Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-349/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş və evin yeganə övladıdır. Hal-hazırda heç bir yerdə işləmir, valideynləri ilə birlikdə yaşayır. 2018-ci ildə keçirilən gözəllik müsabiqəsində 1-ci yeri tutmuşdur. 2018-ci ilin yay aylarında üz nahiyyəmdə təmizlik işlərini gördürmək üçün ünvan 1 ünvanında yerləşən "Yasəmən Butik" salonuna getmişdir. Həmin salona əvvəllər qohumları gedib-gəldikləri üçün oranı tanımışdır. Qeyd olunan gözəllik salonunu öz adına açan Cavabdeh adlı qadın oranı öz qızları ilə birlikdə işlədir. 2018-ci ilin yay aylarında ilk dəfə Yasəmənin yanına getdiyi zaman, Yasəmən xanım iddiaçının gənc olmağından istifadə edərək, qulaq, dodaq və alın nahiyyəmdə cərrahi əməliyyat aparmadan özündə olan pleksar cihazı ilə estetik işlər görəcəyinə, yəni əsasən kiçiltmələr aparacağına söz vermişdir. Əvvəl bu işə razı olmasa da sonradan cavabdeh və qızları təkid edərək onu razı salmışdılar. Həmin gün 500 manat pul qarşılığında iddiaçının burnunda pleksar cihazı ilə prosedur aparılmış, bundan sonra prosedurun təsirsiz olmasını görmüş və növbəti dəfə ora getdikdə Yasəmənə prosedurdan razı qalmadığıı, əməliyyat etdirəcəyii bildirmişdir. 2019-cu ilin mart ayında 2-ci dəfə “Yasəmən Butik" salonunda Cavabdeh həmin pleksar aparatı ilə iddiaçının burnunda və hər iki qulağında kiçiltmək üçün prosedur aparmış, ilk öncə burnunda yaralar olmuş və Cavabdeh sözlərinə görə 10 gün sonra həmin dəri yerinə qayıtmalı idi. Lakin 10 gün sonra burun və qulağında kelloidlər, yəni çapıqlar yaranmışdır. İddiaçı cavabdehə bu barədə iradını bildirdikdə, o iddiaçıya burun və qulağını düzəldəcəyini deyərək onu 20.000 (iyirmi min) manatdan çox ziyana salmış, üstəlik iddiaçının burnunda və qulağında olan fəsadlar düzəlməmiş, əksinə daha da pisləşmişdir. Hər dəfə iddiaçını yanına çağırdıqda burnunun dərisinə iynələr vurmuş, daha sonra isə burnunun dərisini soymuşdur. Yasəmən onun burnuna və qulağına gialron, kollagen, ridoza iynələri vurmuş, həmin iynədən alnına da vuraraq, orada da dərin çapıq yaratmışdır. Bundan başqa alt dodağına da gel vurmuş, onun yaxşı olmadığını görüb çıxartmışdır. İddiaçının dodağında da hazırda əyilmələr yaranmışdır. İddiaçının Qulağı isə keloiddən böyümüş, əməliyyat yolu ilə həmin şişkinliyi aradan qaldırmışdır. Hazırda burnunun hər iki yan tərəflərində qulaqlarında keloid- çapıqlar, alt dodağında əyilmə və alnında dərin çapıq izi vardır. Bunların hamısının səbəbkarı adını həkim qoymuş cavabdeh şəxs Yasəmən Tapdıqlıdır. Cavabdeh özünün qeyd etdiyi kimi 2002-ci ildə Ukranya Respublikasında dermovineralogiya ixtisası üzrə təhsil almışdır. Lakin Azərbaycan Respublikasında Təhsil Nazirliyi tərəfindən diplom təsdiq olunmamışdır. İddiaçı Cavabdeh əməlləri barəsində Bakı şəhər Xətai rayon Prokurorluğuna müraciət etmiş, lakin vurulmuş ziyan mülki mübahisə predmeti olduğuna görə AR-sı MPM-nin 25-ci maddəsinə ərazi aiddiyatı üzrə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin günahı ucbatından mənə maddi və mənəvi ziyan dəymiş və dəymiş ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqiləşdirmə barədə ərizə ilə müraciət edərək, 15000 manat maddi, 15000 manat mənəvi ziyan, ümumilikdə 30000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir.. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 iyun 2021-ci il tarixli qərarla İddiaçı ünvan 2 ünvanında yerləşən “Yasəmən Butik” salonunda kosmetoloq kimi fəaliyyət göstərən Cavabdeh tərəfindən aparılan mütəxəssis müayinəsi zamanı onun burun nahiyyəsində və hər iki qulaq seyvanında çapıq toxumalarının olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış kosmetoloji prosedurun qüsurlu texniki icrası nəticəsində yaranması istisna edildiyindən və bu baxımdan sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmadığına görə toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1,2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.Həmin qərarda göstərilmişdir ki, Material üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsdən rayon prokurorluğuna daxil olmuş 26 may 2021-ci il tarixli, 1439 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, kosmetoloji prosedurlar Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydaları ilə tənzimlənmir. İddiaçınm üzərində aparılmış prosedur kosmetoloji prosedur olduğundan, bununla əlaqədar hər hansı bir sənəd tərtib edilməmişdir. Bu baxımından prosedur zamanı tətbiqinə icazə verilməyən dərman preparatlarından istifadə olunub-olunmaması haqqında fikir söylənilməsi mümkün olmadı. İddiaçınm mütəxəssis müayinəsi zamanı onun burun nahiyyəsində və hər iki qulaq seyvanında çapıq toxumalarının olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış kosmeteoloji prosedurun qüsurlu texniki icrası nəticəsində yaranması istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 210.1 -ci maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli qərarı ilə 5000 manat məbləğində cərimə olunmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Fərmanının 2.3.1 -ci yarımbəndinə əsasən özəl tibb fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Bu baxımdan Cavabdeh adına hal-hazırda lisenziyanın verilib- verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilməsi qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər və flash-cart-dan görünür ki, o, daha əvvəl 2018-ci ildə keçirilən gözəllik müsabiqəsində iştirak etmiş və üzündə hər hansı qüsurlar olmamışdır. Digər fotoşəkillərdə isə kosmetoloji prosedur səbəbindən onun üz nahiyəsində çapıq, qançırların və.s olduğu müəyyən edilir. Eyni zamanda təqdim edilmiş flash-cartda cavabdehin “instagram” sosial şəbəkə hesabındakı postların fotoşəkilllərindən görünür ki, cavabdeh müxtəlif aparatlarla burun kiçiltmə, xalların yandırılması və.s. müxtəlif kosmetoloji prosedurları etdiyini reklam etmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş Şahid verdiyi izahatında bildirmişdir ki, iddiaçını 2019-cu ildə keçirilən gözəllik yarışmasının çəkilişlərindən tanıyır. Burnu xoşuna gəldiyi üçün o da əməliyyatın harda olunması ilə bağlı maraqlanmışdır.. Sonradan bildir ki, burnunda izlər qalıb. Yasəmən xanıma 2020-ci ildə müraciət etmişdir. Onda pleksar aparatı var idi, xal yandırmaq üçün istifadə olunurdu. Cavabdeh onun burnuna gel ödəmi vurmuş, sağalacağını, izlərin qalmayacığını bildirmişdir. Sonra dodağına gel vurmuş, selikli qişaya vurduğundan şişliklər yaranmışdır. Cavabdeh iddiaçıya birinci dəfə pleksar etmişdi, burnu yığcamlaşmalı idi, yaxşı da olmuşdu. O da istəsə də onda əməliyyat uğursuz olmuşdur, izləri heç cür getmir. Prosedur zamanı burun iynə ilə keyidilir və yandırılır. Dəri qatı gedir, üzərindən götürülür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən “Yasəmən Butik” gözəllik salonu cavabdehə məxsusdur. Həmin gözəllik salonunda üz masajları, üz müalicələri, maskaların qoyulması, üzün təmizlənməsi, darsanval cihazı, üzü hamarlaşdıran cihaz, üz masajları üçün cihaz, kalkulyasiya cihazı, eros cihazı vardır və cavabdeh həmin cihazlardan istifadə edir. Cavabdeh İddiaçı üzünda müəyyən kosmetoloji prosedurların həyata keçirilməsi üçün cavabdehin gözəllik salonuna müraciət etmişdir. Cavabdeh İddiaçı burununun balacalaşması üçün üstdən onun gialron, kollagenridoza dərmanlarını şiprislə burnuna tökərək darzanvan və hamarlaşdırıcı cihazlar ilə işlər aparmışdır. Beləliklə, cavabdeh tərəfindən aparılmış kosmeteoloji prosedurun qüsurlu texniki icrası nəticəsində iddiaçının səhhətində müxtəlif problemlər yaranmışdır. Eyni zamanda cavabdeh bütün bu kosmetoloji xidmətləri müvafiq lisenziyaları olmadan həyata keçirmişdir. Digər tərəfdən, məhkəmə araşdırması zamanı cavabdeh özünün “instagram” sosial şəbəkəsində olan hesabında özünü həkim-kosmetoloq kimi təqdim etsə də, bu cür xidmətlərin göstərilməsi üçün müvafiq tibbi təhsilin olduğu məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən onun tibbi təhsilini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərindən biridir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə səhhətinin bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, səhhətinə dəymiş ziyanın məbləği ilə bağlı hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının üz nahiyəsində aparılmış kosmetoloji prosedurlar nəticəsində iddiaçının səhhətində yaranan problemlərlə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 3500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-349/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-349/2023
14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver