydiyyatdan çıxmaması onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin günahı üzündən Mənzilə dair istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirə bilmir. Cavabdeh Mənzildə yaşamır və qeydiyyatı formaldır. Bunun nəticəsində kommunal xidmət haqlarını artıq ödəməli olur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

8. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, onların məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə MKİS-nın onların həmin mənzildə yaşamamasına dair qeyd yazılmış bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

10. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

11. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. İddianın əsasını cavabdehlərin Mənzilə dair istifadə hüququ ilə bağlı mübahisə təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1).

22. Hazırkı mübahisə Cavabdeh1 mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh1 Mənzilin əvvəlki mülkiyyətçisi olmuş və onunla iddiaçı arasında bağlanmış, alqı-satqı əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.

23. Məhkəmə qeyd edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh1 həmin Mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüququ itirilmişdir. Belə ki, əvvəla, cavabdehin istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, onun mülkiyyət hüququna bağlı olmuş, Mənzilin satılması ilə cavabdehin mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, onun mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir.

24. Digər tərəfdən, cavabdeh Mənzili özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, Mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ yarandığı andan cavabdehin mülkiyyət hüququ itirildiyindən, onun Mənzilə dair istifadə hüququ da saxlanıla bilməz.

26. Həmçinin, işin mübahisəsiz hallarından o da müəyyən olunur ki, Cavabdeh2 Mənzilin keçmiş mülkiyyətçisinin arvadıdır. Mənzilə dair keçmiş mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda, həmin cavabdehin də Mənzildən istifadə hüquqları yaranmışdır.

27. Mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə digər qohumlar. Cavabdeh2 Mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olduğundan onun da Mənzildən istifadə hüququ yaranmışdır. Lakin o da Mənzil satıldıqdan sonra keçmiş mülkiyyətçi ilə birlikdə köçüb başqa yaşayış yerinə getdiyindən Mənzildən istifadə hüquqları ilə bağlılığını daimi olaraq kəsmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

28. Məhkəmə qeyd edir ki, iddiaçı həmin şəxslərin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə həmin cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 87 saylı evin 54 nömrəli mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar