Məhkəmə qərarları › İş №2(011)-3242/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3242/2021

30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3242/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ona vurduğu 320 manat real maddi zərərin, 5000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 5350 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə əlavə olaraq yol xərcinə görə çəkdiyi 60 manat xərcin, ümumilikdə isə 5410 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, "xxxx" MMC-nin İsmayıllı rayon filialı olan “Texnomart” mağazasından 24.09.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, 320 manat dəyərində, bir ədəd 0 505 YDGMEİ “Arçelik” plitəsini nisyə satın almışdır, lakin plitə alındığı gündən qüsurlu olmuş, bu barədə satıcıya məlumat verilmiş, “Texnomart” mağazasından nümayəndə bir neçə dəfə evinə gələrək plitəyə baxış keçirmiş və plitənin qüsurunun olması barədə mərkəzi ofisə məlumat vermişdir, bir neçə dəfə usta gətirib düzəltməyə çalışsalar da düzəldilməsi mümkün olmamışdır, plitədəki nasazlığa görə qazsızma nəticəsində plitənin qaz açarları yanaraq ərimişdir, mağazanın nümayəndəsi Bakı şəhərində olan servisə müraciət etdikdə ona bildirilmişdir ki, plitəni yoxlamaq üçün onlarda qaz xətti yoxdur, ona görə də plitənin servisə göndərilməsi əhəmiyyətsizdir, o, qaz plitəsinin dəyərini tam ödəyib qurtarsa da, plitə yararsız vəziyyətdə qalmışdır, həmçinin məhkəmə iclaslarında iştirak etmək üçün bir neçə dəfə İsmayıllı rayonundan Bakı şəhərinə getmək məcburiyyətində qalmışdır ki, bu da əlavə xərclərin yaranmasına, stres və mənəvi iztirablara səbəb olmuşdur, buna görə də ona dəyən əlavə xərcləri 60 manat, mənəvi zərəri isə 5000 manat məbləğində qiymətləndirir və dəymiş maddi ziyanla birgə cəmi 5410 manatın cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.E.Eminzadə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, tərəflər arasında 24.09.2019-cu il tarixində alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında 320 manat dəyərində bir ədəd quraşdırılan “Arçelik” qaz plitəsi təmsil etdiyi şirkət tərəfindən iddiaçıya təhvil verilmişdir, iddiaçı həmin məbləği hissə-hissə olmaqla ödəmişdir, iddiaçı mağazaya müraciət edərək onlardan satın aldığı qaz plitəsinin qüsurlu olduğunu bildirmiş və onun tələbi ilə həmin plitə mağaza tərəfindən təhvil alınaraq servisə aparılmışdır, həqiqətən də qaz plitəsi qüsurlu olmuşdur, iddiaçı borc məbləğini tam olaraq ödəmişdir və satıcı tərəfindən ona qarantiya verilmişdir, cavabdeh bildirmişdir ki, hazırda həmin əşyadan mağazada yoxdur, lakin onu başqası ilə əvəz edə bilərlər, hətta bu barədə iddiaçıya da təklif olunmuşdur, lakin iddiaçı pulun qaytarılmasını istəyir, yol xərci və mənəvi zərərin məbləği ilə, hətta həmin zərər hissədə iddia tələbini ümumiyyətlə qəbul etmirlər. Sonda E.E.Eminzadə qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.09.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini 320 manat dəyərində malın satıcının istifadəsinə verilməsi, qarşılığında isə müqavilədə göstərilən məbləğin alıcıya ödənilməsi təşkil edir. İş materiallarında olan 24.09.2019-cu il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilənin obyektini dəyəri 320 manat olan 0 505 YDGMEİ “Arçelik” plitəsi təşkil edir. İş materiallarında olan 24.09.2019-cu il tarixli zəmanət talonundan görünür ki, alqısatqısı nəzərdə tutulan “Arçelik” qaz plitəsi alıcıya 3 illik zəmanətlə satılmışdır. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, İddiaçı alqı-satqısı nəzərdə tutulan malı tam şəkildə qəbul etmişdir İş materiallarından görünür ki, cavabdeh, 20.10.2019-cu il tarixli qəbzə əsasən 31 manat, 19.11.2019-cu il tarixli qəbzə əsasən 31 manat, 18.12.2019-cu il tarixli qəbzə əsasən 31 manat, 20.01.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 17.02.2020-ci il tarixli qəbzə əsasən 50 manat, 15.03.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 18.04.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 17.05.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 16.06.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 18.08.2020-ci il tarixli qəbzə əsasən 14 manat ödəniş etmiş, müqavilə əsasında satın aldığı malın əvəzi olaraq cavabdehin hesabına ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında dəyəri 320 manat olan “Arçelik” plitəsinə dair nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında alıcı əşyanın dəyərini tam olaraq ödəmişdir, əşya qüsurlu olmasına görə satıcı tərəfindən geri təhvil alınmışdır və hazırda da onun ixtiyarındadır, cavabdeh tərəfindən əşyanın keyfiyyətinə görə qarantiya verilmişdir, qarantiya müddəti 3 il olmaqla 24.09.2022-ci ilə qədər nəzərdə tutulmuşdur, alıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini yertinə yetirsə də, satıcı öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir, əşyanın keyfiyyətinə dair tələblər, aradan qaldırıla bilməyən qüsurlar nəticəsində əhəmiyyətli dərəcədə pozulmuşdur və bu tələblərə satıcının həmin əşyaya dair qarantiyası ilə təminat verilmişdir, qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Cavabdehin müqavilə öhdəliklərini istisna edən, həmçinin əşyanın qüsurunun iddiaçının hərəkətləri nəticəsində əmələ gəlməsini sübut edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldığından və həmin əşya lazımi keyfiyyətli malla əvəz edilməsi mümkün olmadığından, həmçinin malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmamaqla həmin əşya hazırda da cavabdehin ixtiyarında olduğundan, iddiaçı alqısatqı müqaviləsinin icrasından imtina etməkdə və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 320 manat pulun alınaraq iddiaçıya qaytarılması hissədə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, əvvəla bu, iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı tərəfindən iş materiallarına belə sübutlar əlavə edilməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər alqı-satqı müqaviləsindən irəli gəldiyindən və həmin müqavilə üzrə satılmış malın keyfiyyət göstəriciləri istehsalçı olmayan cavabdehin fəaliyyəti ilə bilavasitə əlaqəli olmadığından, həmçinin cavabdehin əməlində iddiaçıya məxsus qeyri-maddi nemətlərə qəsd edən, onun şəxsi-qeyri əmlak hüquqlarını pozan, ona hər hansı zərər vurulmasına gətirib çıxaran hüquqaziddd hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, mənəvi zərər də istisna olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “mənəvi zərər” hissədə təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “əlavə xərc” hissəsinə münasibətdə hesab edir ki, iddiaçının yaşadığı yerdən məhkəmə iclasının keçirildiyi yerə gəlməsi əlavə yol xərcləri hesabına başa gəlir ki, bu da 60 manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.4-cü maddəsinə əsasən, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri, işə baxılması ilə əlaqədar məsrəflər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat verməmişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin məcəllənin 589.3-cü maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Həmin məcəllənin 624.3-cü maddəsinə əsasən, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, maddi zərərə görə 320 manat pul məbləği, iddiaçının yol xərcinə görə çəkdiyi 60 manat və ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, ödənilmiş dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə hesab edir ki, iddia 500 manat məbləğdən aşağı həddə təmin olunduğundan, ödənilmiş 30 manatın 10 manatı cavabdehə, 20 manat isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən 320 manat və yol xərclərinə görə sərf edilmiş 60 manat, cəmi 380 (üç yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar