Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3279/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli sayılıb hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş ödənilməmiş 30.370 manat məbləğində maddi ziyanın, 180.000 manat əldən çıxmış fayda, 20.000 manat məbləğində mənəvi ziyanın və tərəfindən ödənilmiş 520.37 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayon sakini X5 iddiaçının etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iddiaçı üçün Astara şəhəri Xəzər dənizi sahilində restoran tikintisi ilə bağlı planlaşdırılmış işlərin aparılması üçün 2014-cü il aprel ayından başlayaraq həmin ilin iyun ayının 10-a kimi keçən dövr ərzində ayrı-ayrı vaxtlarda və saatlarda göndərdiyi 10.000, 3000, 5000, 4000, 3000, 5000-ümumilikdə 33.000 ABŞ dolları (qoşma 8 ədəd videogörüntülər, görülən işlərlə bağlı Mehdi Əliyev tərəfindən iddiaçıya mütəmadi olaraq verilmiş hesabatların sübutudur). 2018-ci ilin mart ayının ortalarında həmin torpaq sahəsininvə bünövrəsi qoyulmuş restoranı kupçalaşdırmaq məqsədi ilə həyat yoldaşı Yaqubova Qahirənin mərhum anası Məmmədova Səkinəyə məxsus ünvan 1 ünvanında yerləşən evin həyətində daha 2.500 ABŞ dolları, ümumilikdə isə 35.500 ABŞ dolları pulunu və iddiaçıya məxsus olan torpaq sahəsini dələduzluq yolu ilə iddiaçıdan gizli olaraq qeyri bir şəxsin, Astara rayon sakini X1 adına qeydiyata salmaqla ələ keçirmişdir. İddiaçı bununla bağlı müvafiq orqanlara müraciət etmişdir və Mehdi Əliyev barədə cinayət işi açılaraq istintaq aparılmışdır. İbtidai istintaq ərəfəsində Mehdi Əliyev iddiaçıya vurulmuş 35.500 ABŞ dolları məbləğində ziyanın bir qismini, yəni 29.990 manatını ödəmiş, qalan 30.370 manatını ödəməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahəsinin və orada yerləşən yarımtikili obyektin indiki bazar qiyməti ilə müqayisə şəraitində, sosial ədalət və mənəvi dəyərlər noqteyi nəzərdən 180.000 manat səviyyəsində təyin edilib ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edib işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə iddia tələbinin “cavabdehdən 30.370 manat maddi ziyanın alınıb ona ödənilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1- (106)-235/2022 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Astara Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmünün zərərçəkmiş şəxs İddiaçı vəkili və nümayəndəsi X7 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan həmçinin görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Rusiya Federasiyasında yaşayan və işləyən bibisi oğlu İddiaçı etibarından sui-istifadə edərək İddiaçı ona Astara şəhərində Xəzər dənizi sahilində restoran tikdirəcəyinə inandırıb aldadaraq ondan həmin işi görməsi adı ilə 2014-cü ilin aprel ayından həmin ilin iyun ayının 10-na kimi keçən dövr ərzində istintaqa dəqiq məlum olmayan ayrı-ayrı günlərdə və saatlarda 10.000, 3.000, 3.000, 5.000, 4.000, 3.000, 5.000 ABŞ dolları, ümumilikdə həmin dövrün məzənnəsi ilə 25.740 manata bərabər olan 33.000 ABŞ dollarını, 2018-ci ilin mart ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə, saat 19 radələrində arvadı Qahirə Yaqubovanın mərhum anası Səkinə Məmmədovaya məxsus ünvan 2 ünvanında yerləşən evin həyətində həmin dövrün məzənnəsi ilə 4.250 manata bərabər olan 2.500 ABŞ dollarını, ümumilikdə vahid niyyətlə 29.990 manata bərabər 35.500 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Belə ki, məhkəmə iclasında iş materiallarında əlavə olunmuş cinayət işinin materiallarına əsasən müəyyən edildi ki, cavabdeh tərəfindən İddiaçı 35.500 ABŞ dolları miqdarında ziyan vurulmuş, istintaqın gedişatı zamanı pulun müəyyən hissəsi 2014-cü ilin məzənnəsi 0.78 manat, bir qismi isə 2018-ci ilin məzənnəsi olan 1.70 manat səviyyəsində hesablanaraq, 29.990 manat olması müəyyən edilmiş və həmin məbləğ ona ödənilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş vəsaitin düzgün hesablanmadığını və dolların bu günkü günə məzənnəsi nəzərə alınmaqla ödənilməli olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasında haqlıdır. Belə ki, xarici valyuta ilə alınmış borclara münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarının müəyyən etdiyi hüquqi mövqedən görünür ki, xarici valyutada borc alan manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Belə olan halda, xarici valyutada götürülən borc ödəniş günü manatın məzənnəsi nəzərə alınmaqla ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh X2 (35.500 ABŞ dolları x 1.70-29.990=30.360) 30.360 manat maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda kimi 180.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə qiymət verərək belə hesab edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı bu günkü gündə Astara şəhəri Xəzər dənizi sahilində yerləşən restoranın qiymətinin bu günkü gündə 300.000 manat olmasına istinad etsə də, bununla bağlı hər hansı sübutu məjkəməyə təqdim etməmişdir. Eyni zamanda, 180.000 manatın hansı meyar və hesablama qaydasına uyğun olaraq hesablanması və hansı qanuni əsaslarla tələb edilməsi əsaslandırılmamışdır. İddiaçı qeyd etsə də, hazırkı məbləğ ona dəyən ziyan kimi qəbul edilməlidir, məhkəmə hesab edir ki, iddianın hazırkı hissədə təmin edilməsi üçün zəruri sübutlar və əsaslandırma mövcud deyildir. Mülki iş materiallarına əlavə olunmuş cinayət işininn materiallarından da görünür ki, cavabdehin əməli etibardan sui-istifadə etməklə pul vəsaitinin ələ keçirilməsi olmudur. İstinad edilən obyektin alınması, ondan istifadə edilməsi, faydalanması kimi hallar hazırkı mülki icraat çərçivəsində müəyyən edilməmişdir. Belə olan halda iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 20.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 30.360 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 520.37 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən 452.37 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, qalan 68 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 30.360 (otuz min üç yüz altmış) manat məbləğində pul vəsaiti və 452.37 (dörd yüz əlli iki manat otuz yeddi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qalan 68 (altmış səkkiz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3279/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3279/2022
19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver