Məhkəmə qərarları › İş №2(011)-3325/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3325/2024

12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3325/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-ə qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 3000 (üç min) manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun peşəsi sürücülükdür və bu barədə ona AF seriyalı 401785 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi də verilmişdir. "xxxx" MMC Qarabağda, konkret olaraq Laçın şəhərində tikintiyenidənqurma işləri aparmış, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh ASC isə həmin şirkəti yük avtomobilləri ilə təmin etmişdir. O, 2023-cü ilin aprel ayının 4-dən Cavabdeh ASC-də işə başlamışdır, həmin şirkət özünə məxsus olan **-JR-*** dövlət qeydiyyat nişanlı KRAZ yük markalı avtomobili yük daşınması üçün "xxxx" MMC-yə vermiş və onu da həmin avtomobilə sürücü təyin etmişdir. Belə ki, o, Füzulidə işləyərkən Taleh adlı mexanik ilə tanış olmuş, Taleh Cavabdeh ASC-ni təmsil etdiyini bildirmişdir, sonra Talehlə birlikdə Laçına getmiş, Taleh ona demişdir ki, gedib maşını götürərək istifadə etsin, o da Talehin dediyi kimi maşını götürmüş, bununla da o iş başlamışdır, aralarında olan razılığı əsasən, Cavabdeh ASC hər ay ona 1000 manat pul ödəməli idi. Onda olan məlumat görə "xxxx" MMC də Cavabdeh ASC-ə hər ay 6000 manat pul ödəyirdi. Avtomobili idarə etmək üçün Cavabdeh ASC tərəfindən ona 05 aprel 2023-cü il tarixli etibarnamə də verilmişdir. O, 2023-cü ilin aprel, may və iyun aylarında həmin işdə işləyərək hər gün avtomobillə yük daşısa da, sonda Cavabdeh ASC tərəfindən ona 1 manat da olsun pul ödənilməmişdir. Hansı ki, hər ay 1000 manat olmaqla, 3 ay ərzində ona cəmi 3000 manat pul ödənilməli idi. Cavabdeh ASC ona pul ödəməməsini belə əsaslandırmışdır ki, o, həmin avtomobili aşıraraq Cavabdeh ASC-yə ziyan vurmuşdur. Lakin o, bununla qətiyyən razı deyil. Belə ki, o, 2023-cü ilin may ayının 20-də həmin avtomobili aşıraraq ona az dərəcədə ziyan vurmuş, lakin ziyan vurduqdan sonra da qaçmamış, avtomobili aşan yerdən qaldırtmış və onu Bakı şəhərinə aparaq təmir etdirmişdir, bu barədə fotoşəkillər və video görüntüləri də var. Təmir üçün nəzərdə tutulmuş pul, yəni 2400 manat "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə ödənilmişdir, əslində isə təmirə o qədər deyil, daha az pul xərclənmiş, lakin "xxxx" MMC artıqlaması ilə, yəni 2400 manat ödəmişdir, yəni "xxxx" MMC həm avtomobilin istifadəsinin əvəzi olaraq hər ay 6000 manat olmaqla, cəmi 18000 manatı Cavabdeh ASCəy ödəmiş, həm də onun tərəfindən avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 2400 manatı da Cavabdeh ASC-yə ödəmişdir. Belə olan halda Cavabdeh ASC tərəfindən ona 3000 manat ödənilməli olduğu halda aradan 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq ödənilməmişdir. O, bununla bağlı müxtəlif yerlərə şikayətlər etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də,məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ona ödənilməli olan 3000 manat Cavabdeh ASC-dən məhkəmə qərarı ilə alınaraq ona verilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında əmək münasibətlərindən irəli gələn hər hansı bir müqavilə mövcud olmamışdır. İddia ərizəsində qeyd olunan lizinq obyekti olan avtomobil İddiaçı verilmiş etibarnamə əsasında idarə edilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, etibarnamə verilməsinə əsas Cavabdeh ASC ilə X3 arasında imzalanmış xx.xx.2019-cu il tarixli LM-070-1/10 saylı daxili maliyyə lizinqi müqaviləsi olmuşdur. Lizinq alanın yazılı müraciəti əsasında nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə X1 və lizinq alanın etibar etdiyi digər şəxslərə verilmişdir. X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı müraciəti əsasında zəruri sənədlərin onlara təqdim edilməsinə dair müraciət daxil olmuşdur. Həmin müraciətə tərəfimizdən 25 iyul 2023-cü il tarixdə cavab verilmişdir. Yekun araşdırma barədə X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən bizə heç bir sənəd daxil olmamışdır. Təkrar olaraq bildiririk ki, İddiaçı ilə Cavabdeh ASC arasında hər hansı əmək müqaviləsi imzalanmamışdır. Vətəndaşın müraciti əsasında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırmanın nəticəsi barədə məhkəmə zəruri hesab edərsə sorğu edilməklə alınması mümkündür. Yuxarıda yazılanları nəzərə alaraq hesab edirik ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməli, rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AF seriyalı 401785 saylı sürücülük vəsiqəsindən görünür ki, İddiaçı adına sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, Cavabdeh ASC-ə məxsus olan 2016-cı il buraxılışlı Kraz 6511C4-0000080-10 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması İddiaçı etibar edilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixinə qədər verilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən DƏMX Bakı Şəhər İdarəsinə ünvanlanmış məktublardan görünür ki, Cavabdeh ASC-ə məxsus Kraz 6511C4-0000080- 10 yük avtomobilinin xx.xx.2019-cu il tarixli LM-070-1/19 saylı lizinq müqaviləsi əsasında X1 verildiyi, onun müraciətinə əsasən nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə X1 və lizinq alanın etibar etdiyi digər şəxslərə verilmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında heç bir əmək münasibətinin yaranmadığı qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi cavabdehdən əmək haqqının əvəzi kimi 3000 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədədir, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında əmək münasibətlərinin olması və bu münasibətlər əsasında ödənilməli olan əmək haqqının ödənilməsini göstərir, iddiaçıya Cavabdeh ASC-ə məxsus olan 2016-cı il buraxılışlı Kraz 6511C4-0000080-10 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün Cavabdeh ASC tərəfindən etibarnamə verilmişdir. Cavabdeh ASC məhkəməyə, eləcə də DƏMX-ə ünvanladığı ərizədə “İddiaçı ilə Cavabdeh ASC arasında əmək münasibətlərindən irəli gələn hər hansı bir müqavilə mövcud olmadığını, Kraz 6511C4-0000080-10 yük avtomobili xx.xx.2019-cu il tarixli LM-070-1/10 saylı lizinq müqaviləsi əsasında X1 verildiyi, onun müraciətinə əsasən nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə X1 və lizinq alanın etibar etdiyi digər şəxslərə verildiyi”ni bildirmişdir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətlərinin, o cümlədən əmək hüquq münasibətlərinin olmasına, tərəflər arasında müqavilə münasibətlərinin və cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qeyd olunmalıdır ki, öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi MM-in müddəalarında müəyyən edilmişdir. Öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Lakin tərəflər arasında borc verilməsinə dair hər hansı müqavilə bağlanmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanun isə tələb edir ki, borclu yalnız üzərinə götürdüyü öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Lakin iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bununla belə, iş materialları əsasında müəyyən olunur ki, iddiaçının tələb etdiyi pul məbləğinin hər hansı bir mülki hüquq münasibətindən, o cümlədən əmək müqaviləsi əsasında yaranması halları mövcud deyil, iddiaçı nəqliyyat vasitəsinin lizinq əsasında başqa şəxsə məxsus olmasını, həmin avtomobilin isə Cavabdeh ASC-nin əməkdaşı Taleh adlı şəxs tərəfindən ona həvalə edilməsini bildirir. Belə olan halda iddiaçının Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsaslı deyil və ona görə də iddia təmin edil\ bilməz. Məhkəmə, iddiaçının məhkəməyə təqdim etdiyi “nəqliyyat vasitəsinin idarə edilməsinə dair” Etibarnaməyə münasibətdə qeyd edir ki, hər hansı əmlakın mülkiyyətçisinin həmin əmlakın istifadə və idarə edilməsi üçün digər şəxsə etibarnamə verməsi, özlüyündə həmin şəxslər arasında əmək münasibətlərinin yaranması, eləcə də, etibarnamə verən tərəf üçün etibarnamə verilən tərəf qarşısında hər hansı öhdəliyin olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-ə qarşı “3000 manat pulun alınaraq onun xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh ASC-dən 3000 (üç min) manat pulun tutularaq onun xeyrinə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar