Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3466/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinı dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçının xeyrinə 315,77 manat verilmiş sığorta ödənişinin və ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 11.10.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Volkswagen Passat" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, 05.08.2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "İveco" markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşaraq onu zədələmişdir. Xətai DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerini tərk etmişdir. Zərərçəkənə 315,77 manat məbləğində sığorta ödənişi verilmişdir. Qanuna müvafiq olaraq, "Volkswagen Passat" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, hadisə zamanı avtomobili Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında hadisə yerindən qaçmadığını, tıxac olduğuna görə avtomobili bir az qabaqda saxladığını və bu barədə iddiaçının nümayəndəsinin məlumatının olduğunu göstərdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "Volkswagen Passat" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 11.10.2018-ci il tarixdən 11.10.2019-cu il tarixinədək sığortalanmışdır. İş materiallarında olan 13.07.2019-cu il tarixli, ƏN-İV № 916965 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 "Volkswagen Passat" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 13.07.2020-ci il tarixinədək verilmişdir. İş materiallarında olan Xətai rayon DYPŞ-nin 23.08.2019-cu il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 05.08.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi, "Volkswagen Passat" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla, Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "İveco" markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşaraq onu zədələmişdir. Cavabdeh1 AR İXM-nin 327.6-cı maddəsi ilə (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan “Bacu Bus” şirkətinin 05.08.2019-cu il tarixli zərər aktından görünür ki, "İveco" markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyan 315,77 manat təşkil etmişdir. İş materiallarında olan 06.01.2021-ci il tarixli sığorta aktından və 19.01.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən dəymiş ziyana görə "İveco" markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtobusun sığortalandığı "xxxx" ASC-nin hesabına 315,77 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh1 25.05.2017-ci il tarixdə "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, etibarnamə əsasında idarə etdiyi "Volkswagen Passat" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində X2 tərəfindən idarə olunan "İveco" markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşaraq ona 315,77 manat məbləğidə zərər vurması, hadisəni törətdikdən sonra hadisə yerini tərk etməsi, iddiaçı tərəfindən zərərçəkənə 315,77 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbi hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırmaları nəticəsində digər Cavabdeh2 tərəfindən mülkiyyətində olan "Volkswagen Passat" markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi müəyyən olunmuşdur. Bu səbəbdən də, iddia qismən təmin edilərək 315,77 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 315,77 (üç yüz on beş manat 77 qəpik) manat məbləğində verilmiş sığorta ödənişi və 20,40 (iyirmi manat 40 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3466/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3466/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver