Məhkəmə qərarları › İş №2(011)-318/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-318/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-318/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X6 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” barədə ilkin iddiasına, iddiaçı Cavabdeh X3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın 1.850 manat pulun, mənəvi ziyanın 300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2.180 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən 12 saylı evin 6-cı mənzili tam xüsusi mülkiyyət hüququ ilə 2019-cu ildən iddiaçının adına qeydə alınmışdır. Cavabdeh iddiaçıya məxsus mənzildən yuxarıda yaşayan üst qonşudur. Cavabdeh üst mərtəbədə yaşamasından sui-istifadə edərək, mütəmadi şəkildə yuxarıdan su axıdaraq iddiaçının mənzilini yararsız vəziyyətə salmışdır. İddiaçıya məxsus təzə təmirli mənzilin mətbəxi, dəhlizi və sanitar qovşağı cavabdehin su axıtması nəticəsində tam təmirsiz, nəmli vəziyyətə düşmüş, mənzilə ziyan dəymiş, elektrik xətləri sıradan çıxmış, mətbəxdə olan mebel davamlı olaraq çirkli suların axıdılması nəticəsində yararsız hala düşmüşdür. Cavabdeh İddiaçı hüquqi varisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat maddi ziyanın və 1500 manat mənəvi ziyanın alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, alt mərtəbədə yaşayan cavabdeh sui-istifadə edir, iddiaçıya böhtan atır. İddiaçı ona dəfələrlə mənzilində olan vanna otağında kanalizasiya xəttini və su xəttini dəyişdiyini, mətbəxdə olan su kranını dəyişdiyini, lazımi tədbirləri gördüyünü bildirmişdir. Lakin cavabdeh ona şər və böhtan atır. İddiaçı onun ərinə xəbərdarlıq etməsinə baxmayaraq o, iddiaçının evinə gələrək özbaşına hərəkətlər etmişdir. İş materiallarından görünür ki, İddiaçı vəfat etmiş, onun qızı X5 onun vərəsəsi müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı qismində X5 işə əlavə edilmişdir. Məhkəmə iclasında X2 etibarnamə üzrə nümayəndəsi X7 iddia ilkin tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilkin iddiaya etiraz edərək onun rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nazim Teymurov iddiaçı X2 atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 12, 3 saylı mənzil Səbinə Teymurovanın anası mərhum İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İddiaçı vəfatından sonra mənzil vərəsəlik hüququ üzrə Səbinə Teymurovanın mülkiyyətinə keçmişdir. Cavabdeh isə istinad olunan hal baş verən zaman Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 12, 6 saylı mənzilin mülkiyyətçisi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 08 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 12 saylı evin 3 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzildən su axıdıldığı və nəticədə 3 saylı mənzilin dəhliz, mətbəx və sanitar qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 12 saylı evin 3 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri 1.255 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 12 saylı evin 3 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 6 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyanı 1.255 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilə ziyanın vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsaslıdır, məhkəmə mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Odur ki, ilkin iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabdehdən 1.255 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-318/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə ilkin iddia tələbinə mənəvi ziyan hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək belə hesab edir ki, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasının əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. O, cavabdeh tərəfindən ona maddi ziyan vurulmasına istinad etsə də, həmin ziyanın nədən ibarət olması, hansı hadisənin nəticəsində ona ziyan dəyməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Ona görə də qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu, Cavabdeh isə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu X2 özünə aid edilməli, ödənilmiş 30 manat dövlət rüsumu isə Cavabdeh özünə aid edilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının mənzilinə dəymiş 1.255 (bir min iki yüz əlli beş) manat maddi ziyan alınaraq iddiaçı X3 ödənilsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı X2 özünə aid edilsin. Cavabdeh - cavabdehdən 500 manat maddi ziyanın və 1500 manat mənəvi ziyanın alınıb iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar