Məhkəmə qərarları › İş №2(011)-3380/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3380/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3380/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əminə Abbasova Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 Nürəddin oğlu maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərdən iddiaçının mənzilinə və əşyalarına vurulmuş maddı zərərə görə 1430 manat, sərf olunmuş elektrik enerjisinə görə 322 manat, sərf olunmuş 843 m3 qazın dəyəri olan 84 manat, ümumilikdə 836 manat, maddi və mənəvi zərərə görə isə cəmi 8000 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14.02.2020-ci il tarixli 2(103)-1714/2020 saylı qətnaməsi ilə 11.02.2021-il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən cavabdehlərin iştirakı olmadan icra olunmuşdur. Belə ki, cavabdehlər 11.02.2021-ci il tarixdə gecə saat 3:00 radələrində, evdə olan, demək olar ki, bütün əşyalara qəsdən qərəzli şəkildə xəta yetirərək və hətta bəzi əşyalara özləri ilə apararaq gizlincə tərk etmişdirlər. Vəziyyətlə əlaqədar qonşuların iştirakı və imzası ilə mənzilə əşyaların vəziyyəti barədə akt tərtib edildi. Ümumi hesablamalara görə mənzilə 1430 manat dəyərində qəsdən zərər vurulmuşdur. Eyni zamanda, Xətai Rayon Enerji Satış Departamenti tərəfindən verilmiş M.Hadi küçəsi 51, mənzil 96 saylı ünvanın 322 manat elektrik borcunun olması barədə qəbz aşkar edildi. Ertəsi gün elektrik enerjisinin təminatı dayandırıldı. Daha sonra “Azəriqaz” İB-nin əməkdaşlarının iştirakı ilə qaz sayğacına baxış keçirildi və sayğacdaa 843 m3 yəni, 84 manat 30 qəpik borcun olduğu aşkar edildi. Bununla yanaşı, cavabdehlər iddiaçıya mənəvi ziyan da vurmuşdurlar. Belə ki, iddiaçı, həyat yoldaşı və ailəsi cavabdehlərin günahı ucbatından mənəvi iztirablar, sıxıntılar və sarsıntılar keçirərək, sağlamalıqlarında ciddi problemlər yaranmışdır. Bu hadisəyə görə iddiaçı və onun ailə üzvləri qəza keçirtmişlər. Onlar bədən xəsarətləri almasalar da, ciddi depressiya və sarsıntı keçirtmişdirlər. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddiaçıya məxsus mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 manat, sərf edilmiş elektrik enerjisinə görə 322 manat, sərf edilmiş 843 m3 qazın dəyərinə görə 64 manat, ümumilikdə 4386 manat maddi və mənəvi ziyana görə 2000 manat, ümumilikdə 6386 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə iddiaçının izahatını və təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatında görünür ki, ünvan 1 ünvanı üzrə (abonent kodu:**********10096 üzrə) 2018-ci ilin iyul ayının üçündən 2021-ci ilin fevral ayının yeddisinədək 2101,82 manat dəyərində elektrik enerjisindən istifadə edilmişdir. Məlumatın çap edildiyi tarixə, yəni 22.02.2021-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc 321,99 manat təşkil edirdi. Mülki iş materiallarında olan "xxxx" MMC ilə X1 arasında imzalanmış 22.06.2021-ci il tarixli “Podrat müqaviləsinin” surətindən görünür ki, podratçı şirkət İddiaçı məxsus ünvan 1 ünvanında görüləcək ümumi sahəsi 24 kv.m. olan – 1 mətbəx, 1 hamam otağı və tualet, dəhlizin təmiri və bərpa olunması üçün materiallar daxil olmaqla, 1 kv.m. görə 160 manat hesablanmaqla, materialların daşınması üçün 160 manat nəzərə alınmaqla, mənzilin ümumi təmiri üçün 4000 manat dəyərində təmir işləri görüləcək. Təmir işlərinin müddəti 1 ay müəyyən edilmişdir. İş materiallarında olan Bakı Regional Qazın Satış Departamentinin rəis müavini tərəfindən İddiaçı ünvanlanmış 22.06.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının istifadəsində olmuş qaz sayğacının klapanı bağlanmadığına görə ödəniş edilmədən mənzildə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. 16.04.2021-ci il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzləndirilmişdir. Ödəniş edilmədən təbii qazdan istifadəyə görə iddiaçının hesabında 64 manat borc yaranmış və 08.06.2021-ci il tarixində iddiaçı tərəfindən 35,00 manat ödənilmişdir. İstehlakçı hesabında olan 29,00 manat borc İddiaçı tərəfindən ödənilməlidir. Mülki iş materiallarında olan X1 ilə Cavabdeh1 Nürəddin oğlu arasında bağlanılmış 05.06.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlərlə razılaşmışdırlar: - ünvan 2 ünvanındakı mənzil icarədar İddiaçı tərəfindən Cavabdeh1 icarəyə verir; - İcarəçi mənzili icarəyə götürür, icarə haqqını hər ayın 05-də ödəyir, ev əşyalarının qorunmasına və saxlanılmasına cavab verir, elektrik enerjisindən istifadə haqqını və telefon danışıq haqqını hər ay ödəyir, şəxsiyyətini təsdiq edən sənədin surətini icarədara təqdim edir, vasitəçinin haqqını ödəyir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 nömrəli, 12.11.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 51 saylı evin, 96 saylı mənzildən çıxarılaraq, qeyd edilən mənzilin əşyaları ilə bərabər İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(103)- 1714/2020 nömrəli Qətnaməsinin surətindən görünür ki, qətnamə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbi həmin hissədə də təmin edilməsi, Cavabdeh1 1800 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin Qətnamədə göstərilmişdir ki,tərəflər arasında kirayə müqaviləsinin olması, müqavilə üzrə aylıq kirayə haqqının 400 manat olması və 15.07.2019-cu il tarixdən kirayə haqqının cavabdeh tərəfindən ödənilməməsi işin mübahisəsiz hallarıdır İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14.10.2020-ci il tarixli, 2(102)-4442/2020 nömrəli Qərarının surətindən görünür ki, Cavabdeh1 kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Türkay Yusifli, icra məmuru Ülvi Əkbərli, hal şahidləri X4, X2, ARFHNDYMX-nin daxili xidməti leytenantı X3 iş üzrə tələbkar İddiaçı, Cavabdeh2 iştirakı ilə tərtib edilmiş 11.02.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1714 saylı, 14.02.2020-ci il tarixli icra sənədinin icrası 11.02.2021-ci il tarixə təyin olunmuş və barədə bildiriş tərəflərə göndərilmişdir. Təyin olunmuş vaxtda ünvan 3 ünvanında gəldilər, mənzilin giriş qapısını döysələr də qapını açan olmadı. Aktı tərtib edən şəxslər tərəfindən tələbkarın iştirakı ilə mənzilin giriş qapısı açıldı və onlar mənzilə daxil oldular. Sözügedən mənzil əşyaları ilə birlikdə tələbkar İddiaçıtəhvil verildi. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı qonşusudur. Cavabdehləri 2018-ci ildən tanıyır. Belə ki, onlar iddiaçıya məxsus evdə kirayə qalırdılar. Onları evdən çıxardanda, o iştirak etmişdir. İcra məmurları evə içəri girdilər, videoya da çəkmişdilər. Cavabdehlər evi dağıdıb getmiş, həmçinin soyuducu, paltaryuyan, kolonka, qapı, jalüz və sairə əşyaları sındırmışdılar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, İddiaçı ilə Cavabdeh1 arasında 05.06.2018-ci il tarixdə “Daşınmaz Əmlakın icarəyə verilməsi haqqında Müqavilə” bağlanılmış və İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 51 saylı evin 96 saylı mənzili Cavabdeh1 icarəyə verilmişdir. İcarəçi Cavabdeh1 və onun ailə üzvləri 05.06.2018-ci il tarixdən 11.02.2021-ci il tarixədək ünvan 1 ünvanında yaşamışdırlar. İcarəçi və onun ailə üzvləri mənzili tərk edəndən sonra mənzilə 4000 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda cavabdehlərin mənzildə yaşadıqları dövrdə elektrik enerjisindən istifadəyə görə 321,99 manat məbləğində borc yaranmışdır. Maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 05.06.2018-ci il tarixdə “Daşınmaz Əmlakın icarəyə verilməsi haqqında Müqavilə” üzrə tərəf olan Cavabdeh1 ev əşyalarının qorunması və saxlanılmasına görə, həmçinin elektrik enerjisindən istifadə haqqını ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq o, iddiaçıya məxsus əmlaka vurduğu zərərə görə məsuliyyət daşımalı və əmlaka dəyən zərərin aradan qaldırılması üçün iddiaçının çəkməli olduğu xərcləri nəzərə alaraq, Cavabdeh1 4000 manat, eyni zamanda istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış 321,99 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddianın sərf olunmuş 843 m3 qazın dəyəri olan 64 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, həmin borc iddiaçıya məxsus mənzildə quraşdırılmış qaz sayğacının klapanı bağlanmadığına görə ödəniş edilmədən mənzildə təbii qazdan istifadəyə görə hesablandığına görə iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Odur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, qaz sayğacının zədələnməsində isə cavabdehlərin təqsirli olduğu sübuta yetirilmədiyindən iddia ödəniş edilmədən istehlak edilmiş qazın dəyəri olan 64 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə qiymət verərək belə qənaət gəlir ki, iddia bu hissədə təmin edilməməldir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarda izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən onun xeyrinə 2000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdehlər tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddiaçıya məxsus mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 manat, sərf edilmiş elektrik enerjisinə görə 322 manat, sərf edilmiş 843 m3 qazın dəyərinə görə 64 manat, ümumilikdə 4386 manat maddi və mənəvi ziyana görə 2000 manat, ümumilikdə 6386 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiası qismən əsaslıdır. Odur ki, iddia qismən təmin edilərək Cavabdeh1 Nürəddin oğlundan iddiaçıya məxsus mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 manat, sərf edilmiş elektrik enerjisinə görə 321,99 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Nürəddin oğlundan iddiaçıya məxsus mənzil və əşyalara vurulmuş maddı zərərə görə 4000 (dörd min) manat, sərf edilmiş elektrik enerjisinə görə 321,99 (üç yüz iyirmi bir manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar