Məhkəmə qərarları › İş №2(011)-3129/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3129/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3129/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı cərimə faizlərinin ləğv edilməsi, adına qeyd edilmiş gecikmənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı cərimə faizlərinin ləğv edilməsi, adına qeyd edilmiş gecikmənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 500 manat məbləğində cərimə faizlərinin ləğv edilməsi, adına qeyd edilmiş gecikmənin üzərindən ləğv olunması, maddi və mənəvi ziyan əvəzi olaraq 2000 manat məbləğində pulun Cavabdeh BOKT MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixində Cavabdeh Bank Olmayan Kredit təşkilatından (Manato.az) kredit almaq üçün müraciət etmişdir. İddiaçıya online şəkildə 500 manat məbləğində kredit ayrılmış və online şəkildə mail ünvanına kredit müqaviləsi və müqaviləyə aid digər sənədlər göndərilmiş, kredit vəsaiti ona məxsus olan bank kartına köçürülmüşdür. Manato-nun kredit rəsmilləşdirilməsi günü mail ünvanına göndərdiyi məlumata əsasən ödəniş tarixi günü ona 75 manat 14 gün müddətinə, 125 manat ödəməklə ilə 30 gün müddətinə kredit müddətinin uzadılması təklif olunmuşdur. Həmin təklif ona uyğun olduğu üçün krediti rəsmiləşdirmişdir. Həmçinin kredit müqaviləsini onun mail ünvanına göndərərkən qoşma olaraq da göndərilmişdir. xx.xx.2025-ci il tarixində Manato.az rəsmi mailindən iddiaçının mail ünvanına kredit ödənişi etməyinə dair xatırlatma göndərilmişdir və həmin xatırlatmada da, həmçinin yuxarıda qeyd etdiyi 14 və 30 gün müddətinə ödəniş edərək müddəti uzada biləcəyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixində səhər saatlarında ona daha bir mail gəlmiş, Manato.az mail ünvanından və yenə də həmin təklif olunmuşdur, həmin tarixdə saat 10:19-da Manatoya 130 manat ödəniş edərək 30 gün müddətində kreditin uzadılmasını təmin etmişdir. Hansı ki, xx.xx.2025-ci il tarixində ona təklif olunan şərtlər altında razılaşıb rəsmilləşdirdiyi şərtlərə uyğun olaraq 130 manat ödəniş edib 30 gün müddətində uzadılmanı təmin etmişdir. Yəni özbaşına və ya özünün icad etdiyi bir şərtlərlə addım atmamışdır. Ödənişi etdiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən ona Manatonun operatorları dayanmadan zəng edib bildirmişlər ki, iddiaçı düzgün anlamamış, elə bir şərtlər mövcud deyildir. Mərkəzi Bankın adından hansısa verdiyi qərarı irəli sürmüşlər. O, izah etsə də, hətta Manatonun mail ünvanına onların özlərinin ona göndərdikləri faylları göndərsə də, onları başa sala bilməmişdir. Ona Manatonun problemli şöbəsindən də zəng gəlmişdir, onlara da izah edə bilməmişdir. Dəfələrlə özü şəxsən Manatonun operatorlarından xahiş etsə də ki, onu hüquq şöbəsinə hüquqşünasa bağlasınlar lakin nəticə verməmişdir. Hüquqşünas da vəziyyətin nə olduğunu bildiyi üçün danışıqdan imtina etmişdir. Yəni Manatoya artıq danışıqla vəziyyəti izah edə bilmədiyi üçün məhkəməyə müraciət etməyi qərarlaşdırmışdır. Ona dayanmadan zəng etdikləri üçün iş yerində iş vaxtı telefonla danışdığı üçün cərimələnmişdir, yəni ona “Manato”nun üzündən maddi və mənəvi ziyan dəymişdir. İddiaçı hal-hazırda nevroloji və zob xəstəliyinə görə müalicə alır. Hər iki müalicədə həkimlər əsəbdən stressdən uzaq olmağı tövsiyyə edir. Lakin ona Manato tərəfindən dayanmadan gələn zənglərə görə əsəb sistemində daha da narahatçılıq artmış və sağlamlığına ciddi şəkildə ziyan dəymişdir. Ona günlərdir ki, adına gecikmə yazılır və bu da deməkdir ki, ona gələcəkdə digər hansısa bankdan və ya təşkilatdan kredit götürə bilməsi ciddi şəkildə məhdudlaşdırılacaqdır. Onun 4 yaşında körpə övladı vardır və övladını təkbaşına böyüdür, vaxtaşırı heç kimdən borca pul istəməmək üçün kredit üçün banklara üz tutur, amma Manato bunu ciddi şəkildə məhdudlaşdıra bilər və bunu edir. Manato hal-hazırda ona ancaq ziyan vurmaqla məşğuldur. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, cavabdehdən onun xeyrinə 5000 manat pul tutulmasını xahiş etsə də, sonradan ərizə təqdim edərək, iddia tələbinin artırılmasına dair ərizəsini geri götürərək, ilkin iddia ərizəsinə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, Cavabdeh BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-cü il tarixli **********004 saylı kredit müqaviləsinə əsasən borcalanın sorğusu əsasında və onun verilmiş kredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində iddiaçıya şəxsi məqsədləri üçün 30 gün müddətinə 625 AZN ödəmək şərtilə 500 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin iddiaçı Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə yaranmış borc öhdəliyinin icra edilməsi üçün cavabdeh tərəfindən güzəştli addımlar atılsada, iddiaçı onun üzərinə düşən öhdəlikləri bilə-bilə icra etməkdən yayınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixində cavabdehin təklifi əsasında 130 AZN ödəniş edərək verilmiş kredit məbləğinin ödəmə tarixinin dəyişdirilməsini təmin etdiyini bildirmişdir. 15 noyabr 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən qəbul olunmuş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi” Qaydalarının 2.1.5.9 bəndinə əsasən gündəlik kreditlərin restrukturizasiya edilməsi, o cümlədən kredit məbləğinin ödəmə tarixinin dəyişdirilməsi qadağan edilmişdir. xx.xx.2025-cü il tarixli **********004 saylı kredit müqaviləsinin 2.3 bəndinin 4- cü yarımbəndinə əsasən BOKT-un Borcalana SMS bildirişlər, elektron ünvanına məktublar, telefon zəngləri vasitəsilə borcun ödənilməsi üzrə növbəti tarix, habelə kreditlə bağlı həyata keçirilməsi zəruri olan digər tədbirləri xatırlatmaq hüququ vardır.İddiaçı iş yerində olduğu zaman cavabdehlə telefon danışıqları apardığını və işə götürən tərəfindən cərimələnərək maddi və mənəvi ziyan vurulduğunu bildirmişdir.Yalnız borcalanın müqavilə də göstərilən əlaqə nömrəsi ilə əlaqə saxlanılıbdır. Heç bir üçüncü şəxslə əlaqə saxlanılmayıbdır.Ödənişlərin aparılması elektron-terminal, internet vasitəsi ilə aparılır. Yəni, iddiaçının işləməsi onun üzərinə düşən öhdəliklərin icra edilməsinə heç bir maneəçilik törətmir.Vətəndaş tərəfindən xx.xx.2025-cü il tarixli **********004 kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi BOKT-nin hərəkət və ya hərəkətsizliyinin nəticəsi deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış cərimə (penya) faizləri silinmişdir, iddiaçının maddi və mənəvi ziyan tələbini isə əsassız hesab edirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, kredit müqaviləsindən görünür ki, Cavabdeh BOKT MMC tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixədək 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli, kredit müqaviləsinin 1.8-ci maddəsində qeyd edilmişdir ki, borcalan verilmiş kredit məbləğinin ödənilmə tarixini Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dəyişmək hüququna malikdir. Bu xidmətdən istifadə etmək üçün borcalan müvafiq xidməti aktivləşdirərəkən eyni zamanda kredit məbləğinin ödənilmə tarixinin dəyişdirilməsinə görə BOKT tərəfindən təqdim olunan preskuranta uyğun haqq ödəməlidir. xx.xx.2025-ci il tarixli, kredit müqaviləsinin 1.14-cü maddəsində qeyd edilmişdir ki, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6 faiz həcmində faiz tələb etmək hüququna malikdir. "Manato.az” xidmətindən İddiaçı göndərilmiş elektron məktublardan görünür ki, 75 manat ödəniş etməklə 14 gün, 125 manat ödəniş etməklə 30 gün müddətində kreditin ödəniş müddətinin uzadılması təklif edilmişdir. "Manato.az” xidmətindən İddiaçı göndərilmiş elektron məktublardan görünür ki, İddiaçı kreditin ödəmə müddətinin başa çatdığı, gündəlik cərimələr hesablandığı və kredit borcunun mümkün qədər tez ödənilməsi barədə xəbərdar edilmişdir. “Manato.az” Xidmətinin xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********004 saylı kredit müqaviləsi üzrə arayış tərtib edilən tarixə 495 manat əsas, 0 manat faiz,0 manat komissiya və 0 manat cərimə olmaqla, cəmi 495 manat borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı: Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. AR X3 Heyətinin xx.xx.2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi” Qaydası : 2.1.5. Gündəlik kredit aşağıdakı tələblərə cavab verməlidir: 2.1.5.9. restrukturizasiya olunmur;. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, AR Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli Qərarı ilə təsdiqləmiş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi” Qaydasında gündəlik kreditin restrukturizasiya olunması imkanı istisna edildiyindən və hazırki iş üzrə tərəflər arasında müqavilə qeyd edilən qərardan sonrakı tarixdə bağlandığından Cavabdeh BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli mikrokredit müqaviləsinin ödəniş tarixinin dəyişdirilməsi də istisna edilir və xx.xx.2025-ci il tarixində müqavilə üzrə ödəniş tarixi başa çatmış hesab olunur. Lakin, iddiaçı ilə kredit müqaviləsinin AR Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli Qərarından sonra bağlanmasına baxmayaraq Cavabdeh BOKT MMC müqvilənin 1.8-ci maddəsində borcalanın kredit məbləğinin ödənilmə tarixini dəyişmək hüququna malik olduğu barədə qeydi saxlamış və borcalana müvafiq təkliflə bağlı elektron məktublar ünvanlamışdır. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi bu halların baş verməsini təsdiq etmiş və bunun müqavilənin və elektron məktub sisteminin standart forması dəyişdirilmədiyindən texniki səhv nəticəsində baş verdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, qeyd edilənləri nəzərə alaraq cavabdeh təşkilat hesablanmış dəbbə faizlərini silərək, artıq iddiaçıdan sadəcə əsas borc məbləğini tələb edir. Məhkəmə qeyd edir ki, MM-nin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilməli olduğundan, eləcə də MM-nin 462.2-ci maddəsinə əsasən borclunun öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımadığı halda kreditorun dəbbə pulunun ödənilməsini tələb edə bilməməsi təsbit edildiyindən, xx.xx.2025-ci il tarixli mikrokredit müqaviləsi üzrə qətnamə qanuni qüvvəyə minənədək dəbbə hesablanmaması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh təşkilat AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş normativ tələbi pozaraq kredit müqaviləsinə ödənişin vaxtının uzadılması imkanı ilə bağlı bənd daxil etmiş və bu imkanın həyat keçirilməsi üçün borcalana elektron məktublar ünvanlamış, bununla da borcalanda ödəniş vaxtının uzadıla biləcəyi ilə bağlı inam yaratmışdır. Odur ki, hazırki mübahisədə borcalanın ödənişlərin gecikməsi üçün məsuliyyəti müəyyən edilə bilməz. Borcalan tərəfindən ödənişlərin vaxtında edilməməsi məhz cavabdehin qeyd edilən normativ akta zidd əməlindən irəli gəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli mikrokredit müqaviləsi üzrə qətnamə qanuni qüvvəyə minənədək dəbbə hesablanması qadağan edilməlidir. Bununla, borcalanın hüquqları qətnamənin qüvvəyə minməsinədək qorunur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra isə borcalan artıq öz öhdəliklərinin şərtlərinin dəyişməz olduğunu və ödənişin vaxtının uzadılma imkanının hüquqi əsası olmadığını biləcəyi üçün, həmin andan sonrakı mümkün gecikmələrə görə dəbbə faizinin hesablanması cavabdeh tərəfindən qanunvericiliyə müvafiq qaydada aparıla bilər. İddia tələbinin maddi və mənəvi zərər görə 2000 manatın ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləğdən hansı məbləğin maddi, hansının mənəvi zərər görə tələb edildiyini əsaslandırmamış, eləcə də maddi zərərin vurulması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin normativ akta zidd hərəkəti (Mərkəzi Bankın qərarına zidd olaraq kredit müqaviləsinə ödənişin vaxtının uzadılması imkanı ilə bağlı bənd daxil edilməsi və bu imkanın həyat keçirilməsi üçün borcalana elektron məktub ünvanlanması) nəticəsində ödəniş müddətini uzatdığını düşünsə də, cavabdeh tərəfindən iddiaçıya hər gün çoxsaylı zənglər edilməsi, elektron mətubların göndərilməsi və hər xəbədarlıq məktubunda dəbbə faizlərinin artmasının qeyd edilməsi iddiaçıda mənəvi sarsıntı və narahatlıq yaratmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin mənəvi sarsıntı və narahatlığın kompensasiya edilməsi üçün mənəvi zərərin əvəzi iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq cavbdehdən iddiaçının xeyrinə 200 manat məbləğində mənəvi zərərin ödənilməsini ədalətli hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, **********004 saylı kredit müqaviləsi üzrə dəbbənin (gecikmə faizlərinin) hesablanmaması öhdəliyi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nin üzərinə qoyulsun. 200 manat məbləğində mənəvi zərərin əvəzi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq İddiaçı ödənilsin. 40 manat dövlət rüsumunun əvəzi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar