Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3387/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, İddiaçı və tərcüməçisi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 80 saylı evin, 8 saylı mənzili (bundan sonra – Mənzil) 1960-cı illərdə order əsasında iddiaçının atasına verilmişdir. Mənzil 2002-ci il tarixdə iddiaçının adına özəlləşdirilmiş və mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ona Qeydiyyat vəsiqəsi (ÖM seriyalı, 101314 nömrəli) verilmişdir.
2. Cavabdeh iddiaçının övladıdır, o, Mənzilin iddiaçının adına özələşdirilməsində iştirak etmişdir. Cavabdeh 2014-cü ilin may ayının sonundan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. O, hazırda da iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehin Mənzilə istifadə hüququna xitam verilməsi və onun həmin Mənzildən qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin Mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Mənzili onun xüsusi mülkiyyətindədir. 1996-cı ildən ailəsi ilə birlikdə həmin Nəznildə qeydiyyatdadırlar. Cavabdeh – oğlu 2013-cü il tarixdən daimi yaşamaq üçün Türkiyə Respublikasına köçdüyünə görə faktiki olaraq həmin ünvanda yaşamır. O, sonuncu dəfə 2014-cü il tarixdə Bakı şəhərinə iki həftəlik gəlmiş və 9 ildir ki, onunla heç bir əlaqəsi yoxdur. Cavabdeh əsassız olaraq pasport qeydiyyatındadır ki, bu da onun mülkiyyətçi kimi onun bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdeh yaşamadığı halda onun əvəzinə də kommunal xərclər ödəyir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Mənzil 1960-cı illərdə atasına order əsasında verilmişdir. Cavabdeh də 1982-ci il tarixdən həmin Mənzildə qeydiyyatda olmuşdur. Mənzil onun mülkiyyətinə vərəsəlik əsasında keçmiş və cavabdeh də Mənzilin özəlləşdirilməsində iştirak etmişdir. Qeyd edilənlər əsasında iddianın təmin edilməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
8. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
9. Maddə 53 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
10. Maddə 53 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
11. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.
12. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
13. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
20. İddiaçı 1982-ci il tarixdən qeydiyyatda olan oğlunun uzun müddətdir Mənzilində yaşamadığını, buna görə də onun istifadə hüququnun itirilməsini istəyir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir (§ 16).
21. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
22. 01 oktyabr 2009-cu il tarixdədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
23. Cavabdehin istifadə hüququ yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
24. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının oğludur. Mənzil isə iddiaçının atasına – cavabdehin babasına order əsasında verilmişdir. Cavabdeh isə doğulduğu 1982ci il tarixdən babası tərəfindən Mənzilə köçürülərək orada yaşamış və pasport qeydiyyatına alınmışdır. Qeyd edilən qanunvericilik müddəaları baxımından cavabdeh Mənzilin əvvəlki sahibi olmuş idddiaçının atasının ailə üzvü (nəvəsi) olduğu üçün onun Mənzilə istifadə hüququ yaranmışdır.
25. Lakin işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixdən etibarən ölkədən xaricə çıxıb və həmin Mənzildə yaşamır. Bu hal məhkəmə iclası zamanı iddiaçının verdiyi izahatı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə daxil olmuş məlumat ilə təsdiq olunmuşdur.
26. Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda onların istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.
27. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
28. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikasın tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə getmiş, hazırda da orada yaşayır. Məhkəmə onun Mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi və xarici ölkəyə köçüb orada daimi yaşaması ilə bağlıdır. Ona görə ki, iş materialları ilə təsdiq olunur ki, cavabdeh Mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Odur ki, iddiaçının iddia tələbi təmin edilərək Mənzildən cavabdehin istifadə hüququna xitam verilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 80 saylı evin, 8 saylı mənzilinə dair Cavabdeh istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı