Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3111/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev-157R ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti., ev-157R də yerləşən mənzil iddiaçı olaraq İddiaçı mülkiyyətimdədir. Həmin mənzil xx.xx.2007-ci il tarixdə adıma mülkiyyət hüququ tanınmışdır. Həmin mənzil bağışlanma yolu ilə mülkiyyətinə keçmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşımdır. 1977-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Keçmiş həyat yoldaşı Cavabdeh ilə uzun illər mehriban yaşadıqdan sonra aralarında olan ailə münasibəti pozulmuşdur. 1977-ci il tarixdə rəsmləşdirilmiş nikah xx.xx.2020-ci ildə Bakı şəhər Xətai rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti., ev-157R də yerləşən mənzildə qeydiyyatdadır, lakin keçmiş həyat yoldaşı Cavabdeh ilə artıq 3 ildir ki, nikahları pozulmuşdur və nikahları pozulandan cavabdehdən ayrı yaşayır. Cavabdeh 2020-ci ildən öz arzusu ilə əşyalarını götürərək çıxmışdır və həmin vaxtdanda Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti., 157R nömrəli evdə yaşamır. İddiaçı hal-hazırda mənzili satmaq istiyir. Cavabdeh mülkiyyətində olan mənzilkdə pasport qeydiyyatında olduğundan onun razılıq ərizəsi tələb olunur. Lakin iddiaçı cavabdehin harada yaşamasını bilmir. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti., 157R nömrəli evin bütün komunal xərclərini iddiaçı ödəyir. Cavabdehin evində qeydiyyatda qalması iddiaçıya maddi cəhətdən ziyan vurduğundan o əlavə komunal xərcləri ödəmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti., 157R nömrəli ev iddiaçıya məxsusdur. Həmin mənzil xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdehlə iddiaçının nikahı xx.xx.2020-ci il tarixində pozulduqdan sonra cavabdeh həmin mənzili tərk etmişdir. İddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5775/2020 saylı qətnaməsi ilə mübahisəli mənzilin xx.xx.2007-ci il tarixli bağışlanma müqaviləsi əsasında X1 tərəfindən İddiaçı bağışlandığından, tərəflərin birgə vəsaiti hesabına alınmadığı müəyyən edilərək cavabdehin həmin mənzil üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Cavabdeh mülkiyyətində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0.0350 ha torpaq sahəsi vardır. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən sonra yarandığından hazırkı mülki mübahisənin əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasənn yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Göründüyü kimi, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərtdən biri də yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Lakin hazırki mülki iş üzrə Cavabdeh iddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra yəni, 2020-ci il tarixdə mübahisəli mənzili tərk edərək başqa yaşayış yerinə köçdüyündən və onun mülkiyyətində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən yaşayış təyinatlı torpaq sahəsi olduğundan məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır. Buna görə də mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə hüququnun saxlanması hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin uzun müddət həmin mənzildə yaşamadığı, eyni zamanda onun qeyd edilən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxdığı nəzərə alınaraq mübahisəli mənzildən istifadə hüquqları kompensasiya ödənilmədən itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev-157R ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3111/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3111/2023
05.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver