Məhkəmə qərarları › İş №2(011)-319/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-319/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-319/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X10 ailə həyatı qurduqdan sonra onun keçmiş həyat yoldaşı Cavabdeh onun mülkiyyətçisi olduğu evə qeydiyyata düşmüş və yaşamışdır. Oğlunun nikahı faktiki olaraq pozulduğu vaxtdan onun keçmiş həyat yoldaşı iddiaçının evindən köçüb getmiş, lakin qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, oğlu X3 gəlini olan Cavabdeh ilə nikahları pozulmuşdur. Buna görə də Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməlidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, həqiqətən də Cavabdeh ilə nikah münasibətləri pozulmuşdur. Mübahisəli mənzil onun valideynlərinindir. Buna görə də o, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 63,39 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında X6, X4 və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşdurlar. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 X5 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-29771/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına razılıq vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı məxsusdur. İddiaçının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh iddiaçının oğlu X3 həyat yoldaşıdır. Onlar hazırda rəsmi nikahdadırlar. Cavabdeh mübahisəli mənzilə 2020-ci ildə gəlin köçmüşdür. İddiaçı bildirir ki, cavabdehlə oğlu arasında olan nikah münasibətləri pozulmuşdur və cavabdeh mənzildən çıxıb getmişdir. O, cavabdehin mənzilə istifadə hüququnun itirilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Cavabdeh iddiaçının (mülkiyyətçinin) razılığı əsasında sonuncunun övladının (Rəşad Kərimov) arvadı olaraq mübahisəli yaşayış sahəsinə köçürülmüşdür. Hazırda da Cavabdeh iddiaçının oğlu R.Kərimovun arvadı olmaqda davam edir, yəni hazırda tərəflərin ailə münasibətlərinə xitam verilməmişdir. Yaşayış sahəsindən istifadə hüququnun xətmini nəzərdə tutan yuxarıda sadalanmış Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ailə münasibətlərinin xitamından sonrakı dövrdə tətbiq edilməli olduğundan, hazırda isə Cavabdeh ilə iddiaçının oğlu R.Kərimovun nikahı pozulmadığından, iddia təmin edilməli deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) - cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar