Məhkəmə qərarları › İş №2(011)-3084/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3084/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3084/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh Adıgözəl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Adıgözəl oğluna qarşı əmlakın naturada və ya dəyərinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Mübahisə predmeti olan “HTC U11” markalı mobil telefonu (Bundan sonra – Mobil telefon) xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-dən nisyə alıq-satqı müqaviləsi iə almışdır. Bir müddət istifadə etdikdən sonra, Mobil telefonun ekranının və arxa korpusunun sınıq olması, habelə enerji yığmaması və telefonun açılmaması səbəbindən onu təmir etməsi üçün cavabdehə təhvil vermişdir. Mobil telefonun təhvil verilməsi şifahi qaydada həyata keçirilmişdir. Cavabdeh Mobil telefonu iddiaçıdan qəbul etmiş və onu təmir etməsi üçün hazırda xatırlamadığı başqa ustaya vermişdir. Mobil telefon sonradan iddiaçıya qaytarılmamış və hal-hazırda da mövcud deyil.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

2. İddiaçı cavabdehdən “HTC” markalı UİL DS 64GB model mobil telefonun natura formasında, bu mümkün olmadıqda, telefonun dəyəri olan 2019 manat pulun, həmçinin iddianın verilməsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2017-ci il tarixli 243652 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən Mobil telefonu 2019 manat pulu kredit şəklində ödəməklə almışdır. Xeyli müddət mobil telefonu işlədəndən sonra, nasazlıq baş verdiyi üçün Bakı şəhəri Nizami rayonunda, Neftçilər metrosunun çıxışında yerləşən İSK Service adlı mağazaya apararaq, mobil telefonu təmir etmək üçün cavabdehə verdmişdir. Bundan sonra, koronovirusla bağlı karantin rejimi elan edildiyi üçün evdən çıxıb mobil telefonunun təmir edildiyi mağazaya gedə bilməmişdir. Üstündən müəyyən vaxt keçəndən sonra İSK Service adlanan mağazaya getdikdə, cavabdeh onun mobil telefonunun mağazada tapılmadığını, Mobil telefonunu ola bilsin başqa şəxsə verdiyini izah etmişdir. Mübahisə baş verdiyi üçün mağazanın sahibi ona işlənmiş köhnə telefon verməsini təklif etmiş, lakin o bununla razılaşmamışdır. O, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində sahə müvəkkili Nazar Yolçuyev ərizəsiylə bağlı cavabdehi dəvət edərək izahatını almışdır. Cavabdeh göstərdiyi faktları etiraf etmiş, lakin yenə də mobil telefonu və ya onun dəyəri cavabdeh tərəfindən qaytarılmamışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

4. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

5. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil.

6. Cavabdeh məhkəmə baxışı zamanı bildirdi ki, Mobil telefon ona verilən zaman istifadəyə yararsız idi, onun dəyəri 2200 manat ola bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

7. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

9. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

12. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır

20. Məhkəmə hesab edir ki, iddia tələb üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

21. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

22. Birinci dispozitiv şərtlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 243652 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Mobil telefonu "xxxx" MMC-dən almış, Mobil telefon iddiaçının mülkiyyətində olmuşdur. Mobil telefonun iddiaçıya məxsus olmasını istisna edən hər hansı sübut da iş materilları ilə müəyyən edilmir.

23. İkinci dispozitiv şərtin olması, əmlakın başqa şəxsin sahibliyində olması ilə bağlı məhkəmə qeyd edir ki, Mobil telefonun təmir edilməsi üçün ilk öncə cavabdehə verilməsi məhkəmə araşdırması zamanı müəyyən olunur. Belə ki, cavabdeh özü məhkəmə iclaslarında izahatlarında bildirir ki, Mobil telefon iddiaçının işçisi tərəfindən təmir edilməsi məqsədilə ona verilmişdir. Mobil telefonun iddiaçı tərəfindən təmir edilməsi məqsədilə cavabdehə verilməsi, Mobil telefonun cavabdeh tərəfindən təhvil alınması işin mübahisəsiz halıdır. Cavabdeh qeyd edilən model mobil telefonların təmiri ilə məşğul olmadığından Mobil telefonu təhvil almış və Mobil telefonu həmin gün mağazada olan başqa bir ustaya vermişdir. Cavabdeh bildirmişdir ki, Mobil telefonu hansı ustaya verdiyini xatırlamır, telefonu kimə verdiyini axtarsa da, tapa bilməmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi Mobil telefon hal-hazırda iddiaçının sahibliyində deyil.

24. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, tələb edilən əşyaya mübasibətdə də Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan ikinci dispozitiv şərtin mövcud olması da öz təsdiqini tapır.

25. Məhkəmə hesab edir ki, əmlakın cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü şərt də mövcuddur. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsində daşınar əşyanın sahibliyiə verilməsi üç meyarla şərtləndirilir: birincisi, əşyanın özünün, yəni natura olaraq verilməsi, ikincisi, əşyanın verilməsinin əvvəlki sahibin iradəsi olması, üçüncüsü, yeni sahibin əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olması (buna imkanının olması).

26. Şərh edilənlərdən əlavə məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin faktiki halları və işin məhkəmə araşdırmasısı ilə müəyyən edildiyi kimi iddiaçı ona məxsus Mobil telefonu təmiri üçün cavabdehə vermiş, cavabdeh isə Mobil telefonu qəbul edərək (bu halı cavabdeh özü etiraf edir) təmirini üçüncü bir şəxsə tapşırmışdır. Məhkəmə hesab edir ki, Mobil telefonun təmir olunmasının cavabdeh tərəfindən başqa şəxsə tapşırılması onu iddiaçı qarşısında əşyanın qaytarılması barədə öhdəliyindən azad etmir. Belə ki, Mobil telefonu cavabdeh şəxsən qəbul etmiş, hüquq münasibəti bialavasitə iddiaçı ilə cavabdeh arasında yaranmış, bununla da cavabdehin əşyanı ya təmir edib saz vəziyyətdə, ya da əvvəlki vəziyyətində iddisaçıya geri qaytarmaq öhdəliyi yaranmışdır. Sonradan təmirini üçüncü şəxsə tapşırdığı müəyyən edilsə də belə, Mobil telefonun itməsi, məhv olması və ya zərər dəyməsi hallarında iddiaçı qarşısında məsuliyyəti yenə də cavabdeh daşımış oldur.

27. Lakin mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mobil telefon hazırda real mövcud deyil, yəni onun kimdə, yaxud harda olduğu məlum deyil. Məhkəmə hesab edir bu zaman Mobil telefonun naturada qaytarılması hissəsində iddianın təmin edilməsi də mümkün deyil. Belə olan halda isə, iddiaçı əmlakından məhrum olması həddində dəymiş zərəri tələb edə bilər. Bu hüquqi əsas isə Mülki Məcəllənin 452.2 və 1115-ci maddələrində əks olunmuşdur (§ 11 və 12).

28. Məhkəmə işin hallaını nəzərə alaraq hesab edir ki, Mobil telefonun itirilməsinə görə iddiaçıya dəymiş zərər onun cavabdehə verildiyi vaxt real mövcud dəyəri müəyyən edilərək iddiaçıya qaytarılmalıdır. İddiaçı da iddia ərizəsində telefonun natura formasında qaytarılması mümkün olmadıqda onun dəyəri olan 2019 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında Mobil telefonun dəyərinə uyğun pul verməkdən imtina etmədiyini bildirmişdir. Lakin məhəkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.

29. Tərəflər arasında Mobil telefonun dəyəri ilə bağlı mübahisə olduğundan onun cavabdehə təhvil verildiyi anda mövcud vəziyyətinə uyğun dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, eləcə də, iş üzrə mütəxəssis rəyləri alınmışdır.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5975 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Mobil telefonun ehtiyyat hissələrinin orta bazar dəyəri 250 manat məbləğində müəyyən olunub. Lakin ekspert tərəfindən qərardadda qoyulmuş Mobil telefonun iki il istismar edildikdən sonra (Mobil telefon xx.xx.2017-ci il tarixdə alınmış, iddiaçının bildirdiyinə görə isə 2019-cu ilin yay aylarında təmir edilməsi üçün cavabdehə vermişdir) bazar dəyəri ilə bağlı suallara heç bir cavab verilməmiş, ümumiyyətlə həmin suallar üzrə tətqiqat aparılmamış, rəyin nəticə hissəsində "xxxx" MMC-nin mütəxəsis rəyinə istinad edilərək, ümumi şəkildə Mobil telefonunun ehtiyat hissələrinin orta bazar dəyərinin 250 manat olması qeyd edilmişdir. Ona görə də, məhkəmə ekspert rəyini mötəbər sübut hesab etmir.

31. Bu məqsədlə "xxxx" MMC-yə və "xxxx" MMC-yə sorğu göndərilmiş, İrşad Electronics” MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda Mobil telefonun iki il istismar edildikdən sonra saz vəziyyətdə orta bazar dəyərinin 250- 300 manat olması qeyd edilmişdir. Lakin "xxxx" MMC-nin qiymətləndirilməsində Mobil telefonun dəyərinin nəyə əsasən müəyyənləşdirilməsi qeyd edilmədiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir.

32. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə ətraflı təhlil edilərək Mobil telefonun iki il istismar edildikdən sonra saz vəziyyətdə orta bazar dəyərinin 430 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər isə mütəxəssis rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər. Ona görə də, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini daha mötəbər sübut hesab edilərək, Mobil telefonun, cavabdehə verildiyi vaxt iki il istismarı nəzərə alınmaqla, 430 manat müəyyən edilmiş dəyərini təşkil edən 430 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə həmçinin iddianın 41 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

34. Məhkəmə qeyd edir ki, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, 100 manat məblıəğində xidmət haqqı isə cavabdehdən tutularaq "xxxx" MMC-nə ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Mobil telefonun dəyəri olan 430 manat məbləğində pul vəsaiti və 41 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh Adıgözəl oğlundan alınaraq X1. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat məbləğində mobil telefonun qiymətləndirmə xərci Cavabdeh Adıgözəl oğlundan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar