Məhkəmə qərarları › İş №2(011)-340/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-340/2023

03.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-340/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı - İddiaçı mülkiyyətində olan Bakı şəhər., Xətai rayon., X1 küçəsi 75, M7, m2 saylı ünvanda yerləşən mənzildən Cavabdeh istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər., Xətai rayonu., X1 küçəsi, 75, M7, m2 saylı ünvanda yerləşən mənzil iddiaçı Cavabdeh mülkiyyətindədir. Həmin mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququ tanınmışdır.Cavabdeh iddiaçının oğludur. Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhər., Xətai rayonu., X1 küçəsi, 75, M7, m2 saylı ünvanda yerləşən mənzildə qeydiyyatda olmasına baxmayaraq 2010-cu ildən həmin mənzildə yaşamır. İddiaçıda olan məlumata görə Cavabdeh 2010-cu ildən həmişəlik Türkiyə Respublikasına getmişdir və artıq 12 ildir ki, Azərbaycan Respublikasında yaşamır. Mənzilin bütün komunal xərclərini iddiaçı ödəyir. Cavabdehin iddiaçının evində qeydiyyatda qalmağı iddiaçıya maddi cəhətdən ziyan vurduğundan iddiaçı əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də iddiaçı hesab edir ki, cavabdehin ona məxsus evdən istifadə hüququ itirilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən poçt xidmətindən məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhər., Xətai rayonu., X1 küçəsi, ev 3, m 14, yeni qaydalarla Bakı şəhər., Xətai rayon., X1 küçəsi 75, M7, m2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh Bakı şəhər., Xətai rayonu., X1 küçəsi, ev 3, m.14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, Bakı şəhər., Xətai rayonu., X1 küçəsi, ev 3,14 saylı mənzil İddiaçı Xətai Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarix m 652 nömrəli sərəncamı ilə bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 33/627 saylı məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə dövlət sərhədindən xx.xx.2008-ci il tarixdə çıxmışdır. Tətbiq edilən hüquq: 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xətai Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarix m 652 nömrəli sərəncamı ilə Bakı şəhər., Xətai rayonu., X1 küçəsi, ev 3,14 saylı mənzil (yeni qaydalarla Bakı şəhər., Xətai rayon., X1 küçəsi 75, M7, m2) İddiaçı bağışlanmışdır. Cavabdeh iddiaçının oğludur. İddiaçının izahatı və işin digər halları ilə cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda olmasına baxmayaraq uzun müddət - xx.xx.2008-ci il tarixdən Bakı şəhər., Xətai rayon., X1 küçəsi 75, M7, 2 saylı mənzilində yaşamaması sübuta yetirildi. Məhkəmə cavabdehin həmin mənzildə yaşamaması səbəbini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa ölkəyə köçməsi ilə əlaqədardır. Ona görə ki, cavabdeh mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mənzillə əlaqəsini tamamilə kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də iddia təmin edilərək, Cavabdeh mənzildən istifadə hüququ itirilməlidir. Belə ki, Cavabdeh münasibətdə mübahisəli hüquq münasibəti 1993-cü ildən (mübahisəli mənzildə yaşamağa başladığı tarixdən) yarandığından hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh mənzildə yaşamaması və bu müddət ərzində mənzilə gəlməməsi, yalnız onun başqa ölkəyə köçməsi ilə izah oluna bilər. Odur ki, iddia bu təmin edilərək, Cavabdeh mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilməlidir. Şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Cavabdehin başqa yaşayış sahəsinə köçərkən atasının evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir və işdəki sübutların məcmusu onun mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhər., Xətai rayon., X1 küçəsi 75, M7, m2 saylı ünvanından istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi 75, M7, m2 saylı ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar