Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3323/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1-dan istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mənzili alqı-satqı müqaviləsi ilə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən həmin mənzil onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun bacısı və bacısı oğludur. Onlar təxminən 10 il əvvəl həmin mənzildə onunla birlikdə yaşamışlar. Lakin hal-hazırda cavabdehlər həmin mənzildən köçüb getmişlər, lakin qeydiyyatdan çıxmamışlar. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, bacısı Cavabdeh2 ailə həyatını quranadək ona məxsus mübahisəli mənzildə yaşamışdır. Təxminən 10 il əvvəl cavabdehlər mənzildən köçüb getmişlər. O, məhkəmədən iddianın təmin edilməsini və cavabdehlərin istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmişlər. Onlar məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Öz ərizələrində onlar göstərmişdilər ki, iddia tələbinin təmin olunmasına etirazları yoxdur. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 006613 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, General Şıxlinski küçəsi, 2 saylı evin, 29 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, General Şıxlinski küçəsi, 2 saylı evin 16,59 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 29 saylı mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 178 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, General Şıxlinski küçəsi, 2 saylı evin, 29 saylı mənzilində tək yaşayır. Bacısı Cavabdeh2 (1968), bacısı oğlu Cavabdeh1 (1989) xx.xx.1999-cu ildən göstərilən ünvanda qeydiyyatdadırlar. xx.xx.1999-cu ildən 2015-ci ilədək həmin ünvanda yaşamışlar. 2015-ci ildən bu günədək qeydiyyatda olmaqlarına baxmayaraq yaşamırlar. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, General Şıxlinski küçəsi, 2 saylı evin, 29 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır. Cavabdeh2 iddiaçının bacısıdır və sonuncu tərəfindən 1999cu ildə bacısının övladı Cavabdeh1la birgə sözügedən mənzilə köçürülmüşlər. Tərəflər 2015-ci ilədək həmin mənzildə yaşamışlar. Hazırda isə cavabdehlərin qeydiyyatları formal qalmışdır, onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Cavabdehlər məhkəməyə ünvanladıqları ərizələrdə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzillə bağlı hüquq münasibətləri 1999-cu ildə yaranmışdır. Buna görə də həmin münasibətlərə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54 və 60-cı maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Göründüyü kimi mübahisəli mənzilə ailə üzvləri olaraq köçürülmüş cavabdehlərin istifadə hüquqlarının yarandığına baxmayaraq, sonuncular mənzili tərk edib başqa yaşayış sahəsinə köçmüşlər və onların yaşayış yeri üzrə qeydiyyatları formal xarakter daşıyır. Buna görə də iddia tələbləri təmin edilərək cavabdehlərin Bakı şəhəri, General Şıxlinski küçəsi, 2 saylı evin, 29 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2 ünvanında yerləşən 29 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3323/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3323/2024
24.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver