Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3423/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər iddiaçının iş yoldaşı vasitəsilə tanış olmuşlar. Cavabdeh online dövriyyə etmək yolu ilə əldə etdiyi “cash back” gəliri və ƏDV gəliri hesabına pul qazanmaq məqsədilə iddiaçının "xxxx" ASC-yə və "xxxx" ASC-yə olan 18 000 manat məbləğində kredit borcunu 15 000 manat pul müqabilində bağlayacağını vəd etmiş, buna görə iddiaçı xx.xx.2023-cü il tarixdə kredit borclarının bağlanması məqsədilə 14 200 manat məbləğində pul vəsaitini cavabdehə vermişdir.
2. Cavabdeh Nizami RPİ-nin 25-ci Polis Şöbəsində verdiyi izahatında xx.xx.2023cü il tarixində yuxarıda qeyd edilmiş məqsədlə 14 200 manat məbləğində pulu aldığını etiraf etmişdir.
3. İddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırm aparılmış və əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən 14 200 manat məbləğində pulun və məhkəməyə onun tərəfindən ödənilmiş 133 manat dövlət üsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, o, “Bravo” marketlər şəbəkəsində kassa aparatında işləyir. Ailəsinin maddi ehtiyacları ilə əlaqədar olaraq, təxminən üç il əvvəl "xxxx" ASC-dən ‘birkart” götürmüş və həmin kart vasitəsi ilə "xxxx"dan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul çəkib ehtiyacları üçün xərcləmişdir. Lakin bu pullar ehtiyaclarını ödəmədiyi üçün təxminən bir il əvvəl "xxxx" ASC-dən 15 000 manat kreditə pul götürmüşdür. İki banka pul ödəməyə onun üçün çətinlik bilən iş yoldaşı Vüqar ona demişdir ki, cavabdeh ona bu işdə kömək edə bilər. Vüqar onun yanında zəng vurub soruşduqda, cavabdeh ona kömək edə biləcəyini demişdir. İş yoldaşı Vüqardan cavabdehin mobil nömrəsini alıb onunla görüşmüş, hal-hazırda "xxxx" ASC-yə 15 000 manat, "xxxx" ASC-yə isə 3000 manat borcunun olduğunu bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, ona 14.200 manat məbləğində pulu tez versə "xxxx" ASC-yə 3000 manat borcunu bir həftəyə, "xxxx" ASC-yə borcunu isə bir aya sildirəcək. O, cavabdehin bu şərti ilə razılaşmış və xx.xx.2023-cü il tarixdə 14 200 manat məbləğində pulu Bakı şəhəri ərazisində yerləşən Ukrayna dairəsi adlanan yerdə cavabdehə vermişdir. Lakin vəd etdiyi vaxtda cavabdeh onun banklara olan borclarını ödəməmişdir. Hər dəfə zəng edəndə müxtəlif bəhanələrlə borclarını bağlayacağını desə də, heç bir ödəniş etməmişdir. O, aldadıldığını anlamış və bununla bağlı polisə müraciət etmiş, Polis Bölməsində araşdırma aparılarkən cavabdeh yazdığı izahatında ondan 14.200 manat pulu almasını etiraf etmiş və guya iş alınmadığı üçün pulunu tezliklə qaytaracağını bildirsə də, xeyli zaman keçməsinə baxmayaraq, cavabdeh bir dəfə də olsun pulun qaytarılması ilə bağlı hər hansı addım atmamışdır. Əksinə yalançı vədlərlə dəfələrlə onu aldatmış və mənəvi iztirab çəkməyivə səbəb olmuşdur. Buna görə də o, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir.
25. İddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan 14 200 manat məbləğində pul vəsaitini alaraq, bunun müqabilində onun müxtəlif banklara olan kredit borcunu bağlamağı vəd etməsi, lakin verilən vədə əməl etməməsi, eləcə də iddiaçıdan aldığı pul vəsaitinin qaytarılmaması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, eləcə də, cavabdehin Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatı ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pul vəsaitinin ona qaytarılmaması nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır.
26. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 14 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
27. Məhkəmə həmçinin iddianın 133 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 14 200 manat məbləğində pul vəsaiti və 133 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı