Məhkəmə qərarları › İş №2(011)-3303/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3303/2022

12.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3303/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən maddi ziyana görə 9000 manat, mənəvi ziyana görə 50000 manat, kirayə haqqına görə 4800 manat, dövlət rüsumunun ödənilməsinə görə 281,40 manat, ümumilikdə 64081,40 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq iddiaçıya məxsus fərdi yaşayış evinin otaqlarına dolması nəticəsində həmin evdə partlayış hadisəsi baş vermiş, iddiaçı və onun ailə üzvləri (arvadı və oğlu) müxtəlif dərəcəli xəsarət almışdlar. Baş vermiş partlayış hadisəsində Cavabdeh İB-nin X6 İstismarı İdarəsinin rəisi vəzifəsində işləyən X3 təqsirli bilinərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 3000 manat məbləğidə cərimə cəzasına, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı və onun ailə üzvləri zərərçəkmiş şəxs qismində tanınmış, əmlakına dəymiş zərərə görə 23695 manat, sağlamlığına dəymiş zərərə görə 6000 manat pul cavabdeh və təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən mülkiyyətində olan mənzildə partlayış hadisəsi bas vermişdir. Partlayış nəticəsində özü yüngül, arvadı ağır, oğlu isə az ağır dərəcəli zərərvurmaya səbəb olan yanıq və müxtəlif dərəcəli xəsarətlər almışlar və mülkiyyətində olan fərdi yaşayış evinin qaz partlayışı nəticəsində məhv olaraq ümumilikdə 23814 manat məbləğində ziyan dəymişdir. Baş vermiş partlayış nəticəsində o sağlamlığını uzun müddətə itirmiş və Bakı şəhərində yerləşən 3 saylı klinik xəstəxanada 17 gün stasionar müalicə, 6 ay isə evdə yataq rejimində ambulalor müalicə almışdır. Xəstəxanadan tez buraxılmağına səbəb “Covid 19" pandemiyasının yayılması ilə əlaqədar xəstəxananın xüsusi iş rejiminə keçməsi ilə əlaqədar boşaldılması olmuşdur. Xəstəxanada stasionar və ambulalor müalicədə olduğu müddətdə bütün müayinə və müalicə xərcləri özü tərəfindən ödənilmişdir. Bütün müayinə və müalicəyə 9000 manat məbləğində vəsait sərf olunmuşdur. Cavabdeh tərəfindən onun müayinə və müalicə xərclərinə heç bir ödəniş edilməmişdir. Partlayış nəticəsində onun və ailə üzvlərinin ağır xəsarət alması, onları itirmək qorxusu ona böyük iztirab vermiş, ciddi sarsıntı keçirmişdir. Baş xermiş hadisə ilə əlaqədar cavabdehin işçilərinin təqsiri tam sübuta yetirilmiş, cavabdehin Ağsu RQİ-nin rəisi X3 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilərək İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli kökmü ilə 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, onun tərəfindən verilmiş apelyasiya şikayəti və prokuror tərəfindən verilmiş protest əsasında Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ləğv edilmiş, X3 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Şəki Apelhasiya Məhkəməsində məhkəmə icraatı zamanı cavabdeh tərəfindən əmlakına dəymiş ziyan olan 23814 manat məbləğində pul ödənilmiş, ona dəymiş maddi xəstəxana xərcləri və mənəvi ziyan ödənilməmişdir. O, maddi və mənəvi ziyanın ödənilməsini təmin etmək üçün cavabdehlə danışıqlar aparanda rəhbər vəzifəli şəxslərin qəbulunda olsa da, onlar ona dəymiş maddi və mənəvi ziyanı ödəməmişlər. Bundan əlavə o və ailə üzvləri evinin partlaması səbəbindən mart ayından hazırki vaxtadək aylıq 200 manat ödəməklə kirayədə yaşayır. 2022-ci ilin mart ayınadək 1800 manat kirayə haqqı ödəmişlər. Ekspert tərəfindən müəyyən olunmuş 23814 manat puldan əlavə heç bir pul ödənilməmişdir. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndə və vəkilinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün cavabdehin təqsirliliyi və ona mənəvi və maddi zərərin dəyməsinin müəyyən edilməsi vacibdir. Mülki Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2 və 1097.1-ci maddələrində isə qeyd edilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Namiq Məmmədovun əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli ilə iddiaçıya zərər dəyməsi iş materialları öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Namiq Məmmədov Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, habelə iddiaçının şikayəti və prokurorun protesti əsasında birinci instansiya məhkəməsinin hökmü Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Namiq Məmmədov eyni maddə ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Namiq Məmmədov ona görə təqsirləndərilmişdir ki, o, "Qazdan istifadə qaydaları nın 3.1.3-cü. 3.1 6-cı, 3.2.7-ci, 3.2.9cu. ‘Qaz təsərrufatırda təhlükəsizlik qaydalarının 1.12-ci və 1.19-cu, X1 Ağsu RQİİ-nın əsasnaməsinin 2.2-ci bəndlərinin tələblərini pozaraq, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai tənlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq İddiaçı məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasıyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 07:00 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə evdə yaşayan iddiaçı, onun arvadı Rəhimə Osmanlı və oğlu Tahir Osmanlı bədənin müxtəlif hissələrinin yanığı, habelə partlayış nəticəsində müxtəlif bədən xəsarətlər almış, habelə iddiaçıya məxsus fərdi yaşayış evi qaz partlayışı səbəbindən məhv olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Mülki Məcəllənin 1099.1 və 1099.2-ci maddələrində qeyd edilir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına və əmlakına ziyan vurulmasında cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən, eləcə də Mülki Məcəllənin 1099.1-ci maddəsində işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması müəyyən edildiyindən, iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır. İddiaçıya mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, o qazın partlaması nəticəsində həm yanıq xəsarətləri, həm də partlayış zərbəsinin yaratdığı dalğanın təsirindən kənara tullanması nəticəsində bədənin müxtəlif hissələrindən xəsarətlər almış, stasionar və ambulator müalicələr almışdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçı üzünün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarət almışdır. Sağlamlığı üçün həyati təhlükə yarada bilən xəsarətlər alması nəticəsində iddiaçının ağrı və iztirablar çəkməsi şübhəsizdir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, hadisə nəticəsində iddiaçının arvadı ağır dərəcəli, azyaşlı oğlu isə yüngül dərəcəli xəsarətlər almışdır. Şərh edilənlər məhkəmənin belə bir qənaətə gəlməsinə əsas verir ki, iddiaçının özü və digər ailə üzvlərinin (doğmalarının) müxtəlif dərəcəli xəsarətlər alması, habelə partlayış nəticəsində yeganə yaşayış yeri olan mənzilinin məhv olması onda mənəvi sarsıntılara səbəb olmuş, şüurunda mənfi emosiyalar yaratmış, gündəlik həyat tərzində ciddi maneələrə səbəb olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçıya və onun ailə üzvlərinin sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi özünün sağlamlığına zərər dəyməsi ilə bağlı tələb edir. İddiaçının keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə özünün və ailə üzvlərinin sağlamlıqlarına zərər dəyməsi nəticəsində həyatlarını itirmək qorxusu, mənzilinin tamamilə məhv olması həddindədir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçıya əmlakına və sağlamlığına dəyən zərərə görə 29695 manat kompensasiya ödənilməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 15 000 manat pulun tutulmasını mütənasib hesab edir. Məhkəmə iddia tələbinin maddi ziyana görə 9000 manat və kirayə haqqına görə 4800 manat pulun cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. İddiaçı sağlamlığına dəymiş ziyan nəticəsində müayinə və müalicəsinə 9000 manat məbləğində pul vəsaiti xərclədiyini və baş vermiş partlayış hadisəsi ilə əlaqədar yaşayış evini itirdiyinə görə kirayədə qalaraq aylıq 200 manat olmaqla, 2022-ci il mart ayınadək ümumilikdə 4800 manat kirayə haqqı ödədiyini iddia edir. Buna görə də, məhkəmə tərəflər arasındakı mübahisənin xarakterini nəzərə alaraq hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 21-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən müddəa zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Bu halda, iddiaçı həm müayinə və müalicəsinə 9000 manat məbləğində vəsait xərclədiyini, həm də 2020-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək hər ay 200 manat olmaqla, ümumilikdə 4800 manat kirayə haqqı ödədiyini sübut etmək vəzifəsini daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 23%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 15.000 manat məbləğində pul və 64,72 manat məbləğində dövlət rüsumu İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 216,68 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar