Məhkəmə qərarları › İş №2(011)-3080/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3080/2024

17.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3080/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi ev 31, 115 saylı mənzil iddiaçının mülkiyyətindədir, Cavabdeh isə iddiaçının mülkiyyətində olan həmin mənzildə qeydiyyatdadır, cavabdeh 2017-ci ildə nikaha daxil olmuş, ailəsi ilə öz mənzillərində yaşayır, faktiki olaraq 7 ildir ki,qeydiyyatda olduğu ünvanda yaşamır, cavabdeh mülkiyyətində olan mənzildə yaşamasa da, formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqları məhdudlaşdırmaqla, mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneçilik törədir, cavabdeh həyat yoldaşı və uşaqları ilə bir yerdə öz mənzillərinə qeydiyyata düşə bilər. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2017-ci ildə ailə həyatı qurmuş və Suraxanı rayonuna köçmüşdür, köçdüyü ev qayınatasına məxsus evdir. Öz adına ev yoxdur. Mübahisəli ev atasının evi olub, sonradan atası qardaşına bağışlayıb, notarial bağışlama zamanı atası evi qardaşına bağışlayanda razılıq vermişdir, atası isə hazırda onlarla birgə qalır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədə xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,12 kv/m olan mənzil İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* №-li Çıxarışdan görünür ki, ümumi sahəsi 70,12 kv.m olan ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2014-cü il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan digər şəxsdir. İş materiallarında olan 87 saylı MKİS-in rəisi M.Seyidov tərəfindən qeyd aparılmış məhkəmə bildirişlərindən görünür ki, Cavabdeh göstərilən ünvanda yaşamır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 31, 115 mənzil saylı mənzilə dair Cavabdeh mülkiyyət, istifadə və digər hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, ünvan 1 idiaçıya bağışlanılmışdır, bağışlanma zamanı Cavabdeh bu bağışlanmaya öz razılığını bildirmişdir, mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2014-cü il tarixdən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, Cavabdeh 2017-ci ildən mübahisəli mənzildən köçmüşdür və hal-hazırda da orada yaşayır. Bununla belə, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar, həmçinin cavabdehin mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacını müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsinin hüquqi əsası mövcud olmadığından, o cümlədən onların mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacı müəyyən edilmədiyindən, Cavabdeh 2017-ci il tarixdən etibarən həmin mənzildən daimi əsaslarla köçdüyündən iddia tələbi təmin edilməli, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1-ə Cavabdeh istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 31, 115 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar