Məhkəmə qərarları › İş №2(011)-340/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-340/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-340/2021 09.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh Heydər Əliyev adına X10 səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Heydər Əliyev adına X8rşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlakına vurulan və səhhətinə çəkilən cəmi 18238 manat maddi, bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsi və bununla yanaşı yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasının qarşısını almağı cavabdeh Zavoda həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvüləri ilə birlikdə 20 ildən çox müddətdir ki, yaşayır, bir neçə il əvvəl yaşadığı evə və həyatyanı sahəyə onlara məlum olmayan yerdən kəskin qoxu daxil olmağa başlamışdır, qoxunun təsiri nəticəsində evdə olan bütün əşyaların rəngi dəyişərək paslanaraq yararsız vəziyyətə düşmüş, qoxunun kəskinliyi sağlamlıqlarına mənfi təsir etdiyindən və xəstəliyə düçar olduqlarına görə yaşayış sahəsini tərk edərək başqa ünvanlarda kirayə yaşamağa məcbur olmuşlar, uzun müddət müvafiq dövlət orqanlarına rəsmi qaydada müraciət edərək qoxunun haradan gəlməsini və həmin qoxunun sağlamığa zərər yetirib-yetirməməsini aydınlaşdırmaq qərarına gəlmişdir, həmçinin bu xoşagəlməz halın aradan qaldırılmasına dair müvafiq tədbir görülməsini xahiş etmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə cavab olaraq 11.09.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Xətai rayonu, Qvardiya küçəsinin ətraf ərazisində monitorinq işləri keçirilmiş və aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin etil-benzol və sair 3.2 dəfə yol verilən qatılıq hədd normasından artıq olduğu müəyyən edilmişdir, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə müraciət olunmuş və Mərkəzin əməkdaşlarının iştirakı ilə aparılmış müayinələrin nəticələrinə dair 21.10.2019-cu il tarixdə daxil olmuş məktubda onun evində etil-benzolun miqdarının 0.064 mq/kub m. olaraq yol verilən həddən (0,02 mq/kub m.) 3,2 dəfə artıq olduğu bildirilmişdir, Fövqəladə Hallar Nazirliyi də müraciətinə cavab olaraq 12.11.2019-cu il tarixli məktubla bildirmişdir ki, Nazirliyin mütəxəsisləri həmin ünvana baxış keçirmiş, yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığı müşahidə olunmuş və bununla bağlı akt tərtib edilmişdir, aktda qeyd olunmuşdur ki, mətbəx və hamam otağında benzol, toluol, etil benzol, dimet benzol, 1.3,5-trimetil benzol, 1-etil 2-metil benzol maddələri aşkar edilmişdir, aktarın surəti aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə və "xxxx" ASC-yə göndərilərək tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi bildirilmişdir, "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsi 02.12.2019-cu il tarixli cavab məktubunda göstərmişdir ki, onun yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab suları yaxınlıqdan keçən yağış kollektoru vasitəsilə dənizə axıdılır, güclü yağışlar yağan zaman Bakı X14nda formalaşan çirkab suların bir hissəsi də həmin yağış kollektoruna axıdılır. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, ətrafa yayılan qoxu 1975-ci ildə tikilimiş zavodun fəaliyyətindən irəli gəlir, bu, kanalizasiya, ya da hava yolu ilə ola bilər, göstərilən müddət ərzində ona vurulan zərərin hansı müəssisə tərəfindən yetirilməsinin müəyyən olunması üçün aidiyyatı qurumlara müraciət etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 17 mart 2020-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanda Deportamentin əməkdaşları tərəfindən monitorinq aparılmış və nəticələrə əsasən təyin edilən göstəricilər ətraf mühit üçün yol verilən qatılıq həddindən artıq olmuşdur, aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar X12 X5 Deportamenti tərəfindən akt tərtib edilərək icrası məcbur olan müddətli “Məcburi Göstəriş” verilmişdir, bu səbəbdən iddia ərizəsi həmin cavabdeh zavoda qarşı verilmişdir, əgər zərərin başqa şəxs tərəfindən yetirildiyi göstərilmiş olsaydı, iddia ərizəsi həmin şəxsə qarşı qaldırılardı, Milli Monitorinq Departamenti zərərin cavabdeh zavod tərəfindən yetirilməsini müəyyən etdiyindən həmin zavoda müraciət edərək mülkiyyətinə vurulan 12238 manat maddi və bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsinə dair müvafiq şəxslərə lazımi göstəriş verilməsini xahiş etmiş, cavabdeh isə Zavoda cari il ərzində Departament tərəfindən belə bir göstəriş daxil olmadığını, həmçinin həmin ünvanda aşkar edilən kəskin qoxu və iyə səbəb olan halların zavodla heç bir əlaqəsi olmadığından zərərə görə təzminatın ödənilməsi ilə bağlı zavoda qarşı irəli sürülən tələbin heç bir hüquqi əsası olmadığını bildirmişdir, həmçinin keçirilmiş ekspertizanın rəyi ilə razı deyil, hesab edir ki, dövlət orqanların mütəxəssislərinin rəyləri ilə ekspertizanın rəyi bir-birinə ziddir, ekspertizanın gəldiyi nəticəyə görə guya onun mənzilində yerləşən əmlakların korroziyaya uğramasına, o cümlədən ona zərər dəyməsinə gətirib çıxaran səbəblər X10 fəaliyyəti ilə birbaşa əlaqəli deyil, əmlaklar evdə yaşayış olmadığından və ev Xəzər dənizinə yaxın olduğundan rütubətliklə bağlı korroziyaya uğramışdır, halbuki, Zavoddan axıdılan zərərli maddələrin təsirindən onun əmlakları yararsız vəziyyətə düşmüşdür, belə ki, Kondisioner “Mitsubişi” 120 kv.m-lik 3500 manat dəyərində və 60 kv.m-lik 2000 manat dəyərində, “BOSCH” 100 kv.m-lik 2000 manat dəyərində, Qaz peçi 2 ədəd 500 manat dəyərində, Su qızdıran 130 manat dəyərində, Su krantı 2 ədəd 110 manat dəyərində, Vanna otağı üçün su krantı 2 ədəd 90 manat dəyərində, Asılqan 3 ədəd 90 manat dəyərində, Qüzgü 3 ədəd 105 manat dəyərində, Tavan lampalar 18 ədəd 108 manat dəyərində, Tavan Lambirin 42 kv.m. 210 manat dəyərində, Taxta döşəmə 32 kv.m. 26 ədəd 520 manat dəyərində, Laqa lkub.m. 500 manat dəyərində, İran peçi 4 ədəd 600 manat dəyərində, Divar rəngi 5 vedrə 325 manat dəyərində, görülən təmir işlərinə görə usta xərci 1450 manat olmaqla ona cəmi 12.238 manat məbləğində maddi zərər dəymişdir. Bundan başqa iddiaçı izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin keçirdiyi monitorinq nəticəsində götürülən su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxuludur, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə yol verilən qatılıq həddini keçmişdir, beləliklə, cavabdeh Zavoddan buraxılan həmin zəhərli maddələrin orqanizmə təsiri nəticəsində bir nəvəsi uzun müddət beyin xəstəliyindən əziyyət çəkmiş və sonra vəfat etmişdir, digər iki nəvəsi isə ana bətnində olan zaman inkişafdan qalması nəticəsində tələf olmuşdur, uşaqların tələf olma səbəblərini araşdırmaqdan ötrü həkimə müraciət edilmiş, müayinə zamanı anada heç bir qüsur olmadığı, dölün isə qeyri-müəyyən səbəblərdən tələf olmasının aşkar edilməsi cavabı verilmişdir, sonradan orada yaşamaq qeyri-mümkün olduğundan və uşaqların həmin zərərli maddələrin təsiri nəticəsində tələf olmalarına şübhə yarandığı üçün ailəsi ilə birlikdə məcbur olaraq başqa ünvana köçmüşdür, əmlakına vurulan zərərlə əlaqədar lazımi dövlət orqanlarına dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, nəticədə keçirdiyi sarsıntı səbəbindən 6000 manat məbləğində vəsait sərf edərək ürəyindən cərrahiyyə əməliyyatı keçirmiş və sağlamlığnın pozulması nəticəsində fiziki əzab çəkmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 21.10.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Heydər Əliyev adına X10 səlahiyyətli nümayəndəsi A.N.Nəsirov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, iddiaçı həmin məsələ ilə bağlı zavoda müraciət etmiş və ona müvafiq qaydada cavab verilmişdir ki, zavodun fəaliyyəti neftin emalından qaz, yanacaq, yağ, mazut, bitum və koks kimi neft məhsullarının alınmasından ibarətdir, zavodda fəaliyyət göstərən qurğuların heç birində fərdi karbohidrogenlər məqsədli məhsul və arzuolunmaz komponent şəklində alınmır, eyni zamanda zavodda gedən bütun proseslərdə ərizədə qeyd edilən karbohidrogenlərin (benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 trimetil benzol və 1 etil 2-metil benzol) heç birindən məhsulların keyfiyyət göstəricilərinə təsir etmək üçün aşqar və reagent kimi istifadə olunması heç vaxt nəzərdə tutulmayıb, həmçinin zavodun texnoloji proseslərin tədqiqatı üzrə sahəsinin su mühitinə nəzarət laboratoriyası tərəfindən hər gün istehsalat tullantılarından analizlər götürülür və gündəlik götürülmüş analizlərin nəticələrində iddiaçının ərizəsində qeyd edilən karbohidrogenlərin göstəriciləri müəyyən edilməmişdir, həmçinin iddiaçının Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 17.03.2020-ci il tarixli, 19/Ə-082 nömrəli məktubunda qeyd edilən, aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar zavoda akt tərtib edilərək icrası məcburi olan müddətli Məcburi göstəriş verilməsi ilə bağlı qeydlərə gəldikdə bildirir ki, ərizədə qeyd edilən karbohidrogenlərin istehsalı, istifadəsi, ətraf mühitə buraxılması ilə əlaqədar zavoda cari ildə Departament tərəfindən belə bir göstəriş daxil olmamışdır, qurğuda istehsalatdan çıxan suyun bioloji təmizlənməsi reqlamentə uyğun olaraq şəhər kanalizasiya xəttindən daxil olan çirkab su ilə istehsalat suyu xüsusi ayrılmış anbarda birlikdə qarışdırıldıqdan sonra təmizlənmə qurğusuna ötürülür və təmizlənir və bundan sonra həmin su tələbata uyğun olaraq təkrar istehsalata ötürülür və şəhər kanalizasiya şəbəkəsindən götürülən kanalizasiya suyu isə geri qaytarılır. A.N.Nəsirov həmçinin bildirdi ki, həmin ərazidə yerləşən kənar təşkilatlar tərəfindən də şəhər kanalizasiya xətti vasitəsilə dənizə müxtəlif karbohidrogen qarışıqlı çirkab sular axıdılır, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda aşkar edilən kəskin qoxu və iyə səbəb olan halların zavodla heç bir əlaqəsi yoxdur, həmin mənzilin kanalizasiya xətti ilə zavodun kanalizasiya xətti kəsişmir, bu, heç mümkün də deyildir, zavod həmin yaşayış binasından əvvəl tikilmişdir və kommunikasiya xətləri də ondan əvvəl quraşdırılmışdır, yaşayış sahələrindən axıdılan çirkab suları zavodun kanalizasiya xəttinə qoşulmamışdır, bunu 3-cü şəxsin nümayəndəsi də bildirdi və ona görə də 12238 manat maddi və 50000 manat isə zərərə görə təzminatın ödənilməsi ilə bağlı zavoda qarşı irəli sürdüyü tələbin heç bir hüquqi əsası yoxdur. Sonda A.N.Nəsirov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 07.05.2021-ci il tarixli məhkəmə iclasında 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 izahatında bildirdi ki, iddiaçının yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab suları yaxınlıqdan keçən yağış kollektoru vasitəsilə dənizə axıdılır, güclü yağışlar yağan zaman Bakı X14nda formalaşan çirkab suların bir hissəsi də həmin yağış kollektoruna axıdılır, həmin ərazidə "xxxx" ASC-yə məxsus mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, ətrafdakı fərdi yaşayış evlərinin çirkab su xətti yaxınlıqda yerləşən zavodun ərazisindən keçən yağış kollektoruna qoşulmuşdur, yağış kollektoruna qoşulmuş kanalizasiya xətləri primitiv üsulla çəkildiyi üçün intensiv yağıntılar zamanı fərdi evlərin həyətlərində kanalizasiya xətlərində tutulmalar əmələ gəlir, Heydər Əliyev adına X14 1970-ci illərdə tikildiyinə görə onun su kanalizasiya boru xətlərinın bəziləri köhnəlib, bəziləri isə təzədən çəkilmişdir, lakin kanalizasiya xətti zavoddan keçmir, iddiaçının yaşadığı binanın qoşulduğu kanalizasiya xətti ilə cavabdeh müəssisənin, o cümlədən onun balansında olan bioloji təmizləmə qurğusunun qoşulduğu kanalizasiya xətləri kəsişmir və onlardan çirkab suları ayrı-ayrı borular vasitəsilə axıdılır, ona görə də cavabdeh təşkilatın fəaliyyətidən bu qurğu vasitəsilə iddiaçının əmlakına ziyan vurulması mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, 47 saylı ev mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin İddiaçı ünvanlanan 11.09.2019-ci il tarixli, 19/99-077 nömrəli məktubundan görünür ki, Departamentin əməkdaşları tərəfindən 12.07.2019-cu il tarixdə Xətai rayonu, Qvardiya küçəsinin ətraf ərazisində monitorinq işləri keçirilmiş və aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarının yol verilən qatılıq hədd normasından artıq olduğu müəyyən edilmiş, bu barədə tədbir görülməsi üçün X7 Departamentinə məlumat verilmişdir. İş materiallarında olan həmin Departamentinin İddiaçı ünvanlanan 17.03.2020-ci il tarixli, 19/Ə-082 nömrəli məktubundan görünür ki, Departamentin əməkdaşları tərəfindən monitorinq aparılmış və nəticələrə əsasən təyin edilən göstəricilər ətraf mühit üçün yol verilən qatılıq həddindən artıq olmuş, aparılan araşdırmalar zamanı aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar Heydər Əliyev adına X12 X5 Departamenti tərəfindən akt tərtib edilərək icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İddiaçı ünvanlanan 12.11.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilmiş, yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığı müşahidə olunmuş və bununla bağlı akt tərtib edilmişdir. Aktda yoxlama zamanı mətbəx və hamam otağında benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 trimetil benzol və 1 etil 2-metil benzol maddələri aşkar edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin İddiaçı ünvanlanan 02.12.2019-cu il tarixli cavab məktubunun surətindən görünür ki, ərizəçinin yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab suları yaxınlıqdan keçən yağış kollektoru vasitəsilə dənizə axıdılır, güclü yağışlar yağan zaman Bakı X14nda formalaşan çirkab suların bir hissəsi də həmin yağış kollektoruna axıdılır. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanan 16.01.2020-ci il tarixli cavab məktubundan görünür ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, Fövqəladə Hallar Nazirliyi və Xətai rayon MKTB-nin nümayəndələri tərəfindən ərizəçinin yaşadığı ünvana baxış keçirilmiş və araşdırmalar zamanı müəyyən olunmuşdur ki, çirkləndirici maddələrin miqdarının hədd normasından artıq olması və kollektora fərdi qaydada qoşulmuş kanalizasiya xətləri kəskin iy-qoxunun gəlməsinə səbəb olduğu müəyyən olunmuşdur. Problemin həlli ilə bağlı ərizəçiyə aidiyyatı üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İddiaçı ünvanlanan 29.10.2019-cu il tarixli məktubunun surətindən görünür ki, mənzildə müayinələrin aparılması üçün Mərkəzdə ölçü cihazının olmaması səbəbindən tərəflərindən Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə müraciət olunmuş və müvafiq müayinələrin aparılması xahiş edilmişdir, Departament tərəfindən 11.10.2019-cu il tarixdə Mərkəzin əməkdaşının iştirakı ilə aparılmış müayinələrin nəticələrinə dair məktubda İddiaçı məxsus evdə etil-benzolun miqdarının 0,064mq/m3 olaraq yol verilən həddən (0,02mq/m3) 3,2 dəfə artıq olduğu bildirilmişdir. İş materiallarında olan Heydər Əliyev adına X10 20.10.2020-ci il tarixli arayışından görünür ki, zavodda gedən bütün proseslərdə karbohidrogenlərin - (benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 - trimetil benzol və 1-etil 2-metil benzol) heç birindən məhsulların keyfiyyət göstəricilərinə təsir etmək üçün aşqar və reagent kimi istifadə olunması heç vaxt nəzərdə tutulmamışdır. İş materiallarında olan Heydər Əliyev adına X10 İddiaçı ünvanlanan 01.06.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, ərizədə qeyd edilən karbohidrogenlərin - (benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 - trimetil benzol və 1-etil 2-metil benzol) heç birindən zavodda məhsulların keyfiyyət göstəricilərinə təsir etmək üçün aşqar və reagent kimi istifadə olunması heç vaxt nəzərdə tutulmamış, gündəlik götürülmüş analizlərin nəticələrində qeyd edilən karbohidrogenlərin göstəriciləri müəyyən edilməmiş, həmçinin zavoda Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar zavoda akt tərtib edilərək icrası məcburi olan müddətli Məcburi Göstəriş verilməsi ilə bağlı göstəriş daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məhkəməyə ünvanlanan 08.02.2021ci il tarixli, 20/170 nömrəli məktubundan görünür ki, Xidmətin əməkdaşları tərəfindən monitorinq keçirilmiş, analiz nəticələrinə əsasən hava nümunəsində təyin olunan komponentlərdən yalnız etil-benzol 3,8 dəfə normadan yüksək olmuş, digər təyin edilən göstəricilər isə sanitar norma daxilində müəyyən edilmişdir, su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxuludur, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə yol verilən qatılıq həddini keçmiş, digər təyin olunan göstəricilər isə sanitar norma daxilində olmuşdur. İş materiallarında olan Heydər Əliyev adına X10 məhkəməyə ünvanlanan 28.04.2021-ci il tarixli məktubundan görünür ki, zavodun bioloji təmizləmə qurğusunda (BTQ) aparılmış növbəti ekoloji monitorinqin nəticələrinə görə BTQ-nın çıxışından 20.04.2021-ci il tarixdə götürülən su nümunəsinin analizinin nəticələrinə əsasən bioloji təmizləmə prosesindən sonra dənizə axıdılan suyun fiziki-kimyəvi tərkibini göstərən parametrlər X14 üçün təsdiqlənmiş X9 Həddi (BBAH) normaları daxilindədir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin məhkəməyə ünvanlanan 06.07.2021-ci il tarixli 01-02/1-01/625 saylı məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, həmin ərazidə "xxxx" ASC-yə məxsus mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, ətrafdakı fərdi yaşayış evlərinin çirkab su xətti yaxınlıqda yerləşən zavodun ərazisindən keçən yağış kollektoruna qoşulmuşdur, yağış kollektoruna qoşulmuş kanalizasiya xətləri primitiv üsulla çəkildiyi üçün intensiv yağıntılar zamanı fərdi evlərin həyətlərində kanalizasiya xətlərində tutulmalar əmələ gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin 22/660 saylı 02.04.2021-ci il tarixli məktubundan görünür ki, neft emalı müəssisələri ekoloji təhlükəsizlik dərəcəsinə əsasən yüksək təhlükəliliyi ilə fərqlənən birinci kateqoriyaya aid edilir, bu qəbildən olan təhlükəli obyektlərin təsdiqlənmiş reqlamentlər çərçivəsində fəaliyyət göstərdikləri müddətdə ətraf mühitə təsiri qaçılmaz hesab olunur və SN-245-71 (CH-245-71) saylı sanitar normaları müəyyən edən rəhbər sənədin tələbinə əsasən sanitar mühafizə zonası 1000 metr müəyyən edilmişdir. İş materiallarında olan 02 saylı, 23.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən əmlakın korroziyaya uğramasına, o cümlədən ona zərər dəyməsinə gətirib çıxaran səbəblər Heydər Əliyev adına X10 fəaliyyəti ilə birbaşa əlaqəli deyil. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur, iddiaçı yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasını X10 fəaliyyəti ilə əlaqələndirdiyindən cavabdeh zavoddan ona dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Bununla belə, X10 hüquqa zidd fəaliyyətinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbi üzrə təqdim edilmiş sübutlar dəymiş maddi və mənəvi zərərin müəyyən olunması üçün yetərli deyildir. Belə ki, iddiaçının isitnad etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti və "xxxx" ASC və digər dövlət orqanlarının cavab məktublarında göstərilən xüsusatlar, bilavasitə cavabdeh təşkilatın fəaliyyətinin mənfi nəticələrini özündə ehtiva etməməklə, ətraf mühitin monitorinq göstəricilərini ifadə edir. Yəni, iş materiallarında olan İddiaçı ünvanlanan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 12.11.2019-cu il tarixli məktubunda göstərilən “yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığının müşahidə olunması və bununla bağlı akt tərtib edilməsi, aktda yoxlama zamanı mətbəx və hamam otağında benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 trimetil benzol və 1 etil 2-metil benzol maddələri aşkar edilməsi”, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 11.09.2019-ci il tarixli məktubunda göstərilən “aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarının yol verilən qatılıq hədd normasından artıq olduğunun müəyyən edilməsi”, Xətai rayon İcra Hakimiyyətinin 16.01.2020-ci il tarixli cavab məktubunda göstərilən “çirkləndirici maddələrin miqdarının hədd normasından artıq olması və kollektora fərdi qaydada qoşulmuş kanalizasiya xətlərinin kəskin iy-qoxunun gəlməsinə səbəb olduğunun müəyyən olunması”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 29.10.2019-cu il tarixli məktubunda göstərilən “İddiaçı məxsus evdə etil-benzolun miqdarının 0,064mq/m3 olaraq yol verilən həddən (0,02mq/m3) 3,2 dəfə artıq olduğu”, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 08.02.2021-ci il tarixli məktubunda göstərilən “hava nümunəsində təyin olunan komponentlərdən yalnız etilbenzol 3,8 dəfə normadan yüksək olması, digər təyin edilən göstəricilərin isə sanitar norma daxilində müəyyən edilməsi, su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxulu, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə yol verilən qatılıq həddini keçməsi, digər təyin olunan göstəricilərin isə sanitar norma daxilində olması”, "xxxx" ASCnin Xətai rayon Sukanal İdarəsinin 06.07.2021-ci il tarixli məktubunda göstərilən yaşayış evinin olduğu “həmin ərazidə "xxxx" ASC-yə məxsus mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması, ətrafdakı fərdi yaşayış evlərinin çirkab su xətti yaxınlıqda yerləşən zavodun ərazisindən keçən yağış kollektoruna qoşulması, yağış kollektoruna qoşulmuş kanalizasiya xətlərinin primitiv üsulla çəkildiyi üçün intensiv yağıntılar zamanı fərdi evlərin həyətlərində kanalizasiya xətlərində tutulmaların əmələ gəlməsi” və s. faktiki hallar mübahisəli ərazidə faktiki ekoloji vəziyyətə və iddiaçıya məxsus mənzilin sanitarkommunikasiya xətlərindən axıdılan çirkab suların kimyəvi tərkibinə dair məlumatlardan ibarətdir və bu sübutlar cavabdehin mülki-hüquqi məsuliyyətini, o cümlədən bilavasitə təqsirli, hüquqazidd fəaliyyətini ifadə etmir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq orqanların iddiaçıya ünvanlanmış məktublarında qeyd edilən hallar iddia tələbinin təmin olunması üçün yetərli sayıla bilməz. Bundan başqa, məhkəmə iddia tələbi üçün əsas kimi iddiaçının “X5 Departamenti tərəfindən akt tərtib edilərək X12 icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu sənəddə belə məcburiyyət tədbirlərinin nədə ifadə olunması, zavodun hansı hüquqazidd fəaliyyətindən irəli gəlməsi görünmür. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənəd cavabdehin hazırkı iddia tələbi üzrə mülki-hüquqi məsuliyyəti barədə nəticəyə gəlmək üçün əsas deyil. Bununla belə məhkəmə, iddia tələbinin əsası kimi göstərilmiş cavabdehin fəaliyyətinə dair xüsusatların dəymiş zərərlə bilavasitə səbəbli əlaqəsinin müəyyən edilməsini mülki işin düzgün həlli üçün əhəmiyyətli hallar kimi nəzərə alır və bu məqsədlə ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və ekspertin gəldiyi nəticə ilə razılaşır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdehin təqsirli, hüquqazidd fəaliyyəti istisnadır və ona qarşı irəli sürülmüş iddia tələbi əsaslı deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 248-251-ci maddələrinə əsasən, ekoloji hüquqpozmalar, o cümlədən sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin istismarı zamanı X5 qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulmasının insan sağlamlığına zərər vurulmasına və ya digər ağır nəticələrə səbəb olması, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, kimyəvi maddələrin və tullantıların istifadəsi və ya sair dövriyyəsinin insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratması, eyni əməllərin ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına zərər vurulmasına səbəb olması, yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsinin insan sağlamlığına zərər vurulmasına səbəb olması, çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulmasının insan sağlamlığına zərər vurulmasına səbəb olması cinayət məsuliyyəti yaradır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237, 240, 262, 264, 275-ci maddələrinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, X5 məqsədi ilə başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulması, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsi, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsi, X5 sahəsində mövcud standartlar və texniki tələblər pozulmaqla məhsulların (məmulatların) istifadəsi, istismarı və təmiri, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsi, su obyektlərindən istifadə qaydalarının pozulması, su obyektlərindən istifadə qaydalarının pozulması, yəni texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi, su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması, yəni ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi, ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsi, ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsi, insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsi, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsi inzibati məsuliyyət yaradır. Belə olan halda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik normaları nəzərə alınmaqla iddiaçının, ona qarşı törədilən ekoloji hüquqpozmalara görə, o cümlədən belə hüquqpozmadan irəli gələn sağlamlığa vurulmuş zərər və digər ağır nəticələrlə bağlı cavabdeh şəxslərin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məqəsədilə aidiyyəti dövlət orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “ünvan 1 ünvanda yerləşən əmlakına vurulan və səhhətinə çəkilən cəmi 18238 manat maddi, bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsi və bununla yanaşı yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasının qarşısını almağı cavabdeh Zavoda həvalə edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat iddiaçıdan alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “ünvan 1 ünvanda yerləşən əmlakına vurulan və səhhətinə çəkilən cəmi 18238 manat maddi, bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsi və bununla yanaşı yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasının qarşısını almağı cavabdeh Zavoda həvalə edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul İddiaçı alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Bank: Kapitalbank Neftçilər KM filial; Hesab: AZ57A11B400500C**********211; Kod:201229; Müxbir hesab: AZ37NABZ********************(AZN); VÖEN (BANK): **********; SWİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar