Məhkəmə qərarları › İş №2(011)-3239/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3239/2023

24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3239/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdehn və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra şöbəsinə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı “ekspert rəyinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh MMC qiymətləndirmə şirkəti ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Qiymətləndirmənin təşkili haqqında” müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı İddiaçı məxsus olan **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin aparılması üçün əsas Xəzər Rayon Məhkəməsinin 2(003)-3008/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən avtomobilin qiymətləndirilməsi aparılmış və xx.xx.2023-cü il tarixə həmin avtomobilin qiyməti 800 manat müəyyən edilmişdir.

2. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun avtomobilin qiymətləndirilməsindən məlumatı olmamışdır. Cavabdeh MMC tərəfindən ona məxsus avtomobil daha aşağı qiymətə qiymətləndirilmişdir. Avtomobilin hazırki dövrə uyğun qiyməti 2000-3000 manat təşkil edir. Odur ki, iddiaçı keçirilmiş qiymətləndirmənin rəyi ilə razı deyil və avtomobilin yenidən qiymətləndirilməsini xahiş edir.

İddiaçının tələbi:

3. İddiaçı məxsus olan **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyinin etibarsız hesab edilməsi və avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyinin ləğv edilməsi və avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehlərin etirazı:

5. Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra şöbəsi və "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən iddia tələbinə qarşı yazılı etiraz və ya hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında qeyd etmişdir ki, Xəzər rayon İcra şöbəsi ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən, iddiaçıya məxsus **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin qiymətləndirilməsi aparılmış və avtomobilin qiyməti 800 manat qiymətləndirilmişdir. Lakin ekspert rəyi ilə razı deyildir. Xəzər rayon İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icrası məqsədilə borcluya məxsus əmlakın qiymətləndirilməsi qərara alınmışdır.

7. Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra şöbəsi və "xxxx" MMC Hərrac Mərkəzinə məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3008/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən cavabdeh İddiaçı X2 xeyrinə 260000 (iki yüz altmış min) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir.

12. xx.xx.2023-cü il tarixli Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabata əsasən, Cavabdeh MMC ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Qiymətləndirmənin təşkili haqqında” müqaviləyə əsasən, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı İddiaçı məxsus olan **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin qiymətləndirilməsi işi yerinə yetirilmişdir. Qiymətləndirmənin aparılması üçün əsas Xəzər Rayon Məhkəməsinin 2(003)-3008/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi olmuşdur. Aparılmış hesablamalar və təhlillərə əsasən, İddiaçı məxsus **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 800 (səkkiz yüz) manat təşkil edir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli 9/5588 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, “Renault 12” minik markalı, 1997-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin orta bazar dəyəri 2023-cü il tarixə təxminən 3000 manat müəyyən olunmuşdur.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası: 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

17. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

18. Qiymətləndirmə fəaliyyəti haqqında 25 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu:

5. Aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır: - məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.

6. Qiymətləndirmə üçün əsas qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir.

8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”.

22. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”.

23. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi zamanı obyektin real bazar dəyərinə uyğun keçirilməməsi sübuta yetirlmişdir.

24. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.

25. Eyni zamanda, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

26. Məhkəmə araşdırması zamanı obyektin yenidən ekspert qiymətləndirilməsini təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli 9/5588 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, “Renault 12” minik markalı, 1997-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin orta bazar dəyəri 2023-cü il tarixə təxminən 3000 (üç min) manat müəyyən olunmuşdur.

27. Mülki iş materiallarında olan Cavabdeh MMC tərəfindən aparılmış hesablamalar və təhlillərə əsasən, İddiaçı məxsus **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 800 (səkkiz yüz) manat təşkil edildiyi qeyd edilir.

28. Göründüyü kimi iki qiymətləndirmə rəyi arasında 2200 manat fərq mövcuddur. Real bazar münasibətlərində eyni obyekt üçün qiymət fəqrinin mövcud olması cavabdeh tərəfindən keçirilmiş qiymətləndirmənin şübhə altına alınaraq real bazar qiymətlərinə uyğun olmaması qənaətinə gəlmək üçün əsasların mövcud olmasına dəlalət edir.

29. Beləliklə, iş üzrə müəyyən edilən halları tam, hərtərəfli araşdırıb, əldə olunmuş sübutlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı 2(003)- 3008/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus olan “**-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobillə bağlı Cavabdeh MMC-nin “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli, R01/01/23 saylı ekspert rəyinin qanunun tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir.

30. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

31. Məhkəmə iddia tələbinin avtomobilin yenidən qiymətləndirilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

32. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hər hansı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 34.Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət hesabına ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh MMC tərəfindən **-CJ-*** dövlət qeydiyyat nişanlı “Renault 12” minik markalı avtomobilin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyi ləğv edilsin.

3. İddia tələbi qalan hissədə təmin edilməsin.

4. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 5.Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar