Məhkəmə qərarları › İş №2(011)-3464/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3464/2021

30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3464/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Azərbaycan Avtomobil X1 cavabdehlər Cavabdeh1 Birgə Müəssisəsinə və Cavabdeh2 qarşı “texniki pasporta düzəliş edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil X2 cavabdehlər Cavabdeh1 Birgə Müəssisəsinə və Cavabdeh2 qarşı “texniki pasporta düzəliş edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən 08 iyul 1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportdakı uyğunsuzluğun aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmiş, iddia ərizəsinin tələb hissəsini aydın və başadüşülən şəkildə göstərməmişdir. Belə ki, iddiaçı bir neçə cavabdehə qarşı iddianı irəli sürməsinə baxmayaraq, iddia ərizəsinin nəticə hissəsində hansı cavabdehə qarşı hansı tələbi irəli sürdüyünü aydın şəkildə göstərməmiş, irəli sürdüyü tələbi ümumi şəkildə qeyd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən tələb qeyri-müəyyən və anlaşılmazdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.5-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində bir neçə cavabdeh qeyd etdiyi halda, hər birinə qarşı yönələn tələbi aydın şəkildə göstərmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Avtomobil X1 cavabdehlər Cavabdeh1 Birgə Müəssisəsinə və Cavabdeh2 qarşı “texniki pasporta düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Azərbaycan Avtomobil X1 nümayəndəsinə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar