Məhkəmə qərarları › İş №2(011)-3511/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3511/2023

06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3511/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Əyyub oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması və pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiyi 16650 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat, ümumilikdə 16790 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehdən 2011-ci buraxılış ili olan, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili 17000 manata hissə-hissə ödəmək şərti ilə satın alınması barədə razılaşmışdırlar. Cavabdeh 20 avqust 2020-ci il tarixdə iddiaçıya etibarnamə verdi və iddiaçı ilk olaraq cavabdehə 1000 manat pul ödəmişdir. Yerdə qalan pulu isə 7600 manat pulu da “Kapital Bank” kartı vasitəsilə ödəmişdir. Daha sonra avtomobili vurdular və avtomobil qəzalı vəziyyətdə olduğuna görə iddiaçı cavabdehə avtomobili satmağı, daha sonra qalan 2000 manat borcunu ödəməyi təklif etdi. Cavabdeh razılıq verdiyi üçün, iddiaçı Meylamov Elşad adlı şəxsə avtomobil qəzalı vəziyyətdə olduğuna görə 9000 manata satmışdır. Avtomobil cavabdehin mülkiyyətində idi, o, özü könüllü şəkildə üçüncü şəxsə etibarnamə vermişdir. Meylamov Elşad avtomobili təmir edib Ləzgiyev Coşqun adlı şəxsə satmışdır. Bundan sonra cavabdeh bütün etibarnamələri ləğv etmiş və avtomobili geri tələb etmişdir. Cavabdeh iddiaçıya qarşı Salyan Rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin edilmişdir. Cavabdeh avtomobilə görə pulları aldığına baxmayaraq avtomobili geri götürmüşdür. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları “Hyundai Elantra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. O, 20 avqust 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı xx.xx.2028-ci il tarixədək həmin avtomobili idarə etmək və sairə səlahiyyəti vermişdir. xx.xx.2021-ci il tarixində avtomobil İddiaçı tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən – avtomobilin sahibi Cavabdeh “Hyundai Elantra markalı” **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi ödənilmiş, həmin məbləğ sonuncunun razılığı ilə İddiaçı tərəfindən alınmışdır, avtomobil həmçinin etibarnamə əsasında X1 verilmiş və bu məqsədlə də İddiaçı ondan 9500 (500 manat beh, 9000 manat satış) manat pul almışdır, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin arxa hissəsinə zərər dəymiş və avtomobil belə vəziyyətdə X1 verilmişdir. Cavabdeh nümayəndəsi İddiaçı cəmi 9650 manat məbləğində pul aldığını etiraf edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tərəflərin dəlillərini və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh avtomobilin idarə edilməsi səlahiyyətinə dair 2028-ci il tarixədək iddiaçıya etibarnamənin vermiş, avtomobilin qəzası nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə ödənilmiş sığorta haqqının iddiaçıya ödənilmiş, daha sonra avtomobil məhz iddiaçı tərəfindən üçüncü şəxsə satılaraq, pullar onun tərəfindən alınmışdır. Bütün bunla ona dəlalət edir ki, tərəflər arasında razılaşma avtomobilin kirayəyə verilməsi ilə bağlı deyil, məhz nisyə qaydada satılması ilə bağlı olmuşdur. Cavabdeh isə avtomobili satmaq adı iddiaçıdan 9650 manat məbləğində pulu aldıqdan sonra, ona verilmiş etibarnaməni ləğv etmiş və nəticədə heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına varlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə ödəmiş pulların geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçı cavabdehə 16790 manat məbləğində pulun ödənildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada iddiaçı tərəfindən cavabdehə 9650 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, iddia qalan hissədə sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçıya ödənilmiş 9650 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğuna görə, iddia qismən təmin edildiyindən, cavabdehlərin isə dövlət rüsumunu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissədə cavabdehə aid edilməli, 80,5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9650 (doqquz min altı yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,5 (səksən manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar