Məhkəmə qərarları › İş №2(011)-338/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-338/2024

05.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-338/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.000 manat məbləğində kompensasiya verilməklə onların ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 iddiaçının qardaşı oğlu, Cavabdeh2 isə qardaşının keçmiş həyat yoldaşıdır. Onlar hazırda iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatdadırlar. Rövşən həmin evdə yaşamamışdır. Lakin onların həmin mənzilə istifadə hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda onların özünə məxsus yaşayış yerləri vardır və iddiaçının mənzilinə ehtiyacları aradan qalxmışdır. Lakin onların həmin evə istifadə hüquqları olduğuna görə onlara kompensasiya verilməklə istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət edir. Daha sonra İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya verilməklə onların ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.800 manat kompensasiya verilməklə onların ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, cavabdehlər hazırda iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh1 həmin evdə yaşamamışdır, Cavabdeh2 isə cəmi 3 ay yaşamışdır. Lakin onların iddiaçıya məxsus mənzilə istifadə hüquqları məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda onların özünə məxsus yaşayış yerləri vardır və iddiaçının mənzilinə ehtiyacları aradan qalxmışdır. Lakin onların həmin evə istifadə hüquqları olduğuna görə onlara kompensasiya verilməklə istifadə hüquqlarının itirlməsi ilə bağlı məhkəməyə müraciət olunub. Tərəfindən verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, həmin ərazidə 2 otaqlı mənzilin aylıq kirayə haqqı 300 manat təşkil edir. Həmçinin iş materiallarında olan mütəxəssis rəyindən də görünür ki, həmin mənzilin aylıq kirayə haqqı 400 manat təşkil edir. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddialar üzrə Konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kompensasiyanın məbləği cavabdehin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Hazırda mübahisəli mənzildə isə 16 nəfər qeydiyyatdadır. Cavabdehlərə həmin evdə xas olmuş şəraitə bir otaq olmuşdur. Belə ki, cavabdehlər ana və oğul olaraq həmin evin yalnız bir otağından və ümumi istifadə edilən hissələrindən istifadə etmişlər. Həmin şəraitdə olan bir və ya iki otaqlı məzilin həmin ərazidə aylıq kirayə haqqısı 300 manat təşkil edir. Həmçinin kompensasiya məbləği hesablanarkən həmin məbləğə cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində yaşamaq imkanı verməlidir. Həmin müddət isə məhkəmələr tərəfindən adətən 2 (iki) və ya 3(üç) il olaraq hesablanır. Qeyd edilən nüanslardan və iş üzrə sübutlardan aydın olur ki, 10.800 manat kompensasiya verilməsi ədalətli hesab edilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, onlar 5 nəfər ailə üzvü olaraq, onlardan 2-si azyaşlı körpə nəvələri evsiz-eşiksiz, acınacaqlı vəziyyətdə qalıblar. Qayınatasının qəfil ölümündən sonra qayını Telman tərəfindən onlara qarşı dəfələrlə ciddi qanun pozuntusu olub. O, xx.xx.1987-ci ildə X1 ilə rəsmi nikaha girərək "Cəlilova" soyadını daşımışdır. Nikaha girdiyi tarixdən ailə başçısı qayınatası Cəlilov Ziyafəddin öz istəyi ilə onu yeni aldığı özünə məxsus olan özəlləşməmiş mənzilinə qeydiyyata salmışdır və xx.xx.1987-ci ildə gəlin gələrkən cehizləri də həmin mənzilə yerləşdirilmişdir. Evin böyük gəlini odur. Evin böyük oğlu isə yoldaşıdır. Mənzilin orderi verilən tarixdən yoldaşı orderə əsasən ailə tərkibində olub. Oğlu Cavabdeh1 1988-ci ildə həmin mənzildə dünyaya gəlib. Onu həmin mənzildən şəxsi maşınlarıyla Əfəndiyev adına 1 saylı doğum evinə aparıblar. Oğlunun 3 yaşı olana qədər o mənzildə qayınatası və qayınanası ilə birlikdə yaşamışlar. Mənzilin təmirinə yoldaşı 5 min manat nağd şəxsi vəsaitini sərf edib. Təmir vaxtı qaynanası ilə birlikdə təmizlik işlərini birlikdə görmüşlər. Qaynatasının qəfil ölümündən sonra ailədə özbaşnalıq başladı. Saxta yollarla mülkiyyətçiyə çevrilən Telman sonradan onları mənzilə qoymadı. Onun şəxsi məlumatlarından ondan xəbərsiz istifdə edərək mülkdən imtina, özəlləşməyə razılıq ərizələri yazılıb. Ciddi qanun pozuntusu dəfələrlə təkrarlanıb. Saxta yollarla mülkiyyətçiyə çevrilən kiçik qayını Telman məqsədli şəkildə həyat yoldaşı Sevincin qardaşlarını və qardaşı uşaqlarını - 6 nəfəri həmin mənzilin qeydiyyatına salıb ki, cavabdehlərə heç nə çatmasın. Onlar qayınatasının nə qan qohumu, nə də doğmalarıdılar. Tamam yad adamlardılar. Sevinc özü marağı olduğu üçün bu işlərdə iştirakçıdır. 36 illik ailə həyatından sonra özünü qanunların içində güclü sayan kicik qayını Telman böyük qardaşı Faiqi, yəni onun həyat yoldaşını 2022-ci ildə məcbur edərək boşanmalarını həyata keçirib. Boşanma vaxtı məhkəmə iclaslarında özü tək iştirak edib. Yoldaşı iradəsiz, əqli cəhətdən zəif, hüquqların bilməyən ailəsini, özünü qoruya bilməyən, övladına ata qayğısı göstərə bilməyən aciz adamdır. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən kirayə haqları məbləği reallıqdan və bazar qiymətindən uzaq bir formal rəqəmlərdir. Həmin mənzildə bir çox adamların qeydiyyatda olmasına münasibətdə diqqətə alınmalıdır ki, həmin şəxslər mənzilə ehtiyacı olmayan və öz yaşayış yerləri, mənzilləri olan iddiaçıya yaxın münasibətdə olan şəxslərdir. İddiaçı məhkəmə çəkişmələrini apardığını əvvəlcədən düşünərək həmin şəxsləri formal qeydiyyata salıb. İşin faktiki hallarından məlum olur ki, iddiaçı çalışır ki, qardaşının ailəsinə - cavabdehlərə az miqdarda kompensasiya versin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrı ailə olmaqla ayrı təsərüffat aparırlar. Ona gorə də kompensasiya onlara ayrı-ayrılıqda müəyyən edilməlidir. Mənkəmə diqqət yetirməlidir ki, cavabdehlər bu mənzilə istifadə hüququnu 1987-1988-cı illərdə əldə etmişlər. Təqdim etdiyi sübutlarla müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə oxşar mənzillərin həmin ərazidə aylıq kirayə haqqı 800 manat təşkil edir. İşdə bu halı təkzib edən başqa bir mötəbər sübut yoxdur. Hesab edir ki, Cavabdeh1 kompensasiya məbləği 5 il müddətinə ayına 800 manat təyin edilməklə birdəfəlik 48.000 manat olmaqla, Cavabdeh2 da eyni qaydada 5 il müddətinə ayına 800 manat olmaqla 48.000 manat müəyyən edilməlidir. O, Cavabdeh1 kompensasiya məbləği 5 il müddətinə ayına 800 manat təyin edilməklə birdəfəlik 48.000 manat olmaqla, Cavabdeh2 da 5 il müddətinə ayına 800 manat olmaqla, 48.000 manat kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razı deyil. O, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatın məzmunu ilə razıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 60,26 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-də qeydiyyatdadırlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-5144/2017 saylı qətnaməsi iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilərək, iddiaçılar Cavabdeh2, X1 və Cavabdeh1 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı saylı mənzilinə köçürülmələri təmin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-57/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6816/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (Cavabdeh2 aid hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “Qanunçuluq” vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 3anında yerləşən 5 otaqlı 78 saylı mənzilin 1 aylıq kirayə haqqı 400 manat təşkil edir. İş materiallarında olan “X5” MMC-nin ünvan 4 ünvanladığı arayışdan görünür ki, ünvan 5nda yerləşən eynitipli binalarda yaxşı təmirli mənzlillərin aylıq icarə haqqı bazar qiymətlərini nəzərə alaraq 800 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/604 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evin 78 saylı mənzili İddiaçı məxsusdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi), 5 saylı evin 78 saylı saylı mənzilinə köçürülmələri təmin edilmişdir. Odur ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları vardır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlər isə mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehlərə kompensasiya verilməsi yolu ilə onların mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq məhkəmə hesab edir ki, kompensasiya cavabdehlərin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün adekvat olmalıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilin bazar qiymətinə uyğun aylıq kirayə haqqı məbləği nəzərə alınmaqla, cavabdehlərin davamlı surətdə yaşamaq imkanlarının təmin edilməsi üçün 28.800 manat məbləği - bazar qiymətinə uyğun adekvat kompensasiya məbləği hesab olunmalıdır. Bununla da iddiaçının təklif etdiyi 10.800 manat kompensasiya məbləği cavabdehlərin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil və buna görə də həmin məbləğ cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə əvvəl 4.000, daha sonra 10.800 manat məbləğində kompensasiya təklif etməkdə, cavabdehlər isə hər birinə 48.800 manat və daha artıq məbləğdə kompensasiya tələb etməkdə israrlı olmuşlar. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə kompensasiya məbləği mütləq şəkildə müəyyən edilməlidir. İddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqedən görünür ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir. Bu səbəbdən kompensasiyanın məbləği iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti də sayıla bilməz. Kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə hesab edir ki, kompensasiya məbləği iddianın predmetinə daxil olmadığından, iddia isə iddiaçının mülkiyyət hüququna əsaslanaraq bilavasitə cavabdehlərin mübahisəli sahədən istifadə hüquqlarının xətminə yönəldiyindən, iddia tələbləri təmin edilməlidir və kompensasiyanın verilməsi yolu ilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Kompensasiya məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, kompensasiya məbləği bazar qiymətinə uyğun olaraq 28.800 manat məblğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi əvəzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 (Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi əvəzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 (Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar