Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-34/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş zərərin ödənilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehin mənzil saxlamaq qaydalarını kobud şəkildə pozması nəticəsində əmlakına vurulmuş 5800 manat maddi ziyanın, mənəvi zərərin əvəzi kimi 1000 manat, ödənilmiş 30 manat dövlət rüsumu ümumilikdə 6830 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və cavabdeh tərəfindən su axınıtsının qarşısının alınması məqsədilə öz hesabına mənzilində olan qüsurların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, məhəllə 2945, 30 saylı mənzili iddiaçının, Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, məhəllə 2945, 33 saylı mənzili isə cavabdehin mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzil göstərilən ünvanda yerləşən yaşayış binasının ikinci mərtəbəsində, cavabdehin mülkiyyətində olan mənzil isə yaşayış binasının üçüncü mərtəbəsində, yəni iddiaçının mənzilinin üst mərtəbəsində yerləşir. Mübahisə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, məhəllə 2945, 33 saylı mənzildən iddiaçının mülkiyyətində olan həmin ünvanda yerləşən 30 saylı mənzilə su axması nəticəsində dəymiş zərərlə bağlıdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, sonuncu dəfə 28.03.2019-cu il tarixdə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, 2945-ci məhəllədə yerləşən 33 nömrəli mənzildən ehtiyyatsızlıq nəticəsində onun mənzilinə su axıntısı baş vermişdir. Su axıntısının səbəbinin aydınlaşdırılması məqsədilə o, 82 saylı MİKS-yə müraciət etmiş, baxış zamanı həqiqətən də su axması baş vermiş, bu hak mütəmadi hal almış, su axması zamanı onun mənzilinin hamam, mətbəx və qonaq otağına və mənzildə olan əşyalara ziyan dəymişdir. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən, habelə iddiaçının vəkili və nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin mübahisəsiz hallarından da görünür ki, Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, məhəllə 2945-də yerləşən cavabdehə məxsus 33 saylı mənzildən həmin binada yerləşən iddiaçıya məxsus 30 saylı mənzilə su axıdılır. İşin bu halı Məhkəmə Ekspertiza Mərkəzinin 9/7813 saylı, 28.02.2022-ci il tarixli rəyi ilə də müəyyən edilmişdir. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzilin nətbəx mebelinə və qab-qaşıqlara ziyan dəyməsi müşahidə edilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai rayonu 82 saylı MKİS tərəfindən 28.03.2019-cu il tarixdə tərtib edilmiş Aktda cavabdehin yaşadığı 33 saylı mənzildən iddiaçının yaşadığı 30 saylı mənzilə su axıdılması qeyd edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olub-olmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfü deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi). Ekspertiza rəyində də qeyd olunmuşdur ki, iddiaçıya məxsus mənzilə həmin binada yerləşən 33 saylı mənzildən su axıdıldığı və nəticədə 30 saylı mənzilin mətbəx tikilisinə və məişət əşyalarına ziyan vurulduğu müəyyən edilmişdir. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin 6800 manat məbləğində olması hissəsində qismən əsaslıdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 9/7813 saylı, 28.02.2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsi, məhəllə 2945, 30 nömrəli mənzilə su axması nəticəsində mətbəx mebelinə dəymiş zərər təxminən 1200 manat, qab-qacaqlara (sayı ortalama nəzərə alınmaqla) dəymiş zərər təxminən 350 manat müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzildə olan məişət əşyalarına dəymiş ziyanın ümumilikdə 1550 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 1550 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul vəsaiti cavabdeh tərəfindən tam həcmdə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 23 faizi nisbətində təmin olunmuşdur) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1550 manat maddi ziyan və 7 manat dövlət rüsumu, cəmi 1557 manat manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 23 manat hissəsi iddiaçıya aid edilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-34/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-34/2022
01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver