Məhkəmə qərarları › İş №2(011)-3314/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3314/2023

07.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3314/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər “X1” İctimai Birliyində birlikdə fəaliyyət göstərmişlər.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

2. İddiaçı cavabdeh tərəfindən onun şərəf və ləyaqəti alçaldığına görə ondan eyni yolla üzr istəməsi, həyat yoldaşı barədə ictimai birlik üzvlərinə göndərdiyi mantaj olunmuş şəkillərə və böhtan yazıları eyni yolla təkzib etməsi və iddiaçıya vurduğu mənəvi ziyana görə 3000 manat, eləcə də ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 3050 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehi “X1” ictimai birliyindən tanıyır. Bir çox tədbirlərdə birlikdə iştirak etmişlər. Cavabdeh barəsində sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edildiyi zaman, o bütün bunlara görə əsassız olaraq cavabdehi günahlandırmağa başlamış və iddiaçı ona bildirmişdir ki, bu olanların onunla heç bir əlaqəsi yoxdur. Cavabdeh heç bir əsas olmadan, 16 avqust 2022-ci il tarixində özünə məxsus ********** mobil nömrəsindən whatsapp vasitəsi ilə iddiaçının ********** whatsapp nömrəainə 21 səsli mesaj göndərməklə, onu, ailəsini və nəslini təhqir edərək söyüşlər söymüşdür. O, cavabdehin bu 21 təhqirinə qarşılıq olaraq onu təhqir etmədən sadəcə yazmışdır ki, “buyur bütün səsləri göndər, hüquq-mühafizə orqanları hər halda araşdırar bu səsləri.” Cavabdehin ona və ailəsinə qarşı işlətdiyi şər-böhtan və təhqirlərdən sonra onun ailəsində böyük söz-söhbət yaranmış, hətta boşanmaq həddinə belə çatmışlar. Bir həftə onun evində söz-söhbət olmuş, o və yoldaşı çox ciddi mənəvi sarsıntı keçirmişlər. 24 avqust 2022-ci il tarixində Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə və Xətai rayonu Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin direktoru Rəfael Mehdiyevə, 64 nömrəli tam orta məktəbdə müəllimə və sinif rəhbəri olaraq fəaliyyət göstərən cavabdeh qeyri-etik hərəkətləri və müəllimə adına ləkə salması barədə şikayət ərizəsi ünvanlamışdır. Məktəbin direktoru tərəfindən, ona 26 sentyabr 2022-ci il tarixində göndərilmiş məktubda qeyd edilir ki, cavabdehə ciddi xəbərdarlıq edilib, sinif rəhbərliyindən azad edilib və dərs saatları azaldılıb. İddiaçı, yoldaşı və övladıyla birlikdə 2022-ci ilin yanvar ayında cavabdehin evində qonaq olarkən o, öz mobil telefonu ilə onun yoldaşı və övladı ilə birlikdə bir-neçə selfi foto şəkillər çəkib. Cavabdeh iddiaçını, ailəsini və nəslini 21 səsli mesajla təhqir etdikdən sonra o və həyat yoldaşı cavabdehin nömrəsini blok etmişlər. Cavabdeh 21 avqust 2022-ci il tarixində anasına məxsus 070 *** ** ** whatsapp nömrəsi ilə iddiaçının həyat yoldaşına mesaj yazmışdır. Həyat yoldaşı nömrənin kimin olmasını ondan soruşmuş, o, öyrənib bilmişdir ki, yazan cavabdehdir və həmin anda çox sarsıntı keçirərək cavabdehi təhqir etmişdir. Hətta, 19 yanvar 2023-cü il tarixində xarici nömrədən +380 93 *** **** ona whatsapp vasitəsi ilə mesaj göndərilərək onu ailəsiylə şantaj etdilər. Onun həyat yoldaşının şəklini mantaj edib şəklin altından əxlaqsız sözlər yazmışlar. Həmin xarici nömrə ona yazmıışdır ki, “facebook-da Cavabdeh barədə yazılanları sil yoxsa yoldaşının bu şəklini hər yerə yayacağam.” O, isə həmin nömrəyə bildirmişdir ki, cavabdeh barədə sosial şəbəkədə nə yayılıbsa, bunun onunla heç bir əlaqəsi yoxdur. Həmin mantaj olunmuş yoldaşının şəklini məhz cavabdeh, iddiaçı və ailəsi onlarda qonaq olarkən çəkmiş və whatsapp-dan ona da göndərmişdi. Birə-bir eyni həmin şəkildən cavabdeh özünü kəsib çıxarıb və onun yoldaşının şəkli ilə iddiaçını şantaj edirdi. Bundan sonra cavabdeh onun yoldaşının mantaj olunmuş şəkillərini X2 Şərəfxanova +**********40, Şahid4 +**********62 və Şahid3 +**********69 göndərərək onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Bütün bu hadisələr nəticəsində nəinki o, hətta ailə üzvləri də mənəvi sarsıntı keçirib. Cavabdeh həmin səslərdə hətta ona hədə-qorxu belə gəlmişdir, nəsli barədə təhqir və böhtan dolu sözlər demişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, onun tərəfindən iddiaçıya qarşı hər hansı bir qeyri-qanuni hərəkətlər edilməmişdir, əksinə onun tərəfindən şəxsiyyətini və cəmiyyət arasında nüfuzunu ləkələyən məlumatlar yaymışdır. Bununla əlaqədar Saatlı Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 16 yanvar 2023-cü il tarixli 2(055)-41 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və ondan üzr istəməsi ilə 1000 manat maddi ziyan tutularaq ona ödənilməsi qət edilmişdir. Yəni Saatlı rayon məhkəməsinin qətnaməsi ilə iddiaçının günahkar olduğu açıq-aydın sübuta yetirilmişdir. Yalnız cavabdehin bu iddiasından sonra iddiaçı ona qarşı eyni mahiyyətli iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bu da məsuliyyətdən yaxa qurtarmaq üçün edilən bir addımdır və özünü müdafiə xarakterli daşıyır. Ona görə də iddiaçının maddi və mənəvi ziyan tələbini əsassız sayır. İddiaçı həyat yoldaşı Əliyeva Aytacla ona qonaq gələrkən evdə şəkillərə baxarkən, icazəsiz hamısını çəkmişdir. Düşmənçilik zəminində aralarında münaqişələr başlayarkən çəkdiyi onun və ailəsinin şəkillərini Facebook və Youtube sosial şəbəkələrində paylaşmışdır. İddiaçı cavabdehin işlədiyi məktəbin direktoruna və Elm və Təhsil nazirliyinə onun haqda yazmışdır ki, guya o, çox pozğundur, müəllim işləməyə layiq deyil. Elm və Təhsil Nazirliyi ona bildirmişdir ki, işlədiyi müddətdə 64 saylı tam orta məktəbdə heç bir qanunsuzluğa yol verməmişdir. İddiaçı ondan Nəsimi rayon 19 saylı polis bölməsinə də şikayət etmiş, cavabdeh orda da izahatını vermişdir. Eyni zamanda, 2023-cü ilin yanvarında, 2023-cü ilin aprel ayında Xətai RPİ-nin 34-cü polis bölməsində tədqiqat aparılmışdır və sonda bu işə xitam verilmişdir. İddiaçı hələ də ona qarşı hədə-qorxu, şantaj, şərəf və ləyaqətinə, şəxsi nüfuzuna, imicinə xələl gətirən hərəkətləri ilə davam edir. İddiaçının həyat yoldaşı Əliyeva Aytac dəfələrlə iddiaçdan ona şikayətlənərək demişdir ki, “o, çox şərəfsiz, təhlükəli, tərbiyəsiz adamdır.” Günlərlə Aytacın mobil nömrəsini bloklamışdır. Aytac da uşağının həm ac, həm də pamperssiz qaldığını deyirdi. Qaynatasından həmişə şikayət edirdi. Ona qonaq gələndə bunun şahidi olmuşdur, belə ki, Aytacı iddiaçının atası telefon vasitəsilə söyüb təhqir edirdi ki, niyə onu tək qoyub şəhərə getmişdir. İddiaçı onun mail səhifəsinin parolunu oğurlayaraq, BBPİ-nə çox tərbiyəsiz bir məktubu onun e-mail-i vasitəsilə göndərmişdir. İddiaçı guya o, məktəbdən çıxarkən cavabdehi maşına zorla mindirib zorlamışdır. O, təbii ki, izahatına qətiyyən belə bir hadisənin baş vermədiyini yazmışdır. İddiaçı hələ də ondan əl çəkmir, öz çirkin əməllərini davam etdirir. 1000 manat təzminatı ödəməmək üçün çıxış yolu axtarır.

Məhkəmə iclasında verilən izahatlar:

5. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh artıq əvvəlki məhkəmə iclasında bildirmişdir ki, məhkəməyə təqdim olunmuş diskdəki səs yazıları ona məxsusdur. O, cavabdehi telefonda bloka atsa da, cavabdeh onun həyat yoldaşna zəng etmiş, ancaq bundan sonra iddiaçı da məcbur qalıb onu təhqir etmişdir. Onun cavabdehə ünvanladığı təhqiramiz ifadələrə görə artıq Saatlı rayon Məhkəməsinin qətnaməsi var.

6. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etirazək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

7. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

9. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

10. Maddə 23.4. Şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır.

11. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Şərəf və ləyаqətin müdаfiəsi bаrədə qаnunvеriciliyin məhkəmələr tərəfindən tətbiq еdilməsi təcrübəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 14 mаy 1999-cu il tаriхli 7 sаylı qərаrı.

12. 3-cü bənd. Məhkəmələr şərəf və ləyаqətin müdаfiəsi bаrədə işlərə bахаrkən üç hаlı аydınlаşdırmаlı və оnlаrа məcmu hаlındа hüquqi qiymət vеrməlidir: məlumаtın vətəndаşlаrın və təşkilаtlаrın şərəf və ləyаqətini ləkələməsi; həmin məlumаtlаrın dоğru оlmаmаsı; bu məlumаtlаrın yаyılmаsı. Məlumаt bаşqа şəхsə, bir nеçə şəхsə və yахud qеyri-müəyyən şəхslər dаirəsinə bildirildikdə yаyılmış hеsаb еdilir. Məlumаt mətbuаtdа dərc еdilməklə, rаdiо və tеlеviziyа vеrilişlərində səsləndirilməklə, kinохrоnikаl prоqrаmlаrdа nümаyiş еtdirilməklə, əsərlərdə təsvir еdilməklə, yığıncаq və tоplаntılаrdа dеyilməklə, məktub, ərizə və şikаyətlərdə göstərilməklə, idаrə müəssisə və təşkilаtlаrdаn çıхаn sənədlərdə qеyd еdilməklə və sаir üsullаrlа yаyılа bilər.

13. 6-cı bənd. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

22. İddiaçı iddia ərizəsində cavabdehin onun istifadəsində olan mobil nömrəyə “Whatsup” sosial mesajlaşma mobil tətbiqi vasitəsilə 21 ədəd səsli ismarıcın göndərilməsi nəticəsində şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılması və buna görə mənəvi zərər çəkdiyini iddia edir.

23. Məhkəmə öncə həmin 21 səsli ismarıcdakı səslərin cavabdehə məxsus olması ilə bağlı qeyd edir ki, cavabdeh özü xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim edilmiş optik daşıyıcıda olan audio yazılardakı səsli ismarıcların ona aid olduğunu və onun tərəfindən cavabdehə göndərildiyini etiraf etmişdir.

24. AR MM-nin 23.1-ci maddəsinin mənasına görə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxılarkən 3 məsələ – 1) məlumatın fiziki şəxsin şərəf və ləyaqətini, habelə fiziki və hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələməsi; 2) belə məlumatın real olaraq yayılması və 3) yayılmış məlumatın doğru olmaması araşdırılmalı, onlara məcmu halında qiymət verməlidirlər.

25. Məhkəmə hesab edir ki, hazırki iş üzrə araşdırma aparılarkən yuxarıda qeyd olunan 3 şərtin də mövcud olub-olmaması məhkəmə tərəfindən müəyyən olunmalıdır.

26. Məhkəmə cavabdeh tərəfindən iddiaçının istifadəsində olan mobil nömrəyə “Whatsup” ani mesajlaşma mobil tətbiqi vasitəsilə göndərdiyi səsli ismarıclarda səslənən məlumatların iddiaçının şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələyən məlumatlar olub olmaması ilə bağlı qeyd edir ki, leksik mənalarına görə şərəf - insanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət mənalarını ifadə edir. Ləyaqət isə insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya şəxsin öz-özünə hörmətidir. Başqa sözlə ifadə edildikdə, şərəf cəmiyyətin şəxsə verdiyi qiymət, ləyaqət isə şəxsin özünə verdiyi qiymətdir. İşgüzar nüfuz isə şəxsin işində, yaxud sahibkarlıq fəaliyyətində (peşə fəaliyyətində) qazandığı nüfuz, uğur, peşəkarlıq göstəriciləridir.

27. İstər şərəf və ləyaqət, istərsə də işguzar nüfuz şəxsə bağlı olan bir hüquqdur, bu keyfiyyətlər hüquq sahibinin şəxsiyyətini fərdiləşdirməyə yönələn bir qiymətləndirmə meyarıdır. Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsi hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olmasını, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasını və heç bir halın şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verməməsini imperativ olaraq təsbit etmişdir (46-cı maddənin İ və İİ hissələri).

28. İddiaçının şərəf və layəqətinin, habelə işgüzar nüfuzunun alçaldılması ilə bağlı iddiasının əsaslılığının aydınlaşdırılması üçün iş materiallarında cavabdeh tərəfindən ona ünvanlanmış ismarıclarda yer alan ifadələrə hüquqi qiymət verilməsi zəruridir.

29. İş materiallarına əlavə edilmiş, optik daşıyıcıda əks olunmuş audio yazının tədqiqi zamanı müəyyən olunur ki, qeyd olunan məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələrdir. Belə ki, həmin səsli ismarıclarda bütövlükdə əxlaqi prinsiplər baxımından insan üçün olduqca həssas məqamlara toxunulmuş, etik qaydalara uyğun olmayan fikirlər bildirilmişdir. Beləliklə, də cavabdehin səsləndirdiyi və iddia ərizəsinə əlavədə yazılı şəkildə qeyd edilmiş ifadələrin iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr olması şübhə doğurmur.

30. İddiaçının şərəf və ləyaqətini ləkləyən söz və ifadələrin yayılması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən göndərilmiş 21 səsli ismarıc “Whatsup” ani mesajlaşma mobil tətbiqi vasitəsilə yalnız iddiaçının özünə ünvanlansa da, cavabdeh tərəfindən iddiaçının ünvanına qeyd olunan ismarcın göndərilməsi iddiaçının özünü öz gözündə aşağılamaq üçün yetərli olduğundan, bu hərəkətlərin ləyaqəti alçaldan hərəkət olması mübahisəsiz haldır. Ləyaqətin alçaldılması da məhz bunu özündə ehtiva edir. Çünki ləyaqət hissi insanın özünün-özünə verdiyi qiymət olduğu üçün həmin hissi ləkələyən məlumatların şəxsin özünə deyilməsi də artıq kifayətdir.

31. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

32. Göstərilən söz və ifadənin doğru olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, səsli ismarıclardakı səsləndirilən məlumatları həqiqəti əks etdirmir.

33. Belə ki, cavabdeh müəyyən faktlara istinad etdiyi halda, həmin faktların sübut etmə vəzifəsi məhz onun üzərinə düşür. Qanunvericilik qeyd olunan məlumatların həqiqətə uyğun olub-olmamasını sübut etmək vəzifəsini məlumatları yayan şəxsin üzərinə qoyduğu halda cavabdeh səsli ismarıclardakı səsləndirdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

34. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan mobil nömrəyə “Whatsup” ani mesajlaşma mobil tətbiqi vasitəsilə göndərdiyi 21 ədəd səsli ismarıclardakı ifadələr iddiaçının şərəf və ləyaqətini alçaldılmasına (ləkələnməsinə) səbəb olan hallardır.

35. Məhkəmə qeyd edir ki, barəsində şərəf və ləyaqətini ləkələyən sözlərin və ifadələrin yayılması, heç şübhəsiz ki, iddiaçının şüurunda mənfi psixoloji emosiyalara səbəb olmuş, əsəb və psixoloji sarsıntılar keçirmiş və bunun nəticəsində o, mənəvi zərər çəkmişdir.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında deyilir ki, belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.

37. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, .... mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

39. Məhkəmə şərh edilən halları və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehin eyni yolla (iddiaçının istifadəsində olan mobil nömrəyə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə səsli ismarıc göndərərək) iddiaçıdan üzr istəməsi vəzifəsi cavabdehə həvalə edilməli, habelə təhqir ifadələrinin yayılma dairəsini, iddiaçının çəkdiyi mənəvə sarsıntının dərəcəsini, habelə cavabdehin də maddi imkanını (cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllimə işləyir və aylıq gəliri 872,22 manatdır) nəzərə alaraq vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pul ondan tutularaq iddiaçıya ödənilməlidir.

40. Məhkəmə iddia tələbinin iddiaçının həyat yoldaşı barədə ictimai birlik üzvlərinə göndərilən şəkillərə və böhtan yazıları eyni yolla təkzib etməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı öz şərəf və ləyaqətinin müdafiəsini tələb edə bilər, ailə üzvlərinin şərəf və ləyaqətinin müdafıəsi üçün müvafiq şəxsin özü iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasnın 46-cı maddəsinin 1-ci hissəsində qeyd olunub ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsədə təmin edilə bilməz.

41. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilməsi nisbətində (iddia təxminən 33% hissədə təmin edilmişdir) tərəflər aid edilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 manat pul və ödənilmiş 16,50 manat övlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh üzərinə “Whatsapp” sosial şəbəkəsində səsli ismarıc göndərməklə İddiaçı üzr istəmək vəzifəsi qoyulsun. Ödənilmiş dövlət rüsumunun 33,50 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar