Məhkəmə qərarları › İş №2(011)-3426/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3426/2025

16.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3426/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsinə dair” iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı – cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********24-05101-093001 saylı Döylət Reyestrindən çıxarışa əsasən Bakı ş, Xətai ray, Məzahir Rüstəmov ev 26, mən 7 iddiaçının tam mülkiyyətindədir. Bildirir ki, cavabdehlər X1 və Cavabdeh2 ona məxsus mülkdə yaşamadığına baxmayaraq bugünə kimi hələ də, ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə uzun müddət yaşamamağı qeydiyyatda qalması iddiaçı üçün ciddi maneələr yaradır. Mənzil üzərində müvafiq sərəncam vermək, ondan istədiyi şəkildə istifadə etmək hüququnu pozur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, neçə ildir ünvanda yaşayır ancaq heç vaxt cavabdehləri orada görməmişdir. Evi cavabdehlərdən almamışdır. Başqa şəxsdən alıb. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 faktiki yaşayış yerləri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 90 saylı MKİS tərəfindən “mənzil satılandan göstərilən ünvanda yaşamırlar” qeydi yazılmış məktub məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehlərin həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış arayış məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri 36 saylı Dövlət Notariat ofisinin 47-01-124 saylı notariat işindən görünür ki, xx.xx.2011-ci il tarixdə AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil X2 tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2025- il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 xx.xx.2012-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. ********** saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən 100 manat dövlət rüsumu ödəmişdir. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 yaşayış yeri ünvan 3 olaraq qeyd olunmuşdur. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 26, mənzil 7 olaraq qeyd olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 həmin ünvana qeydiyyatdadır, lakin onlar orada yaşamamışlar və həmin mənzildən istifadə etməmişdirlər, həmçinin iddiaçının ailə üzvləri deyillər, onların iddiaçının mənzilinə qeydiyyatı formal xarakter daşımışdır və həmin mənzilə istifadə hüquqları yaranmamışdır. Bununla belə, cavabdehlərin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüquqlarına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər həmin mənzildə faktiki qeydiyyatda olsa da, onun həmin mənzilə dair istifadə hüququ yaranmadığından cavabdehlərin İddiaçı məxsus ünvan 2 ünvanından mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi də əsassızdır və buna görə də təmin edilməməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməməsi Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı – cavabdehlər Cavabdeh2, Cavabdeh1 Bakı şəhər, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 26, mən 7 mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməsin. Bu qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar